Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

DİM: 'O dərsliklərə görə bizə 10 milyon manat ziyan dəyib'


DİM
DİM

Azərbaycanda pirat (orijinal olmayan) dərsliklərin, test toplularının hazırlanması, satışına görə məhkəmə araşdırmaları başlayıb. Bu işə görə cinayət məsuliyyətinə cəlb olunanlar iki qrupa ayrılıb. Onlardan 2-sinin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, qalan 5 nəfərinki isə Qaradağ Rayon Məhkəməsinə. Bu da Dövlət İmtahan Mərkəzini narazı salıb.

Rayon məhkəmələri böyük ictimai təhlükə törətməyən, az ağır (sanksiyasında 7 ildən yuxarı cəza nəzərdə tutulmayan) cinayət əməlləri ilə bağlı işləri araşdırır. Pirat dərsliklərə görə həbs olunan 7 nəfərə CM-in 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittihamlar irəli sürülmüşdü. Ancaq istintaqın sonuna yaxın 5 nəfərdən qaçaqmalçılıq ittihamı götürülüb.

Hər iki maddə ilə təqsirləndirilən Şirzad Abdullayev Faiq Məmmədovun işini isə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

510 min manatlıq vəsait

Məhkəmədə Dövlət İmtahan Mərkəzinin nümayəndəsi deyib ki, bu işlə bağlı istintaq onları qane etməyib. Ona görə də işin yenidən araşdırılması üçün istintaqa qaytarılması haqda vəsatət qaldırıb: «Bu adamlar 7 nəfər olublar. Digərlərindən qaçaqmalçılıq ittihamı götürülüb və bu qərar da əsaslandırılmayıb. Halbuki, bu əməl qrup şəklində törədilib. İstintaq orqanının bu qərarını qanunsuz hesab edirik və işin istintaqa qaytarılmasını xahiş edirik».

Nümayəndənin sözlərinə görə, pirat dərs vəsaitlərinin, test toplularının hazırlanıb satılması nəticəsində Dövlət İmtahan Mərkəzinə 10 milyon manatdan çox ziyan dəyib: «İstintaq orqanı dəymiş zərərin hesablanmasında da yanlışlığa yol verib».

Bu işin istintaqı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

Təqsirləndirilən F.Məmmədov və Ş.Abdullayevin vəkilləri isə onların məhkəmənin hökmü çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Ancaq hakimlər nə təqsirləndirilən şəxslərlə bağlı vəsatəti təmin edib, nə də zərərçəkmiş tərəfin işin istintaqa qaytarılması barədə istəyini yerinə yetirib.

Bu cinayət işi araşdırılması üçün məhkəmə baxışına verilib.

Bu işlə əlaqədar həbs olunanların bir neçəsi «Sədərək», «Binə» ticarət mərkəzlərində dəftər-kitab satışıyla məşğul olanlardır. İttihamda yazılıb ki, Bakıda müxtəlif ünvanlarda keçirilən əməliyyatlar nəticəsində 510 min manatlıq pirat dərs vəsaitləri və test topluları aşkarlanıb. Təqsirləndirilən şəxslər Dövlət İmtahan Mərkəzinin tabeliyində olan «Abituriyent» jurnalı redaksiyasının və başqa nəşriyyatların əmtəə nişanlarından qanunsuz istifadə edib, xaricdə pirat dərs vəsaitləri, test topluları nəşr etdirib, ölkəyə gətirib satmaqda suçlanır. İddia olunur ki, xaricdə çap olunan mallar Azərbaycana gömrük nəzarətində düzgün bəyan olunmamaqla gətirilib.

Mühakimə olunanlara verilən ittihamlardan CM-in 206.4 maddəsində 7 ildən 12 ilədək həbs, 197.2 maddəsində isə vurulmuş ziyanın 3 mislindən 5 mislinədək cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması, yaxud da 2 ilə qədər həbs nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG