Məcburi köçkünlərin evlərlə təmin edilməsi, turizm sektorunda qiymətlər, bayram günlərində bəzi ərzaq məhsullarında bahalaşma və başqa məsələlər medianın aparıcı mövzularındandır...
“Baha qiymətlər, azalan turistlər”
“Yeni Müsavat” qəzeti-ndə “Ərəb və iranlı turistləri bayramda “yox”a çıxarın səbəblər-qiymətlər” sərlövhəli yazı oxumaq olar. Müəllif turizm mövzusunu ekspertlərlə müzakirə edib.
Yazıda vurğulanır ki, Azərbaycanda turizmin ən önəmli problemlərindən biri qiymətlərin yüksək olmasıdır:
“Sanki turizm dedikdə yalnız imkanlı təbəqə və onların həyat şərtləri nəzərdə tutulur. Orta və kasıb təbəqəni əhatə edən turizm şərtləri yox dərəcəsindədir. Bunun nəticəsidir ki, son zamanlar paytaxt Bakıda turistlərin sayı artıq əvvəlki qədər çox nəzərə çarpmır”-deyə müəllif yazıb.
Müəllifin müşahidələrinə görə, Yeni il, Novruz bayramlarında əyləncə məkanlarında, kafe və restoranlarda Şərq ölkələrindən gələn turistlərə çox tez-tez rast gəlmək olardı, bu dəfə isə onlara daha az rast gəlinib.
Yazıda qeyd edilməsinə görə, ölkənin bəzi regionlarında beşulduzlu hotellərdə Yeni il gecəsi keçirmək, hətta Parisdə bu bayramı qeyd etməkdən daha baha başa gəlir.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə “Yeni Müsavat” qəzetinə deyib ki, onlar qiymətlərin formalaşmasında iştirak etmirlər. Onun vurğulamasına görə, bazar iqtisadiyyatında qiymətləri özəl şirkətlər müəyyən edir, dövlət qurumu olaraq buna inzibati qaydada müdaxilə edilmir.
İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, yüksək qiymətlər uzunmüddətli dövrdə ölkə turizminin inkişafına maneə yaradır:
“Qiymətlər bazarda formalaşır. Əgər baha qiymət təklif edən hotel və restoranlara tələbat olmasaydı, onlar məcbur qalıb endirim edəcəkdilər. Bu baş verməyibsə, deməli, tələbat var. Ümumilikdə isə bu sektorda fəaliyyət göstərən müəssisələrin faktiki qazanc götürmə cəhdləri hiss olunmaqdadır”.
Ekspertə görə, qiymətləri baha edən faktorlar bu sektorda rəqabətin zəif olmasıdır…
Bayramda yüksələn qiymətlər
“Unikal.org” saytı-nda “Millət vəkili: Kəndli “supermarket”ə gedər?”
sərlövəhli yazı yer alır. Müəllif bölgələrdə aqrar vəziyyətlə bağlı deputat Rüfət Quliyev-lə söhbətləşib.
Yazıda bildirilir ki, Yeni il bayramı günlərində bəzi malların qiyməti bahalaşıb. Müəllifin qeyd etməsinə görə, əvvəlki günlərdə 10 manat 50 qəpiyə satılan quzu əti 14 manata yüksəlib.
Deputat R. Quliyev deyib ki, dövlət rayondakı insanlara istənilən şəraiti yaradıb, amma, o kənd sakinlərinin kütləvi şəkildə Bakiya üz tutmasından gileylənib. R.Quliyev deputat seçildiyi Lənkəranda rayon mərkəzinə kimi yolun sağ-solundakı torpaqların istifadəsiz qaldığını, bəzi rayonlarda isə belə olmadığını bildirib:
“Mənim doğulduğum Lənkəran rayon Sütəmurdov kəndində insanlar hər zaman əti, südü, yumurtanı öz həyətlərindən götürürdülər. Heyvan saxlayır, əkin əkirdilər. Bunu gedib bazardan almırdılar. İndi kəndə gedəndə bunu çox az görmək olur. Kiminlə görüşürsən hamı fəxrlə deyir ki, “supermarket”ə gedirəm. Kimsə bu sözü mənə deyəndə, elə bilirəm kəndçilərim məni təhqir edirlər. Kəndli də “supermarket”ə gedər?”.
Deputatın deməsinə görə, seçicilərlə görüşdə onları dinləyir, torpaqlarının olub olmadığını soruşur. Onun qeyd etməsinə görə, bəzi insanlar əməklə məşğul olmaqdan əl çəkiblər, torpağı bir avtomobilə dəyişirlər:
“Soruşuram torpağınız var, deyir bəli var. Digəri deyir torpağım var, satıb “Mercedes” almışam. Nədi-nədi qonşusunun da “Mercedes”i var”.
R. Quliyev hesab edir ki, ölkədə ərzaq mallarının bahalaşması torpağa məhəbbətin azlığı ilə bağlıdır.
“ Məcburi köçkünlərə qayğı”
“Azərbaycan” qəzeti-ndə dərc edilən “Məcburi köçkünlərin sosial statusu dəyişir” sərlövhəli yazıda isə Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün düşən insanlara dövlət qayğısı dəyərləndirilib.
Müəllif yazıb ki, hələ 2003-cü ildə prezident seçkiləri zamanı İlham Əliyev məcburi köçkünlərlə görüşüb, onlara vəd verib. Yazıda qeyd edildiyinə görə, İlham Əliyev deyib ki, bütün çadır şəhərcikləri ləğv edəcək, köçkünlərdən ötrü hər cür şəraiti olan müasir qəsəbələr salınacaq və yaşayış binaları tikiləcək.
Müəllif vurğulayıb ki, 2004-cü ildə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Yazıda qeyd edilməsinə görə, bundan sonra qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli prosesi sürətlənib:
“Artıq 12 çadır düşərgəsi ləğv olunub, 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Hazırda evlərlə, mənzillərlə təmin edilən məcburi köçkünlərin sayı 300 minə çatır ki, bu da 53 min 500 ailə deməkdir. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün sərf edilən vəsaitin məbləği isə 7,1 milyard manatdır”
Yazının sonuna doğru da oxuyuruq:
“Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin daim diqqətində olacaq, hər bir ailə rahat mənzillə təmin olunanadək bu işlər davam edəcək. Elə bunun nəticəsidir ki, biz hər il bu kateqoriyadan olan soydaşlarımızın yeni mənzil və evlərlə təmin edilməsinin şahidi oluruq...”