Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

'Deyir, əllərim qandallı şalvarımı tuturdum ki, çıxarmasınlar...'


H.Ağayev
H.Ağayev

Müsəlman Birliyi Hərəkatının üzvü, aprelin 11-də polisə müqavimətdə suçlanaraq, inzibati qaydada həbs olunan Hikmət Ağayev işgəncələrə məruz qaldığını bildirib. Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Ailə üzvlərinin sözlərinə görə, işgəncə nəticəsində onun əl barmaqlarından biri sınıb, sağ qulağı eşitmir. İnanclı fəal yaxınlarına məktubunda necə həbs olunması, ona qarşı davranış haqda yazıb. O, ailəsinə yazdığı məktubun surətini prokurorluğa da ünvanlayıb, ona işgəncə verən polis əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

"Soruşublar ki, niyə yardım paylayır, onu kim maliyyələşdirir?"

"Prokurorluğa şikayətində də başına gətirilənləri ətraflı yazıb. O, meyvə-tərəvəz mağazasında işləyirdi. İmkan daxilində ehtiyaclı ailələrə də yardım edirdi. Aprelin 11-də həmin ailələrə vermək üçün bir neçə torba hazırlayıb. Həmin vaxt polislər mağazaya gəlib, əllərini qandallayıb, Xətai rayon Polis İdarəsinə aparıblar", - yaxınları belə deyir.

H.Ağayev məktubunda yazıb ki, Xətai Rayon Polis İdarəsində ondan telefonuna baxmaq üçün kodu istəyiblər. O isə kodu deməkdən imtina edib. Buna görə dörd nəfər polis əməkdaşı onu huşunu itirənə qədər döyüb: "Məktubu oxuyanda dəhşətə gəldik. Döyə-döyə deyiblər ki, əgər kodu verməsə, dubinka ilə zorlanacaq və videoya çəkiləcək. Yazır ki, "qandallı əllərimlə şalvarımı tutmuşdum ki, şalvarımı çıxarmasınlar". Elə onda da özündən gedib. Əl-üzünü yuyandan sonra ona dərman veriblər. Özünə gələndə bir də döyüblər. Yenə huşunu itirib. Bu dəfə ayıldıb rəisin otağına aparıblar. Orada da soruşublar ki, niyə yardım paylayır, onu kim maliyyələşdirir? Çünki bundan əvvəl də əlindən gəldiyi qədər adamlara yardım etməyə çalışırdı".

Yaxınlarının sözlərinə görə, idarədən H.Ağayevi 36 saylı polis bölməsinə aparıblar. Orada gecəni betonun üstündə saxlayıb, ertəsi gün yenə kodu istəyiblər: "Bu dəfə döyməklə yanaşı, ailə ilə də hədələyiblər. Məcbur olub kodu verib, telefonundakı Facebook yazışmalarına baxıblar".

Vəkil danışmaq istəmir

Aprelin 12-də Xətai Rayon Məhkəməsi H.Ağayev haqqında 25 sutkalıq inzibati həbs qərarı çıxarıb. O, hazırda Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanadadır.

Vəkili Cavad Cavadov AzadlıqRadiosuna təcridxanada onunla görüşdüyünü təsdiqləsə də, görüşün detalları haqda danışmaq istəməyib: "Həbs qərarından apellyasiya şikayəti verəcəyik. Digər məsələlərlə bağlı da lazım olan bütün hüquqi addımları atacağıq".

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev H.Ağayevin işgəncə iddiaları haqda AzadlıqRadiosunun sualına cavab olaraq deyib ki, bu barədə onda heç bir məlumat yoxdur.

Daxili İşlər Nazirliyi, adətən, işgəncə iddialarını təkzib edir, deyilənləri həmin şəxslərin məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir.

Xatırlatma

Müsəlman Birliyi Hərəkatının sədri T.Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onlar terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa ağır suçlamalarla uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Lakin hərəkat üzvləri bu ittihamları qəbul etmirlər, hakimiyyətin siyasətini açıq tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər. Onlar həmçinin, həbs olunarkən polis orqanlarında, özəlliklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldıqlarını iddia ediblər.

Daxili İşlər Nazirliyi isə onların işgəncə iddialarını rədd edib, bu barədə səslənən fikirlərin yalan olduğunu bildirib.

Azərbaycan rəsmiləri də, bir qayda olaraq, ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını vurğulayırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG