ABŞ-da Florida ştatının qubernatoru, respublikaçı Ron DeSantis mayın 24-də 2024-cü ilin prezident seçkisinə namizədliyini verdiyini bəyan edib.
Reuters yazır ki, beləliklə o, bir vaxtlar müttəfiqi olan keçmiş prezident Donald Trampın rəqibi olacaq.
DeSantis bu bəyanatı Twitter-də, bu platformanın başçısı İlon Maskla audio müsahibəsindən əvvəl yaydığı videoda verib.
Əslində Maskın müsahibəsi prezidentliyə namizədliyin startı olmalıydı, amma müsahibə vaxtı texniki nasazlıqlar baş verib və dinləyicilər qubernatoru eşidə bilməyiblər.
Twitter-də yayılan videoda DeSantis deyib:
"Bizə rəhbərlik üçün igidlik, qələbə üçün güc lazımdır. Mən Ron DeSantisəm və bizim böyük Amerika qayıdışımıza rəhbərlik üçün prezidentliyə namizədliyimi verirəm”.
Trampın ən böyük rəqibi
Reuters yazır ki, beləliklə 44 yaşlı DeSantis avtomatik olaraq Respublikaçı Partiyanın nominasiyasında Trampın ən böyük rəqibinə çevrilib.
Lakin rəy sorğuları Trampın bütün potensial rəqiblərindən irəlidə olduğunu göstərir.
Agentlik bildirir ki, indi tərəfdarlar və donorlar DeSantisin Trampla çarpışmasını diqqətlə izləyəcəklər. Florida qubernatoru indiyədək Trampın tənqidlərinə zəif reaksiya göstərib.
Twitter-də 140 milyon izləyicisi olan Mask deyib ki, mayın 24-dəki müsahibəyə qatılması onun DeSantisi namizəd kimi qəbul etməsi anlamına gəlmir.
Bəzi təhlilçilərin firkincə DeSantisin Trampa qarşı əsas arqumenti bundan ibarət olacaq ki, yalnız o demokrat prezident Co Baydeni məğlub edə bilər.
Bu da qeyd olunur ki, respublikaçılar DeSantisi diqqətlə izləyəcək və onun xarici siyasət sahəsindəki bəzi səhvlərini necə düzəldəcəyini gözləyəcəklər.
O bundan əvvəl Rusiya ilə müharibədə Ukraynaya həvəssiz dəstək ifadə edib.
Namizədliklərini elan etmiş digər respublikaçılar ABŞ-ın BMT-dəki keçmiş səfiri Niki Heyli və Cənubi Karolina ştatından senator Tim Skotdur.