Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Bitkilərdən dərman düzəltmək adıyla adamları belə aldadıblar


Hicran Allahverdiyeva 1 milyon 200 min manatlıq dələduzluqda suçlanır

Bakı Ağır Cinayətlər Məhkəməsinə bir dustaq qadın gətirilir. Beli bükük, sözün əsl mənasında, ikiqat olan bu qadın məhkəmə zalındakı dəmir qəfəsdə gah dizi üstə yerdə oturur, gah da əyilərək, başını dəmir barmaqlıqların arasından çıxarmağa çalışır...

Orta yaşlı bu qadın Hicran Allahverdiyevadır. O, 1 milyon 200 min manatlıq dələduzluqda ittiham edilir.

Cinayət işinin materiallarında yazılıb ki, Hicran Allahverdiyeva tanıdığı adamlardan şərikli şirkət yaratmaq adıyla pul alıb və onları aldadıb. Həmin şirkət bitkilərdən dərman hazırlamaqla məşğul olmalıymış.

Bu işdə zərərçəkənlərin sayı 6 nəfərdir. Onların arasında 6 min 500 manatdan, 374 min manatadək ziyan görənlər var.

Özünü ruhi xəstə kimi göstərir?

Təqsirləndirilən qadın özü susur, heç ağzını da açmır, olur ki, məhkəmədə qeyri-adi davranışlara yol verir.

Zərərçəkmişlərsə deyirlər ki, Hicran Allahverdiyeva özünü ruhi xəstə kimi göstərib, məsuliyyətdən qurtulmaq məqsədi güdür. Onların fikrincə, Allahverdiyeva aldığı pulları bir başqasına verib, amma həmin adamın adını çəkmək istəmir, bu cür üsullarla yayınmağa çalışır.

1 milyon 200 min manatlıq bu dələduzluq işi ilə bağlı məhkəmə xeyli vaxtdır davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində işi araşdıran hakimlər Hicran Allahverdiyevanın psixi durumunu müəyyənləşdirmək üçün ekspertiza təyin ediblər.

Tibbi ekspert rəy verib ki, bu qadın psixi xəstəlikdən əziyyət çəkir. Ona görə də hakimlər onun məcburi müalicədən ötrü psixiatriya xəstəxanasına yerləşdirilməsi barədə hökm çıxarıblar.

Ekspert rəyi əsasında əvvəlki hökm ləğv edilib

Pulunu itirən zərərçəkmişlər hökmdən narazı qalaraq, apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsində onların şikayəti araşdırılanda yenidən tibbi ekspertiza təyin olunub.

Bu dəfə ekspert təqsirləndirilən qadının anlaqlı olması qənaətinə gəlib. Bu rəy əsasında apellyasiya məhkəməsi əvvəlki hökmü ləğv edib. İndi Bakı Ağır Cinayətlər Məhkəməsi yenidən o işi araşdırır.

Hicran Allahverdiyevanın hüquqi varisi kimi onun həyat yoldaşı tanınıb. O, iyunun 21-də məhkəmədə bildirib ki, həyat yoldaşı 2014-cü ildən psixi xəstəlikdən əziyyət çəkir, müalicə alır.

Onun sözlərinə görə, Hicran gözəllik salonunda xadimə işləyib. Əri deyir ki, onun başqalarından pul almasından xəbəri olmayıb: “Məni polisə çağıranda getdim, orda öyrəndim”.

“Bütün işləri o həll edirdi”

Zərərçəkmişlərdən Sədayə Xəlilova da danışıb. Hicran Allahverdiyevaya 347 min manat verdiyini deyən zərərçəkmiş onun salonda xadimə işləməsi barədə deyilənlərlə razılaşmır: “Salonda bütün işləri o həll edirdi, oranı idarə edirdi. Pulu salonun sahibi Ağa Məmmədovun adıyla aldı. Dedi ki, mən Ağa Məmmədovla şərik olacağam. Hicransa vasitəçi idi. Təbii bitkilərdən dərmanlar hazırlayan şirkətlər açılmalıydı. Mən özüm salonda gəlin paltarları tikirəm. Amma verdiyim pulun hamısı mənim deyil. Bacım və bacım qızının pulları, qızılları da vardı”.

Tamah, yoxsa sadəlövhlük?

Zərərçəkmişlər arasında həkim də var - Afət Rəhimova. O deyir ki, 25 min manat verib. Şirkət açılıb, işə düşəndən sonra 25 min manatla yanaşı, metronun “Gənclik” stansiyasının yaxınlığında birotaqlı mənzil veriləcəyinə də onu arxayın ediblər.

Təqsirləndirilən şəxsin vəkili, prokuror və hakimlər zərərçəkmiş həkimə deyib ki, 25 min manat müqabilində həmin puldan əlavə, 65 min manatlıq ev də verilməsi məntiqli deyil, bu vədə o, necə inanıb?

Afət Rəhimova isə, sadəcə, inandığını deyir.

Məhkəmə davam edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG