Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

‘Deputatlar gəlirlərini açıqlasın’


Əflatun Amaşov
Əflatun Amaşov

“Milli Məclisin deputatları gəlir deklarasiyası təqdim etməlidirlər”.

“Turan” agentliyinin xəbərinə görə, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin noyabrın 15-də keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O, vurğulayıb ki, qanun layihəsini hazırlayarkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib:

“Beynəlxalq təcrübədə gəlir deklarasiyası əsas şərtlərdən biri kimi göstərilib... Bunun üçün qanunvericilik bazamız da mövcuddur”.

Amaşov qeyd edib ki, Almaniyada deputat cinayətdə ittiham edilirsə, iclas zalında həbs olunur. Onun sözlərinə görə, elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, onu çox ağır cəza gözləyir:

“Maraqların toqquşmasının qarşısının alınması çox vacibdir. Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməli, xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyət yarandıqda maraqlarından imtina etməlidir”.

Xatırlatma

Azərbaycan qanunvericiliyinə görə, vəzifəli şəxslər öz gəlirlərini açıqlamalıdırlar.

Gəlirlərin açıqlanmasına dair ilk müddəa 16 il öncə - iyulun 21-də qəbul edilmiş Dövlət Qulluğu Haqqında qanunda öz əksini tapıb.

Qanunun 18-ci maddəsinin 9-cu bəndi müəyyən edir ki, dövlət qulluqçuları qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidirlər.

Bu qanunda həmin tələblərin yerinə yetirilməməsinin töhmət və dövlət qulluğundan çıxarılmaqla nəticələnəcəyi də təsbit edilir.

Kompleks yanaşma və bununla bağlı yeni müddəalarsa ilk dəfə 2004-cü il yanvarın 13-də qəbul edilmiş Korrupsiyaya Qarşı Mübarizə haqqında qanunda yer alıb. Sözügedən qanunun 5-ci maddəsində vəzifəli şəxslərə münasibətdə maliyyə xarakterli tələblər müəyyənləşdirilib.

Həmin maddəyə görə, vəzifəli şəxslər hər il mənbəyini, növünü və məbləğini göstərməklə öz gəlirləri, vergitutma obyekti olan əmlakları və sair barədə bilgiləri açıqlamalıdır.

Ancaq ekspertlərin fikrincə, qeyd olunan mexanizmlər işləmir.

XS
SM
MD
LG