Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:36

Keçmiş deputat oğlunun qəlyan biznesinə görə 8 il həbs istənildi


Sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədova qarşı dələduzluqda suçlanan idmançı Rövşən Heybətova 8 il həbs cəzası istənilib. Aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

K-1 (kikboksinq) üzrə məşqçi olan Heybətovla Elnur Məmmədov uzun müddət dost olublar. Onlar qəlyan biznesi ilə məşğul olmaq qərarına gəliblər. Qəlyan da Türkiyədən gətiriləcəkmiş.

Sabiq deputat oğlu bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Heybətov onun Bakı şəhər Baş Polis İdarəsinə şikayəti əsasında həbs olunub. Təqsirləndirilən şəxs beş ay Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlandıqdan sonra barəsində həbs-qətimkan tədbiri dəyişdirilib, ev dustaqlığına buraxılıb.

Həm təqsirləndirilən, həm də zərərçəkmiş təsdiqləyir ki, Rövşən Heybətova pul verilməmişdən əvvəl Elton Məmmədovun özü ilə də söhbət olub. Ondan sonra oğlu Türkiyəyə Heybətova 210 min dollar göndərib.

Sabiq deputat oğlu iddia edir ki, Rövşən Türkiyədə avtoqəza görüntüsü yaradıb, pulların maşından oğurlandığını deyərək, onu aldadıb.

Rövşən Heybətov isə deyir ki, aldatmır, hadisə həqiqətən elə olub.

İstintaq dövründə Heybətov pulun böyük hissəsini qaytarıb. Məhkəmədə təqsirləndirilən şəxs bildirirdi ki, 40 min dollar borcu qalıb. Zərərçəkmiş Məmmədov isə bu məbləğin 65 min olduğunu bildirir və pulun hamısını tələb edir.

Keçmiş deputat E.Məmmədov həm də sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

XS
SM
MD
LG