Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:38

Deputat ABŞ-a: 'Öz dövlətini qorumaq hər bir kişinin borcudur'


Hesabat
Hesabat

Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) aprelin 28-də açıqladığı hesabatda Azərbaycanla bağlı bir neçə tövsiyə ilə çıxış edib. Birinci tövsiyə Azərbaycanın din haqqında qanunun beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlıdır. Eləcə də, dini baxışlarına görə hərbi xidmətdən imtinaya icazə verilməsi də tövsiyələr sırasındadır.

Bundan başqa deyilir ki, ABŞ Konqresi Azərbaycanda din azadlığının, Müsəlman Birliyi Hərəkatına münasibət daxil olmaqla daha geniş insan haqları pozuntularının araşdırılması üçün ictimai dinləmələr keçirməlidir; müvafiq narahatlıqları Azərbaycan səfirliyi və digər hökumət rəsmilərinə birbaşa bildirməlidir; vicdan məhbuslarının buraxılmasına çağırmalıdır.

Sənəddə ötən ilin sonunadək 45 dini fəalın həbsdə qaldığı vurğulanır. Onlardan çoxunun Müsəlman Birliyi Hərəkatının üzvləri olduğu bildirilir.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov AzadlıqRadiosuna deyib ki, o, hesabatla tanış deyil, buna görə də münasibətini açıqlaya bilməyəcək. Komitə sədrinin müavini hesabatla bağlı qurumun özünün ayrıca açıqlama yayacağını söyləyib.

C.Paşazadə: "Hərbiyə getmək, adam öldürmək... Vətənini qoruyur o"

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə hesab edir ki, Azərbaycanda din haqqında qanunun beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac yoxdur.

C.Paşazadə
C.Paşazadə

Deputat dini baxışlarına görə kiminsə hərbi xidmətdən azad edilməsini isə doğru saymır: "Belə bir şey ola bilməz. Hər bir vətəndaş dövlətə xidmət etməyə borcludur. Lazım olanda öz dövlətini qorumaq hər bir vətəndaşın, hər bir kişinin borcudur. Hərbiyə getmək, adam öldürmək... Vətənini qoruyur o".

Bundan başqa, ölkədə 45 dini fəalın həbsdə olması və dini icmaların fəaliyyətinin aşırı nəzarətdə saxlanması haqda deyilənlərlə də razılaşmır.

"O tutulanlar başqa məsələdir. Orda siyasi məsələlər var, dini məsələ yoxdur. Məhkəmədə deyilənləri mən də oxuyuram, siz də. Dini icmaların təsir altında saxlanılması haqda deyilənlər yoxdur", – C.Paşazadə bildirir.

Hesabatda deyilir ki, 2009-cu ildə qəbul olunmuş Din Azadlığı Qanunu dini icmaların hamısının dövlət qeydiyyatından keçməsini tələb edir; qeydiyyatsız dini fəaliyyəti kriminallaşdırır; dini fəaliyyəti yalnız icmanın hüquqi ünvanına məhdudlaşdırır; dini ədəbiyyatın hazırlanması, idxalı, ixracı, yayılması, satışı üçün hökumətin icazəsi tələb olunub.

Müsəlman Birliyi Hərəkatı: "Bu tövsiyələr masa üzərində qalır"

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin sədri, bir il öncə prezidentin imzaladığı əfv sərəncamıyla həbsdən çıxmış Elçin Qasımov qeydiyyatla bağlı problemlərin olduğunu, bu səbəbdən normal fəaliyyət göstərə bilmədiklərini vurğulayır. Amma o, 2015-ci ildə dini icma kimi yox, qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçmək üçün sənəd verdiklərini, qurum olaraq dini, məzhəbi yöndə fəaliyyət göstərmək istəmədiklərini də söyləyir.

E.Qasımov
E.Qasımov

"Biz ictimai məsələlərlə bağlı ortaya mövqe qoymaq, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərmək istəmişik", – E.Qasımov izah edir. O, həmin vaxt təşkilata çox sayda üzvlərin daxil olduğunu, bunun narahatlıq yaratdığını, bu üzdən də 2015-ci ilin noyabrındakı hadisələrin baş verdiyini iddia edir.

O ki qaldı, ABŞ-ın Din Azadlığı Komissiyasının hesabatında səsləndirilən başqa tənqidi fikirlərə və xüsusən də Müsəlman Birliyi Hərəkatı ilə bağlı qeydlərə, E.Qasımov bunu "sevindirici hal" adlandırsa da, bir məqama təəssüflənir: "Bu tövsiyələr əksər hallarda masa üstündə qalır. Bu yaxşıdır ki, "araşdırılsın, dini azadlıqlarla bağlı nəticə əldə edilsin" deyirlər. Amma böyük dövlətlər bəzən öz çıxarları üçün bu məsələlərdən təzyiq vasitəsi kimi istifadə edirlər. Çox yaxşı olardı ki, insanların həyatını önəmsəyib qərar versinlər, təzyiqlər göstərsinlər".

"Vəziyyət nisbətən düzəlib"

Ancaq E.Qasımov da hesabatda deyilən bir məqamla, 2019-cu ildə Azərbaycanda din azadlığı sahəsində müsbətə doğru inkişaf olması haqda deyilənlərlə razılaşır. Bildirilir ki, hökumət dini icmalara qarşı reydləri, əsasən, dayandırıb, fərdlərin din, yaxud inanclarının dinc şəkildə gerçəkləşməsi ilə əlaqədar saxlanması və cərimələnməsini azaldıb. Bundan başqa, ötən ilin martında Prezident İlham Əliyevin 51 siyasi və din məhbusunu azad etdiyi vurğulanır.

E.Qasımov son bir ildə özünün və təşkilata üzv başqa şəxslərin azadlığa çıxdığını, eyni zamanda, əvvəllə müqayisədə həbsxanada görüşlərə, telefon zənglərinə məhdudiyyət qoyulmadığını, vəziyyətin nisbətən düzəldiyini bildirir.

Xatırlatma

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsabəsində əməliyyat keçirmişdi. 6 nəfərin öldüyü (2-si polis) əməliyyat zamanı və sonrakı günlərdə bu məsələlərlə bağlı ümumilikdə 80 civarında şəxsin saxlandığı açıqlanmışdı. Aralarında Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırov da var idi. Onlar müxtəlif qruplara ayrılaraq mühakimə edilib. Onlara 1 il 6 aydan 20 ilə qədər həbs cəzası verilib.

Ağır cinayətlərdə ittiham edilən şəxslər məhkəmələrində qətl və digər məsələlərlə bağlı ittihamları qəbul etməyiblər. Saxlandıqdan sonra onlardan işgəncələr altında ifadələr alındığını bildiriblər.

Amma DİN-in əməkdaşları məhkəmədə işgəncə ilə bağlı iddiaları təkzib ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG