Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:38

Deniel Dey-Lüis haqda bilmədiklərimiz


Deniel Dey-Lüis
Deniel Dey-Lüis

2013-cü ildə Deniel Dey-Lüis Stiven Spilberqin "Lincoln" filmində oynadığı Avraam Linkoln roluna görə "Ən yaxşı aktyor" nominasiyasında üçüncü "Oskar"ını aldı. O zaman o bu uğuru qazanan ilk aktyor idi. Aktyor digər iki "Oskar"ını 2007-ci ildə "There Will Be Blood" və 1989-cu ildə "My Left Foot" filmlərindəki rollarına görə almışdı. O, bundan başqa daha üç nominasiyada "Oskar"a namizəd göstərilmişdi. Dey-Lüisin BAFTA, "Qızıl Qlobus" və digər mükafatlarını da nəzərə alsaq, əslində siyahı çox uzundur.

Öz nəslinin həyatda olan ən yaxşı aktyoru kimi tanınan Dey-Lüis üçüncü "Oskar" qələbəsindən sonra daha da məşhurlaşdı. "USA Today" qəzeti hətta onu "tarixin ən yaxşı aktyoru" adlandırdı. Həqiqətən də, o öz karyerası ərzində çox gözəl oyunlar nümayiş etdirib.

Tanınmış ailənin övladı

Oynadığı qəhrəmanlarda bu qədər başqa insanın həyatını məharətlə canlandırmış aktyorun öz həyatı istər-istəməz maraq doğurur.

Looper saytı yazır ki, Dey-Lüis tanınmış ailənin övladıdır. Atası Sesil Dey-Lüis öz zəmanəsinin ən məşhur şairlərindən biri idi. Ata Dey-Lüis 1968-ci ildə Britaniyanın Şair-Laureatı təyin edilib. Kraliçanın verdiyi bu titul Britaniyada şairlər arasında, bəlkə də, ən nüfuzlu addır. O, 12 şeir və üç esse toplusu nəşr etdirib, bir neçə klassik əsəri ingilis dilinə tərcümə edib. Hələ, üstəlik, Nikolas Bleyk ləqəbi ilə detektiv romanlar da yazıb. 1972-ci ildə atalarının ölümündən sonra Deniel və bacısı Tamasin onun arxivini – məktublar, eskizlər və s. – Oksford Universitetinə ianə ediblər.

İmtina etdiyi rollar

Dey-Lüisin hekayə danışma istedadı təkcə atasından keçməyib. Anası Cill Belkon da aktrisa olub. O, həm filmlərdə, həm radio və televiziyada, həm də səhnədə çalışıb. O, ilk rolunu Alberto Kavalkantinin "The Life and Adventures of Nicholas Nickleby" (1947) filmində oynayıb.

Dey-Lüis bir çox roldan imtina edib. "The Lord of the Rings" trilogiyasında Viqqo Mortensenin və "Philadelphia" filmində Tom Henksin oynadığı rollar bu qəbildəndir. Maraqlıdır ki, Henks "Philadelphia" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında "Oskar"a layiq görülüb. Həmin il Dey-Lüis də "Name of the Father" filmindəki roluna görə eyni nominasiyada namizəd idi. Ancaq qalib Tom Henks oldu.

Dey-Lüis bundan başqa "Interview with a Vampire", "Shakespeare in Love", "Sleepy Hollow" və çox sayda başqa filmlərdə rol təkliflərini rədd edib.

Metod aktyorluğu

Dey-Lüis metod aktyorluğuna üstünlük verən sənətçi kimi tanınır. Hadisələrin keçmiş dövrlərdə cərəyan etdiyi filmlərdəki rollarına hazırlaşarkən aktyorun həmin dövrdəki həyatı yaşamağa çalışdığı deyilir. Məsələn, "The Last of the Mohicans" filmində hadisələr 1757-ci ildə cərəyan edir. Filmdə Şimali Amerikanın yerli tayfaları ilə fransızlar arasında müharibə gedir. Dey-Lüis bu rola hazırlaşanda meşədə yaşayarkən həyatda qalmağın yollarını, o cümlədən heyvanları tələyə salmağı və dərilərini soymağı, od qalamağı, qaça-qaça tüfəng atmağı öyrənib.

"The Crucible" filmində çəkilərkən Dey-Lüis çimməkdən imtina edib və çəkiliş müddətində həmin dövrə aid, elektriki və suyu olmayan evdə yaşayıb. "Gangs of New York" filminin çəkilişləri zamanı həmin dövrdə mövcud olmayan iri palto geyməkdən imtina etdiyindən sətəlcəm olub.

14 kiloqram arıqlamaq, çex dilini öyrənmək

"In the Name of the Father" filmində çəkildiyi müddətdə isə o, həbsxana rasionuna uyğun qidalanıb və 14 kiloqrama yaxın çəki itirib. Bu müddətdə o, həm də həbsxana kamerasını xatırladan otaqda yaşayıb.

Dey-Lüis 1988-ci ildə Milan Kunderanın eyniadlı romanı əsasında çəkilmiş "The Unbearable Lightness of Being" filmində Tomas rolunu oynayıb. Filmdə hadisələr Çexoslovakiyada cərəyan edir. Aktyorun bu rol üçün çex dilini öyrəndiyi deyilir. Hərçənd filmdə bütün dialoqlar ingilis dilindədir. O bu rol üçün aksenti də yaxşı mənimsəyib.

"Oskar" mükafatı laureatı Deniel Dey-Lüis 2014-cü ildə, 57 yaşında kral ailəsi tərəfindən cəngavər tituluna layiq görülüb. Ona bu titulu Bukinqem sarayında keçirilən xüsusi mərasimdə şəxsən şahzadə Uilyam təqdim edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG