Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:54

Dələduzluqda ittiham olunan məhkəmədə bəraət aldı


İttiham olunan şəxs "Qaçqınkom" sədrinin qohumu olduğunu desə də, qurumdan AzadlıqRadiosuna onların yaxın qohumluq əlaqəsi olmadığı bildirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Rövşən Rzayevin adı dələduzluqla bağlı cinayət işində hallanır.

İttiham olunan şəxs komitə sədrinin qohumu olduğunu desə də, qurumdan AzadlıqRadiosuna onların yaxın qohumluq əlaqəsi olmadığı bildirilib.

55-yaşlı Şahmar Əliyev dələduzluqda ittiham olunaraq həbs edilib.

İddia olunur ki, Əliyev məcburi köçkünlər üçün tikilən binalarda mənzil vermək adıyla pul alıb. Deyib ki, bu işi qohumu – “Qaqınkom”un sədri Rövşən Rzayevin vasitəsilə həll edəcək.

“Şahmar dedi ki, kömək eləyə bilər”

Zərərçəkən Təranə Fərəcova deyir ki, evi 2020-ci ildə 44 günlük Qarabağ müharibəsində yaralanan qardaşı oğlu üçün istəyirdi. Onun sözlərinə görə, Əliyevi 30 ildir tanıyırdı, komitə sədrinin qohumu olmasını bildiyinə görə inanıb pul verib:

“Qardaşım oğlu qazidir, 30-31 yaşı var, onu evləndirmək üçün ev istəyirdik. Şahmar dedi ki, kömək eləyə bilər. Bir gün bizə gəldi, elə yanında Rövşən adlı şəxslə danışdı, dedi ki, “yaxın adamdır, mümkündürsə, bir az ucuz həll olunsun”. Amma Rövşənin ona nə cavab verdiyini eşitmədim”.

Fərəcova iddia edir ki, birinci dəfə 7 min manat olmaqla, bir neçə dəfəyə ona 20 min manat pul verib. Bir müddət keçsə də, evdən xəbər çıxmayıb. Günlərin birində Əliyev Şuşadan zəng edərək, onunla görüntülü danışıb. Deyib ki, Şuşada olduğuna görə işi həll edə bilməyib.

Üstündən xeyli keçəndən sonra ev məsələsinin alınmadığını anlayıb və pulu geri istəyib. Ancaq Əliyev “Rövşən müəllimin məsələni həll edəcəyinə” söz verib.

“O pulu da öz şəxsi ehtiyaclarıma xərcləmişəm”

Zərərçəkmişin dediyinə görə, günlərin birində təqsirləndirilən şəxs ona deyib ki, ev məsələsi alınmır, pulu geri qaytaracaq. Amma pul qaytarılmayıb.

Əliyev də Fərəcovadan pul aldığını təsdiqləyir. Lakin o, məbləğin 20 min yox, 7 min olduğunu deyir:

“Məni özü evinə çağırdı, məcburi köçkünlər üçün tikilən binada qohumuna ev almaq üçün köməklik istədi. Mən pulu götürəndə sərxoş olmuşam. O pulu da öz şəxsi ehtiyaclarıma xərcləmişəm. Məni polislə hədələyirdilər, deyirdim ki, artıq qaytaracağam, eləməyin. Şikayət elədilər, özü də 20 min göstərdilər. Halbuki, mənə 7 min veriblər”.

O, əlavə edib ki, 7 min manatı qaytarmağa hazırdır, amma qarşı tərəf 20 min tələb edir.

İfadələr etibarsız sayılıb və... bəraət hökmü çıxarılıb

Bu cinayət işi Yasamal Rayon Məhkəməsində araşdırılıb və hakim zərərçəkmiş tərəfin yalan danışdığı – cəmi 7 min manat verdiyi qənaətinə gəlib. Ona görə də Fərəcova və şahid kimi dindirilən bacısının ifadələrini etibarsız sayıb.

“Bu cür ifadələr mötəbər və dayanıqlı sübut kimi qəbuledilməzdir. Ümumi ittihamın sübuta yetirilib-yetirilməməsində bu cür şəxslərin ifadəsinə etibar edilə bilməz. Etibarlı olmayan ifadələrlə şübhələrə aydınlıq gətirilməsi mümkün deyil”, - məhkəmə hökmündə yazılıb.

Baxmayaraq ki, şəxs 7 min manat aldığını etiraf edir, hakim onun haqqında bəraət hökmü çıxarıb və Əliyev məhkəmə zalından azadlığa buraxılıb.

Fərəcova hökmün qanunsuz və əsassız olduğunu iddia edir. O, apellyasiya məhkəməsinə şikayət verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılır.

Komitə nə deyir

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentindən AzadlıqRadiosuna bildirilib ki, dələduzluqda ittiham edilən şəxslə komitə sədrinin yaxın qohumluq əlaqəsi yoxdur. Komitəyə də sözügedən dələduzluq faktı haqda heç bir məlumat daxil olmayıb:

“Xəbərdən göründüyü kimi, fakt hüquq-mühafizə orqanlarında araşdırılıb. Dövlət Komitəsinin mövqeyi belədir ki, kimliyindən asılı olmayaraq, cinayət törətmiş hər bir şəxs mövcud qanunvericilik əsasında cəzalandırılmalıdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG