Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:39

Dan Brown uşaqlar üçün "Vəhşi simfoniya" yazır


Dan Brown
Dan Brown

"Da Vinçi kodu" kitabı ilə məşhurlaşan tanınmış yazıçı Dan Brown uşaqlar üçün kitab yazıb. Kitabın birinci cildi sentyabrda çapdan çıxacaq. Yazıçı "Vəhşi simfoniya" (Wild Symphony) adlanan bu şəkilli kitabı yazarkən "Piter və canavar" (Peter and the Wolf) və "Heyvanların karnavalı" (The Carnival of the Animals) kimi uşaq kitablarından ilhamlanıb.

Müəllifin ilk uşaq kitabı olan "Vəhşi simfoniya"nın baş qəhrəmanı şən Maestro Siçandır (Maestro Mouse). O öz musiqili dostlarını – leopard, kenquru, fil və mavi balinaları bir-bir ziyarət edir.

"Gözlər, qulaqlar və düşüncə üçün dərin bir ziyafət"

3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş kitabın illüstrasiyalarını macarıstanlı rəssam Susan Batori çəkib. Kitabın səhifələrində mərhəmət, səbir, hörmət, anlayış və icma dəyərlərini təlqin edən, "həyatda irəli getməyə kömək edən" hikmətlər paylaşılır. Kitabı Britaniyada çap edəcək "Puffin" nəşriyyatı açıqlamasında belə deyib.

Batori arxa planda hər şeylə maraqlanan oxucular üçün tapmacalar və başsındırmalar da gizlədib. Qarışıq yazılmış hərflərdə tapmacaların açarları gizlənir.

"Vəhşi simfoniya"nı Dan Brown-un özünün yazdığı, Xorvatiyanın Zaqreb Festival Orkestrinin ifa etdiyi klassik musiqi albomu müşayiət edəcək.

Britaniyanın "The Guardian" qəzeti yazır ki, dünyanın müxtəlif ölkələrində "Vəhşi simfoniya" konsertlərinin keçirilməsi nəzərdə tutulub.

Oxucular müəllifin bəstələdiyi musiqi kompozisiyalarına smartfona yüklənmiş pulsuz interaktiv mobil app vasitəsilə qulaq asa biləcəklər. Kitabın hər səhifəsi üçün ayrıca musiqi çalınacaq. App bunun üçün virtual reallıqdan istifadə edir. Smartfonun kamerasını kitabın səhifəsinə tuşlamaq kifayətdir.

"Mən hekayə danışmağı sevirəm və öz romanlarımda daim müxtəlif mövzuları bir-birinə toxumağa cəhd edirəm. "Vəhşi simfoniya"da da bu ideyanı davam etdirmək, üç müxtəlif dildən – rəsm, musiqi və sözlərdən istifadə edərək, sözün əsl mənasında, çoxqatlı bir təcrübə yaratmaq istədim. Opera öz auditoriyasını gözəl səhnələr, dramatik musiqi və lirik drama ilə ovsunladığı kimi, "Vəhşi simfoniya" da eyni zamanda gözlər, qulaqlar və düşüncə üçün dərin bir ziyafət olacaq", – Dan Brown mətbuata deyib.

İlkin karyerası musiqi olub

Brown "İtirilmiş rəmz" (The Lost Symbol) və "Mələklər və şeytanlar" (Angels&Demons) kimi bestseller kitabları ilə tanınsa da, universiteti bitirəndən sonra karyerasını musiqi sahəsində qurub.

O, 1990-cı illərin əvvəllərində vokal ifaçısı, bəstəkar və pianoçu olmaq üçün Los-Ancelesə köçüb və sonradan burada Milli Bəstəkarlar Akademiyasına qoşulub.

Brown ilk bestselleri olan "Da Vinçu kodu" kitabını çap etdirməzdən öncə bəstələrindən ibarət bir neçə musiqi albomu da buraxıbmış. O, hətta 1989-cu ildə uşaqlar üçün yazdığı, musiqilərdən ibarət albom da buraxdırıb. Müəllif "Musica Animalia" adlanan bu albomu heç bir böyük studiyanın köməyi olmadan, öz vəsaiti hesabına yazdırıb. Albomun 500-ə qədər nüsxəsi satılıb.

Deyəsən, o da kitablarının qəhrəmanı, qeyri-adi hafizəyə, gözəl üzgüçülük məharətinə malik olan, müəmmaları çözə bilən Robert Langdon kimi çoxlu bacarıqlara sahibdir.

Ancaq bildiyimiz kimi, onun yazıçılıq karyerası daha uğurlu alınıb. Təkcə "Da Vinçi kodu" və "İtirilmiş rəmz" kitablarının birlikdə 220 milyon çap nüsxəsi satılıb.

"Vəhşi simfoniya" albomu Dan Brown-un 30 ildən sonra buraxdığı ilk musiqi albomu olacaq.

Sentyabrın 1-də işıq üzü görəcək "Vəhşi simfoniya"nın içərisində yuxarıda sözügedən musiqi app-ini yükləmək üçün sayt, yaxud da QR kodu olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG