Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:03

Dam örtüklərinə xərclənən milyonlar


Dam örtüyünün təmiri
Dam örtüyünün təmiri

Sentyabrın 18-də prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.

Bu, 2019-cu ildə binaların dam örtükləri təmiri ilə bağlı ilk sərəncam deyil. Fevralın 4-də 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 21 milyon 685 min 830 manat Gəncə, Sumqayıt, Şəki, Şirvan, Qazax şəhər və rayonlarının icra hakimiyyətlərinə ayrılıb.

Martın 12-də isə prezident İ.Əliyev çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında növbəti sərəncam imzalayıb. Bu məqsədlə də 2 milyon 206 min manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Bu tipli sərəncamlar keçən il də verilib. 2018-ciilin oktyabrında İ.Əliyevin sərəncamı ilə Azərbaycanda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 21 milyon 194 min 760 manat pul ayrılmışdı. Bu vəsaitlə ölkənin 27 şəhər və rayonunda 436 çoxmənzilli binanın dam örtüyü təmir olunacaqdı.

2012-ci ildən bəri…

Çoxmərtəbəli binaların dam örtüklərin təmiri məsələsi son dönəmlər, əsasən, Azərbaycanda 2012-ci ildə gündəmə gəlib. Məhz o vaxt köhnə binaların əksəriyyətinin asbest şiferlərdən düzəldilmiş dam örtüklərinin insan orqanizmi üçün zərərli olduğu bildirildi. Nazirlər Kabinetinin isə asbest örtüklü çoxmənzilli və fərdi yaşayış evlərinin siyahıya alınması ilə bağlı yerli icra hakimiyyətlərinə məktub göndərdiyi bildirilirdi.

Verilən məlumatlara görə, bir çox rayonlarda bu məktub əsasında siyahıyaalma keçirilib və qərara alınıb ki, dam örtüklər təmir ediləndə müasir standartlara cavab verən materiallardan istifadə olunsun.

Rəsmi və cavabdeh qurumlardan dam örtüklərinin 1 kvadratmetrinin təmirinə smeta üzrə nə qədər vəsait xərclənməsi barədə sualımıza cavab ala bilmədik.


Amma AzadlıqRadiosunun müxbiri ilə söhbətində Bakıda, Nəsimi rayonunda binaların əsaslı təmiri ilə məşğul olan mühəndislərdən adının çəkilməsini istəməyən biri bildirib ki, bu məqsədlə 1 kv.m-ə görə 30 manat vəsait ayrılıb. Onda belə çıxır ki, son 2 ildə damların təmiri üçün ayrılmış 55 milyon 86 min 590 manatla 1 milyon 836 min 220 kv.m dam örtüyü təmir edilməlidir.

Dam Örtükləri Zavodu

Bakıda 1994-cü ildən Dam Örtükləri Zavodu fəaliyyətə başlayıb. Şirkət rəngli metal rulonlardan dam örtükləri, profnastil, metal saydinq və su sistemi elementləri istehsal edir. Zavoddan verilən məlumata görə, dam örtüklərin istehsalında Cənubi Koreya və Avropa ölkələrindən gətirilən xammaldan istifadə olunur.

Zavoddan o da vurğulanıb ki, materialdan və qalınlığından asılı olaraq dam örtüklərinin 1 kv.m-nin qiyməti 6.50 manatdan 8 manata qədər dəyişir.

«Korrupsiya amilləri var, lakin…»

İqtisadçı Natiq Cəfərli hesab edir ki, evlərin dam örtüklərin təmirinə vəsaitlərin tez-tez ayrılması işin keyfiyyətsiz yerinə yetirilməsi və korrupsiya amilləri ilə bağlıdır. «Bakının bəzi rayonlarında və respublikanın regionlarında yolların, evlərin dam örtüklərinin təmiri ilə bağlı iş görülsə də, keyfiyyət azdır. Bu da ona gətirib çıxardır ki, bir müddətdən sonra eyni problem yaranır və yenidən vəsait ayrılır. Korrupsiya amilləri var, lakin məbləğlər o qədər böyük olmadığından, korrupsiyanın həcmi da böyük deyil».

İqtisadçının vurğulamasına görə, Azərbaycanda təmir-tikinti layihələrinə 2016-cı ildən daha böyük önəm verilir: «2015-2016-cı ildə neft qiymətlərin aşağı düşməsindən və büdcənin kiçilməsindən sonra iri layihələrin çoxusu dayanıb. Hökumət kiçik layihələrə - yol və dam örtüklərin təmirinə, kiçik tikintilərə başladı».

N.Cəfərli əlavə edib ki, kiçik layihələrin sayının çoxalması ilə hökumət müvəqqəti iş yerlərinin çoxalmasını və sosial gərginliyin azaldılması məqsədini güdür.

Bu məsələyə görə cinayət işləri

Dam örtüklərinin təmirinə ayrılmış vəsaitlərin mənimsəməsi ilə bağlı cinayət işləri də mövcuddur. Hətta keçən ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində bir işadamına bu məsələ ilə bağlı 4 il həbs cəzası da verilib.

Rəsmi qurumlar isə, bir qayda olaraq, bildirirlər ki, ölkədə korrupsiya ilə mübarizədə hakim iradə mövcuddur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG