Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:55

Daha bir türkiyəli məhkəmədən buraxıldı və... mülkigeyimlilər tərəfindən aparıldı


Foto arxiv
Foto arxiv

CNNTürk-ün bu gün – iyulun 12-də bildirməsinə görə, Türkiyə MİT-i yüksəkrütbəli «FETÖ»çu İsa Özdemiri Bakıda yaxalayıb Türkiyəyə gətirib. Onun «FETÖ-nün Azərbaycan kassiri» olduğu iddia edilib.

İ.Özdemirin 1997-ci ildə Bakı Dövlət Universitetini bitirdiyi, Bakıda «Avro-2000» inşaat firmasının sahibi olduğu bildirilir.

+++

Türkiyədə «FETÖ» (Türkiyə ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarlarını «terror şəbəkəsi» sayır - red.) üzvü kimi təqdim olunub axtarışa verilən İsa Özdemir də Azərbaycanda özündən əvvəl bir neçə həmvətəninin başına gələnlərlə üzləşib. Onu da məhkəmə qərarıyla həbsdən buraxıb, bir neçə dəqiqə sonra naməlum mülkigeyimlilər zorla tutub aparıblar.

Olay iyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb. Bu məhkəmədə Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası iki aydır ki, İ.Özdemirin Türkiyəyə təhvil verilib-verilməməsi məsələsinə baxırdı. Beynəlxalq axtarışa verilən Özdemir Azərbaycanda saxlandıqdan sonra Türkiyənin hüquq-mühafizə orqanları onun ekstradisiyasından ötrü müraciət ediblər. Ardından Azərbaycanın Ədliyyə Nazirliyi məhkəməyə təqdimat göndərərək, Özdemirin Türkiyəyə təhvil verilməsinə dair qərar çıxarılmasını istəyib.

İyulun 12-də məhkəmənin qərarı elan olunub. Qərara əsasən, Ədliyyə Nazirliyinin təqdimatı təmin olunmayıb – İ.Özdemir məhkəmə zalından azadlığa buraxılıb. Elə məhkəmənin binasından çıxan kimi bir neçə nəfər mülkigeyimli şəxs tərəfindən saxlanılıb və zorla maşına mindirilərək naməlum istiqamətdə aparılıb.

İ.Özdemir 25 ildir Azərbaycanda yaşayır, burada çalışırdı. Vəkili məhkəmənin gedişində hakimlərə onun BMT-dən sığınacaq alması barədə sənədlər də təqdim etmişdi.

Aprelin 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində bənzər olay baş vermişdi. «FETÖ» üzvü kimi axtarışa verilib, Azərbaycanda həbs olunan Mustafa Ceyhanın Türkiyəyə təhvil verilməsi barədə təqdimata da məhkəmə «yox» demişdi. Lakin M.Ceyhan həbsdən azad ediləndən dərhal sonra elə məhkəmənin binası qarşısında mülkigeyimlilər tərəfindən saxlanılıb aparılmışdı. Ondan öncə Bakının Nərimanov və Binəqədi rayon məhkəmələrində də eyni ittihamla ekstradisiyası istənilən iki nəfər Türkiyə vətəndaşına qarşı da belə davranılmışdı.

Sonradan həmin şəxslərin Türkiyəyə aparıldığı və orada həbsdə saxlandığı məlum olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG