Dekabrın 19-da Bakı daha 10 erməni hərbçisini Yerevana qaytarıb. Bu barədə Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Xəbərdə bunun Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə həyata keçirildiyi vurğulanır.
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan Respublikası 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil vermişdir".
DTX-nin yaydığı məlumatda qeyd olunur ki, Yeravan qaytarılan 10 erməni hərbçi 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanan hərbçilərdir.
DTX bundan əvvəl dekabrın 4-də qarşı tərəfə 10 nəfər erməni əsilli hərbi qulluqçusunun qaytarıldığını bildirir və əlavə edir ki, sonradan Ermənistanda həmin hərbçilərdən dördü həbs edilərək barələrində cinayət işi açılıb.
10 erməni hərbçisinin geri qaytarılması ilə bağlı Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün tvitter səhifəsində xəbər və foto paylaşıb.
O, erməni hərbçilərin azad edilməsini alqışlayıb və bunu “vacib jest” adlandırıb. Klaar qeyd edib ki, Avropa İttifaqı Şurası prezidentinin iki ölkənin liderləri ilə “görüşlərinin uğurunu artırmaq” üçün hər iki tərəflə işləməyə davam edəcək.
İndiyə qədər Azərbaycanda saxlanılan erməni hərbçilərin geri qaytarılması əvəzinə Yerevan da Bakıya işğaldan azad olunmuş ərazilərin mina xəritələrini verirdi.
Amma bu dəfə 10 hərbçinin geri qaytarılması əvəzində Ermənistanın Azərbaycana nə verdiyi barədə hər hansı məlumat yoxdur.
Avropa İttifaqqı Şurasının rəhbəri Şarl Mişel də özünün tvitter səhifəsində bu addımı səmimiyyətlə alqışladıqlarını yazıb.