Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:31

Daha 3 jurnalistin ‘stop’u götürülüb


Bu gün, mayın 7-də Baş Prokurorluq daha üç jurnalistin - Aytən Fərhadova, Aytac Əhmədova və Tural Əsədlinin xaricə çıxışına məhdudiyyəti götürüb.

Bu barədə jurnalistlərə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov bildirib və müvafiq bildirişi onlara təqdim edib. Hər 3 jurnalist Meydan TV ilə əməkdaşlıq edib.

Jurnalistlərin bildirməsinə görə, həmin idarədən vurğulayıblar ki, Meydan TV ilə əməkdaşlıq edən bütün jurnalistlərin üzərindən məhdudiyyət mayın 11-dək götürüləcək.

Bundan öncə jurnalistlər İzolda Ağayeva, Səlimə Cəlilova, Natiq Cavadlı və yazıçı Rasim Qaracanın üzərindən qadağa götürülüb.

Onlardan əvvəl isə jurnalist Aynur Qənbərovanın (Elgünəş) səfərinə məhdudiyyət aradan qaldırılmışdı.

Ölkədən çıxışına yasaq qoyulan bir qrup jurnalist mayın 3-də Ümumdünya Media Azadlığı Günü münasibətilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin binası önündə etiraz aksiyası da keçirmişdilər.

“Dörd ildir ki, MeydanTV ilə bağlı qaldırılan cinayət işinə görə bizim ölkədən çıxışımıza yasaq qoyulub. Rəsmi olaraq bizə izahat vermirlər, amma qeyri-rəsmi bu qadağaya səbəb həmin cinayət işlərində jurnalistlərin şahid kimi keçmələrini göstərirlər” - aksiya iştirakçıları qeyd etmişdilər.

Jurnalistlər “Stop-a stop” şüarı səsləndirmişdilər, üzərində “Xəyallar Paris, reallıq Sınıq körpü” və başqa sözlərin yazıldığı plakatlar qaldırmışdılar.

Xatırlatma

2013-cü ildən fəaliyyət göstərən Meydan TV onlayn televiziyadır. Televiziyanın Bakı bürosu 2014-cü il dekabrın 9-da fəaliyyətini dayandırıb.

Daha sonra MeydanTV ilə əməkdaşlıq edən bir çox jurnalist, yazar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindiriliblər.

“MeydanTV internet kanalının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2. (Qanunsuz sahibkarlıq - külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2. (Vergi ödəməkdən yayınma ) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı davam edir” .Bu barədə vəkil Elçin Sadıqov bir müddət öncə bildirmişdi.

Amma ölkədən çıxışına məhdudiyyət qoyulan jurnalistlər tək Meydan TV ilə əməkdaşlıq edənlər deyil. Ayrı-ayrı media orqanları ilə bağlı qaldırılan cinayət işlərinə görə, də bəzi jurnalistlərin ölkədən çıxışına icazə verilmir. Hələlik, onlarla bağlı yenliklər yoxdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG