Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:01

Dağətəyi kəndlərin odun problemi vardı, qar yağdı, işıq da söndü


Güclü qar yağandan sonra.
Güclü qar yağandan sonra.

“Dünəndən işıq xətləri qırılıb, kənd qaranlıqda qalıb. Yolları qar bağlayıb, gediş-gəliş iflic olub”.

Qubanın Dəhnə kəndinin sakinləri AzadlıqRadiosu-na kəndin indiki durumundan danışırlar. Onlar fevralın 13-də yağan güclü qarın elektrik xətlərini qırdığını və artıq heç bir evdə işıq yanmadığını deyirlər. Evlərini odun və elektriklə isidən sakinlər indi odunsuz və işıqsız qalıblar. Kənd sakini Zərnigar Əsgərovanın dediyinə görə, fevralın 13-də və 14-də kənd məktəbində təhsil alan uşaqların çoxu dərsə gedə bilməyib:

Buna da bax:​ Saatlı sakini: 'Yanan nə varsa, hamısını sobaya atırıq'

“Odun ehtiyatımız da tükənsə...”

“Nə evlərimizdə, nə də məktəbdə istilik var. Sular donub. Qar ara verməsə, odun ehtiyatımız da tükənsə, lap çarəsiz qalacağıq”.

Rayonun Şuduq kəndində də eyni giley-güzar eşidilir. AzadlıqRadiosu-na zəng vuran sakinlər bildirirlər ki, az qala, dizi aşan qar onlara evlərindən boylanmağa da imkan vermir. Şəraitsizlik çətinliklərini daha da artırıb. Yolları qar qapatdığından, kəndə ərzaq gətirilmir.

Buna da bax:​ Neftçalada odun sobasının ümidinə qalanlar...

Fevralın 14-də günün 2-ci yarısında işıq verilib

Quba Rayon Elektrik Şəbəkəsindənsə bildirilir ki, hər iki kəndin elektrik xətlərindəki problemlər çözülüb. İdarədən deyilənə görə, problem təkcə bu iki kənddə olmayıb. Güclü qar və külək Püstəqasım, Töhmər, Güneyməhəllə, Xanagah və daha bir neçə kənddə naqillərin qırılmasına səbəb olub. Fevralın 14-də - günün ikinci yarısında kəndlərdəki evlərə işıq verilişi bərpa edilib.

“Ən çox yollarımız təhlükəlidir”

Qardan bezənlər təkcə qubalılar deyil. Lənkəranın və Lerikin bəzi kəndləri də eyni problemlərlə üzləşiblər. Sütəmordov kəndinin sakinləri AzadlıqRadiosu-nun “Qaynar xətt”inə zəng vuraraq güclü qarın fəsadlarından danışıblar. Onlar yerli icra hakimiyyətindən qartəmizləyən maşın tələb edirlər. Kənd sakini Cəsarət Rzayev: “Fevralın 13-də günboyu işıq olmayıb. Bu günsə gah kəsilir, gah yanır... İstiliyimiz yoxdur. Ən çox yollarımız təhlükəlidir. Maşınlar toqquşur, qəzalar olur”.

Buna da bax:​ Zabrat sakinləri: 'Siz deyin, burda insan yaşayarmı?'

“Pulunun dövlətdən tutulmasını tələb edəcəyəm”

Qarlı yollar son iki gündə həm Qubada, həm də Lerikdə avtomobil qəzalarına yol açıb.

“Quba yolunda maşınlar bir-birinə dəydi. Maşınıma zərər dəyib. Məhkəmədə iddia qaldırıb pulunun dövlətdən tutulmasını tələb edəcəyəm”, - “Qaynar xətt”ə zəng vuran sürücü Anar Cəfərli belə deyir. O, yollarda profilaktik tədbirlərin görülməməsindən şikayətlənib. Sürücü magistral yollara duz və torpaq səpilmədiyindən, Quba yolunda baş verən zəncirvari qəzadan qurtula bilmədiyini söyləyib. O, əzilib-yaralanmasa da, avtomobilinə zərər dəydiyini iddia edir.

XS
SM
MD
LG