Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:06

Neftçalada odun sobasının ümidinə qalanlar...


Arxiv fotosu
Arxiv fotosu

-

Neftçalanın Xol-Qaraqaşlı kəndində yaşayan sakinlər deyirlər ki, imkanları olsa, qışı fəsillər siyahısından silərlər. Çünki bu mövsümdə onlar yaşadıqları mənzilləri isitmək üçün özlərinin deməsinə görə, min bir əzab çəkirlər. Kənddə qaz sistemi hələ də quraşdırılmayıb. Əhali gözləyir ki, qonşu kəndlərdəki qazlaşdırma işləri nə vaxt Xol-Qaraqaşlıya da gəlib çatacaq...

Sakinlərdən Nizami Fərəcov deyir ki, qaz olmadığından kənd əhalisi meşələrə üz tutmaq məcburiyyətində qalır. Buna görə də meşələrdə seyrəlmə gedir. Hətta nadir ağaclar da kəsilir:

«Hər tərəfə qaz çəkiblər, bu kəndə yox. Bunu çəkən adam görəsən nə düşünür? Necə olur ki, ətraf kəndlərə qaz çəkirlər, bura yox? Bu meşəliyi görürsünüz? Çox gözəl meşəlikdir. Orda gözəl istirahət mərkəzləri etmək olardı. Ancaq baxın, nə günə qalıb?»

Kənd sakini odun almaq üçün min əziyyətə qatlaşmaqlarından danışır:

«Qonşu kəndlərdə taxta sexləri var. Orda Odunun bir maşını 100 manata başa gəlir. Bunun üçünsə adımızı siyahıya yazdırmalıyıq, növbəyə dayanmalıyıq. O odunu zülmlə alırıq. Bir kəndli qışı yola vermək üçün azı 2-3 maşın almalıdır».

Kəndin başqa sakini Əmralı Hüseynov isə deyir ki, büdcələri heç odun alıb ocaq qalamağa da imkan vermir. Aldıqları odunu isə qətrə-qətrə işlədirlər ki, tükənməsin:

«Əhali öz cibindən pul verib alır, evləri qızdırmaq üçün. O da baha olduğu üçün işlətmir. Biz də insanıq axı, istəyirik isti evdə yaşayaq».

Neftçala rayon İcra Hakimiyyəti isə xol-qaraqaşlılara bir qədər də dözməyi tövsiyə edir:

«Orda bir neçə kənddir, Yazın vaxtlarda qazlaşma işləri başlayacaq. Layihədə o kəndin də adı var. Qaz məsələsi elə bir məsələdir ki, qaz xətləri dəqiqliklə çəkilməlidir ki, gələcəkdə təhlükəsi olmasın. Əhali deyir gətir, borudur, çək getsin. Ancaq elə deyil. Bu işi başdansovdu görmək olmaz. Bizdə podratçı təşkilatlar işləyir, Allahın köməkliyi ilə orda da işlərə başlanacaq. İndi həmin kəndin qonşuluğundakı Çinar-talada işlər başlayıb. Bu işlər mərhələ-mərhələ davam edir».

XS
SM
MD
LG