Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Daşqın Ağalarlı Polşada zaminə buraxılıb


Daşqın Ağalarlı
Daşqın Ağalarlı

Polşada, Qdansk aeroportunda saxlandığını açıqlayan ictimai fəal Daşqın Ağalarlının bugün, yanvarın 8-də zaminə buraxıldığı bildirilir.

Daşqın Ağalarlının vəkili Tomasz Snarski AzadlıqRadiosuna deyib:

"Hər şey yaxşıdır. O, azadlıqdadır, amma ekstradisiya ilə bağlı proses uzun çəkəcək. Biz Polşa hökuməti ilə əməkdaşlığı davam etdirəcəyik, durumu aydınlaşdırmağa çalışacağıq. Onun təhlükəsiz şəkildə Norveçə dönməsinə çalışacağıq".

Bu məlumatı Daşqın Ağalarlının özü də təsdiqləyib.

Norveçdən sığınacaq almış Daşqın Ağalarlı - yanvarın 6-da Polşada - Qdansk aeroportunda saxlandığını bildirib. Özünün dediyinə görə, o Azərbaycanın müraciəti ilə Interpol xəttilə saxlanıb.

O, vurğulayıb ki, Bakı onu 4500 avro vergi borcu ödəməməkdə ittiham edir. Amma özü bu iddianı rədd edir, hakimiyyəti tənqid etdiyi üçün təzyiqə məruz qaldığını söyləyir.

Polşa və Azərbaycan rəsmilərindən bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Müxalifət fəal Daşqın Ağalarlı bundan öncə 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə Interpol xətti ilə saxlanmışdı.

Daşqın Ağalarlının bildirməsinə görə, Azərbaycanın hüquq-mühafizə orqanları 4500 avro vergi borcunun olmasını əsas göstərərək onu Interpol xəttilə axtarışa verib.

Daşqın Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanıb. Sonra o, azadlığa buraxılıb.

Daşqın Ağalarlı Azərbaycanda milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb.

O, 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub.

1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanıb, sonra sərbəst buraxılıb.

Britaniyada yerləşən Foreign Policy Center - Xarici Siyasət Mərkəzi adlı müstəqil beyin mərkəzinin 2016-cı ildə açıqlanmış hesabatında Daşqın Ağalarlı ilə də bağlı bəzi məlumatlara yer verilib. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarından dolayı təqib edildiyi bildirilib.

2017-ci ilin mayında 21-də Tbilisi Apellyasiya Məhkəməsi Daşqın Ağalarlının Gürcüstanda oturum hüququnu ləğv edib. Məhkəmənin qərarına əsasən, o, bir ay müddətində Gürcüstanı tərk edib.

Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları bir qayda olaraq vurğulayırlar ki, onlar heç kimi siyasi baxışlarına görə, təqib etmirlər.

XS
SM
MD
LG