Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:20

Müxalifətçi Daşqın Ağalarlı Norveçə gedib


2014-cü ildən Gürcüstanda yaşayan siyasi fəal Daşqın Ağalarlı bu ölkəni tərk edib.

Bu haqda AzadlıqRadiosuna onun özü bildirib.

“Gürcüstan artıq mühacir siyasi fəalların yaşaya biləcəyi yerlər sırasından çıxmışdı”, deyən Daşqın Ağalarlı deyib ki, onun pasportunun vaxtı bitmək üzrə idi.

”Pasportumun vaxtı bitməkdə idi. Gürcüstanın əlaqədar qurumları isə mənə pasport vermədi. Pasportsuz qalmaq təhlükəsi vardı. Buna görə də Gürcüstanı tərk etmək məcburiyyətində idim”.

Daşqın Ağalarlı martın 25-də Gürcüstanı tərk edərkən sərhəddə ciddi yoxlamaya, sorğu-suala məruz qaldığını iddia edib.

“Sərhəddə saxladılar. Sənədlərimi aldılar. Bir neçə saat polis nəzarətində saxlandım. Mənə bildirdilər ki, guya, Azərbaycan hökumətinin mənim təhvil verilməyimlə bağlı tələbi var. Uzun sürən yoxlama oldu, sonda sənədlərimi qaytardılar. Həm də buraxılmamda hüquq müdafiə təşkilatlarının narahatlıq ifadə etməsi müəyyən rol oynadı”.

Daşqın Ağalarlı Gürcüstandan Norveçə getdiyini söyləyib:

“Artıq Oslodoyam, bura yerləşmişəm. Sənədləşmə, status məsələləri hələ qarşıdakı günlərdə həllini tapacaq. Ümidvaram ki, bundan sonra daha təhlükəsiz həyatım olacaq”.

Daşqın Ağalarlının bu açıqlamasına, hələlik, Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Daşqın Ağalarlının 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlandığı bildirilirdi.

Yayılan məlumata görə, Azərbaycanın hüquq-mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını bildirərək onu İnterpol xətti ilə axtarışa vermişdi. İttihamı əsassız sayan Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanıb. O, Tbilisi şəhər məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Daşqın Ağalarlı deyib ki, ancaq Gürcüstan məhkəmələri ötən il onun ölkədən deportasiya edilməsinə qərar verib. Siyasi fəalın deməsinə görə, Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlı ötən ilin mayında Tbilisidə yoxa çıxdıqdan sonra onun deportasiyasi məsələsi gündəlikdən çıxıb.

Daşqın Ağalarlı iki övlad atasıdır. O, milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. O, 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanaraq, sərbəst buraxılıb. Sonrakı illərdə isə Müsavat partiyasının üzvü kimi fəaliyyət göstərib.

Britaniyadakı Foreign Policy Center – Xarici Siyasət Mərkəzi adlı müstəqil analitik mərkəzin 2016-cı ildə açıqlanmış hesabatında da Ağalarlıdan bəhs edilmişdi. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarına görə təqib edildiyi vurğulanırdı.

Azərbaycan rəsmiləri Daşqın Ağalarlı ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG