“Azərbaycan hökumətinin Dağıstanda sərhəddə qalmış vətəndaşlarının maraqlarını müdafiə etməməsi çox təəccüblüdür”.
Bunu AzadlıqRadiosuna müsahibəsində Dağıstan Parlamentinin deputatı Marat Aslanov deyib.
O bildirib ki, Azərbaycan məmurları öz vətəndaşları ilə heç gəlib görüşmürlər də.
“Sərhəddə qalmış Azərbaycan vətəndaşlarının səbri tükənib. Çünki onlara heç bir konkret söz deyilmir. Bura Azərbaycan tərəfdən hansısa məmurlar gəlir. Amma bu adamlarla heç kim görüşmür, inanın mənə. Azərbaycan nümayəndələri gəlib, Dərbənd rayon hakimiyyətinin kabinetində, ayrı-ayrı məmurlarla fotolar çəkdiriblər və çıxıb gediblər. Amma bir vətəndaş kimi onlara heç bir zəmanət verilməyib”.
İyunun 15-də Rusiya ilə sərhəddə üç aydan çoxdur ki, ölkəsinə keçməyi gözləyən Azərbaycan vətəndaşları ilə yerli polis arasında toqquşma olub.
Vətəndaşlar AzadlıqRadiosuna bildiriblər ki, hadisə vaxtı üç nəfər həlak olub, 90-a yaxın adam adam saxlanıb.
Vətəndaşların bəziləri iddia edirlər ki, saxlananlara işgəncə verilir. Amma həlak olanlar və işgənclərlə bağlı məlumatları başqa mənbələrdən dəqiqləşdrmək mümkün olmur.
Dağıstanlı deputat Marat Aslanov bildirir ki, qarşıdurma vaxtı ölüm hadisəsi haqda onda məlumat yoxdur, amma müraciət olarsa, həm bu barədə, həm də işgəncə iddialarını araşdırmağa hazırdır.
Azərbaycan Xarici İşlər Nazirliyi sərhəddə qalanları yalnız hissə-hissə gətirə biləcəyini, ölkədə karantin imkanlarının məhdud olduğunu bildirir.
Putin-Əliyev danışığı barədə geniş məlumat yoxdur
AzərTAC dövlət informasiya agentliyinin məlumatına görə, iyunun 18-də, Rusiya və Azərbaycan prezidentləri, Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı olub.
İki prezidentin sözügedən insidenti müzakirə edib-etmədiyi barədə məlumat verilmir. Xəbərə görə, İlham Əliyev bildirib ki, onun Rusiya Prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.
Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.
Durum eyni olaraq qalır
Dağıstanda qalmış Azərbaycan vətəndaşlarından biri AzadlıqRadiosuna deyib ki, iyunun 17-də sərhəd keçid məntəqəsində durum eyni qalır, bu gün əraziyə nəzarəti artırmaq üçün izləmə kameraları quraşdırılıb.
Dağıstan parlamentinin deputatı Marat Aslanov isə hesab edir ki, Azərbaycan tərəfi vətəndaşları ilə bağlı məsuliyyət üzərinə götürmək:
“Mənə elə gəlir ki, Azərbaycan tərəfi öz üzərinə məsuliyyət götürmək istəmir. Onlar bildirir ki, öz vətəndaşlarını qəbul edərsə, bu insanlara tibbi yardım göstərə bilməyəcək. Amma bu əməkçi miqrantlar bir neçə dəfə həkim müayinəsindən keçiblər. Bununla belə, Azərbaycan hökuməti onları buraxmır. Çox təəccüblü haldır ki, dövlət öz vətəndaşlarının maraqlarını müdafiə eləmir”.
Marat Aslanov deyir ki, Dağıstan tərəfinin edə biləcəyi heç nə yoxdur və gözləyir ki, Azərbaycan öz vətəndaşlarını nə vaxt qəbul edəcək.