Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Dələduzluqda suçlanan işadamı: 'Pulu almadığım halda qaytarıram'


Pul
Pul

İllər öncə MTN əməkdaşlarının Nabranda ona məxsus «Qafqaz» istirahət mərkəzində əməliyyat keçirib həbs etdiyi işadamı Tapdıq Namazov bir müddət sonra azadlığa çıxdı. O, daha sonra ölkəni tərk etmişdi. İndi yenidən həbs olunaraq məhkəmə qarşısına çıxarılıb. Bu dəfə o, rəhbərlik etdiyi tikinti şirkətinin Bakıda inşa etdiyi çoxmərtəbəli binada eyni mənzillərin müxtəlif adamlara satılmasına görə dələduzluqda suçlanır.

Cinayət işinin materiallarında yazılıb ki, T.Namazov ölkədən qaçıb, onu Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlayıb.

«Qayıtdım ki, bu işin nə olduğunu aydınlaşdırım»

Ancaq T.Namazov bununla razılaşmır, qaçmadığını, sadəcə, xaricdəki biznesi ilə əlaqədar 2013-cü ildə ölkədən getdiyini deyir. Bildirir ki, altı il sonra - 2019-cu ilin əvvəlində Bakıya könüllü şəkildə qayıdıb:

«Mən işlə əlaqədar xaricdə idim. Şəriklərim mənim başıma bu oyunu açdı. Bir nəfərin şikayətçi olduğunu dedilər. 50 minə yaxın puldan söhbət gedirdi. Oradan göndərdim, amma iş bağlanmadı. Mən də qayıtdım ki, bu işin nə olduğunu aydınlaşdırım. Məndən şikayətləndiyini deyənlər şəriklərimin qohumlarıdır».

Zərərçəkmişlər şikayətlənir ki, 2012-ci ildə pulunu ödədikləri mənzili hələ də ala bilməyiblər, çünki bina təhvil verilməyib, bəzi mənzillər də bir neçə nəfərə satılıb. Onlar ya pullarının o dövrün məzənnəsinə uyğun dollarla hesablanıb geri qaytarılmasını, ya da mənzillərinin təhvil verilməsini tələb edirlər: «O vaxt kvadratmetri 600 dollara satırdılar. Amma pulu bizdən manatla hesablayıb 460-470 manat aldılar. İndi həmin pulla ev almaq olar? Ya pulumuz indi ev alacağımız dəyərlə qaytarılsın, ya da mənzillər verilsin».

«Xaricdə olan dostlarım da söz verib…»

T.Namazov buna cavab deyib ki, pulu ödəməyə hazırdır, amma kvadratı 460 manatdan hesablamaqla: «Bu işdə mənim zərrə qədər də günahım yoxdur. Bu insanların çoxundan pul almamışam. Pul aldıqlarıma da ev verəcəkdim. Sonradan bu problemlər çıxdı. Mən azadlığa çıxmaq istəyirəm. Xaricdə olan dostlarım da söz verib, mənə kömək edəcəklər ki, bu işi həll edək. Pulu almadığım halda qaytarıram, amma camaat aldığı sənədləri, qəbzləri mənə versinlər».

Bəzi zərərçəkmişlər isə bununla razılaşmadıqlarını deyiblər.

Məhkəmə araşdırmaları davam edir.

İttihamda yazılıb ki, T.Namazov Bakıda «Omaks-3» Mənzil-Tikinti Kooperativinin rəhbərlərindən biri olub. Bu şirkət vasitəsilə 18 nəfərə 568 min manat ziyan dəydiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG