Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

'7 dəfəyə qədər fərq' müəmması


M.Cabbarov

«Pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir». «Report» xəbər verir ki, bunu sentyabrın 13-də Bakıda keçirilən «Kölgə iqtisadiyyatına qarşı mübarizə - İqtisadi inkişafın mühüm amili kimi» adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib. O, 2018-ci ilin nəticələrinə əsasən deyir ki, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub: «Bu fərq təxminən 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir».

İqtisadçılar nazirin «7 dəfəyə qədər fərq» dedikdə nəyi nəzərdə tutduğunu izah etməkdə çətinlik çəkirlər. REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, «7 dəfəyə qədər fərq» böyük rəqəmdir və bunun toplanan vergilərlə bağlı olacağını düşünmür. Amma bəzi ehtimallarını bölüşür: «Burda nazirin dediyi fərq xarici ticarət dövriyyəsindəki rəqəmlərdə yarana bilər, şirkətlər Vergilər Nazirliyinə hesabatlarında gətirdikləri və göndərdikləri malların həcmini qeyd edirlər. Ola bilsin, Statistika Komitəsi bu məlumatları həm də Gömrük Komitəsindən alıb. Gömrük orqanlarında bu qədər fərqin olması ciddi bir iddiadır. Təəssüf ki, nazir sonadək açıq danışmayıb. Bir də istehsalla bağlı 7 dəfəyə qədər fərq olmasından danışıla bilər. Statistika Komitəsi məlumatları ayrıca toplayır, məsələn, mədən sənayesində, tikintidə və başqa sahələrdə istehsalın həcmini müəyyənləşdirir, Vergilər Nazirliyi isə şirkətlərin hesabatında görür. İstehsal sahəsində 7 dəfə fərq haqda iddia da çox ciddidir. Bu da Azərbaycanda kölgə iqtisadiyyatının nə qədər böyük olduğunu göstərir».

Fazil Mustafa: "Azərbaycanı yalançı statistikadan çıxarmalıyıq"
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

İqtisadçı hesab edir ki, vergilər naziri dediklərinə aydınlıq gətirməlidir.

AzadlıqRadiosu nazirlikdən, hələlik, bununla bağlı açıqlama ala bilməyib.

Kölgə iqtisadiyyatı ilə necə mübarizə aparılır

M.Cabbarov bugünkü tədbirdə əmək bazarında şəffaflaşmanın artan dinamika ilə getdiyini bildirib: «Bu ilin ilk 8 ayında özəl sektorda 88 mindən çox yeni əmək müqaviləsi bağlanıb. Dövlət sektoru da nəzərə alınsa, bu rəqəm 112 minə çatıb. Onun 78%-i özəl sektorun payına düşür. Əmək müqavilələrinin rəsmiləşdirilməsi, əsasən, ticarət, xidmət, tikinti, sənaye sahələrində qeydiyyata alınıb».

Nazir vergi orqanlarında şəffaflığın təmin olunması ilə bağlı yeni tələblərin heç də hamını razı salmadığını da qeyd edib. Onun sözlərinə görə, gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil və illər boyu bəyan olunmayan gəlirlər hesabına qazanc əldə edənlər bu vərdişlərdən asanlıqla vidalaşmaq istəmirlər. Amma nazir bunu «müvəqqəti bir hal» kimi dəyərləndirib.

N.Cəfərli
N.Cəfərli

REAL-ın icra katibi kölgə iqtisadiyyatı ilə mübarizəni yetərincə səmərəli saymır. Hərçənd, o, vergilər nazirinin bunda maraqlı olduğunu, bəzi addımlar atdığını da etiraf edir. Amma bunun effektiv olmamasını hökumət daxilində bəzi maraq qruplarının kölgə iqtisadiyyatından ciddi gəlir götürməsi, yüksəkvəzifəli məmurların kölgə iqtisadiyyatına lobbiçilik etməsi ilə izah edir. «Böyük problemlərdən biri məmurlarla böyük biznesin çuğlaşmasıdır», - söyləyən iqtisadçı «məmurla biznesin yolları ayrılmalıdır ki, kölgə iqtisadiyyatının həcmi azalsın» deyə bildirir.

İqtisadçı kölgə iqtisadiyyatı ilə mübarizədə təkcə cəza mexanizmlərinin tətbiqini doğru saymır. O, dünya təcrübəsinin cəzaların sərtləşdirilməsi, cərimələrin artırılması ilə kölgə iqtisadiyyatına qarşı mübarizənin səmərəsiz olduğunu göstərdiyini qeyd edir. N.Cəfərli ilk növbədə stimullaşdırıcı addımların atılmasını vacib sayır. Məsələn, iş adamlarına əlavə dəyər vergisi ilə bağlı böyük güzəştlərin tətbiqindən və ya vətəndaşları nağdsız alış-verişə həvəsləndirməkdən danışır.

2.5 milyon nəfər harada işləyir

N.Cəfərli kölgə iqtisadiyyatının həcminin böyük olduğu qənaətindədir. O, fikrini əsaslandırmaq üçün nümunə gətirir. İqtisadçı kölgə iqtisadiyyatını müəyyənləşdirən indikatorlardan birinin işçi qüvvəsinin sayı və real işçilər arasında fərq olduğunu bildirir. N.Cəfərli ölkədə əməkqabiliyyətli əhalinin sayının 5.6 milyon nəfərə yaxın olduğunu, ancaq rəsmi məlumatlarda muzdla, əmək müqaviləsi ilə çalışanların sayının təqribən 1.6 milyon nəfər olduğunu deyir.

Sizcə, Azərbaycanda vergini ödəməyənlər kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

«Azərbaycanda 4 milyon işsiz ola bilməz, mümkün deyil. Hökumət həmin 4 milyonun təxminən 800 minini kənd təsərrüfatında çalışan kimi qeyd edir. Pay torpaqlarında çalışanlar fermer kimi, aqrar işçi kimi qeydiyyata alınır. 800 min insanı çıxsaq, yerdə 3.2 milyon nəfər qalır. Bunun da təxminən 500-600 mini fərdi sahibkar kimi çalışır. Onları da çıxsaq, yerdə yenə 2.5 milyon insan qalır ki, onların harada işləməsi haqda heç bir məlumat yoxdur. Bu qədər insanın işsiz olması mümkün deyil. Bunu biz dərhal ölkənin iqtisadiyyatında və sosial həyatında hiss edərdik. Deməli, Azərbaycanda böyük həcmdə gizli iş yerləri var. Gizli iş yerlərinin olması isə kölgə iqtisadiyyatının göstəricisidir», – iqtisadçı söyləyir.

Hökumətsə bu yöndə mübarizənin effektindən danışır. Vergilər naziri bildirir ki, bu il qeyri-neft sektoru üzrə vergi yığımları proqnoza qarşı 280 mln manat artıq olub ki, bu da proqnoz tapşırığın 112% icra edilməsi deməkdir.

R.Həsənov
R.Həsənov

«İndiki addımlarla şəffaf iqtisadiyyatın yaranması 50, 100 il vaxt ala bilər»

«Bugün birdən-birə kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflaşma, iqtisadiyyatın leqallaşması asan olmayacaq. Bunun üçün müvafiq şərait də yoxdur. Hələ də Azərbaycanda biznesdə himayədarlıq institutu, inhisarçılıq çox güclüdür, məmur biznesi çox geniş yayılıb», - iqtisadçı Rəşad Həsənov deyir. Onun qənaətincə, sadaladığı faktorlar maraqlar uzlaşması yaradır, əslində isə qərar qəbul etmək, icra və biznes arasında maraqlar konflikti olmalıdır ki, problemlər daha asan həll olunsun.

«İndiki halda maraqlar üst-üstə düşür -qərar qəbul edən, onu icra edən və bizneslə məşğul olan eyni adamlar olduğundan görülmüş işlər effektiv nəticə vermir», – R.Həsənov izah edir.

Bununla belə, iqtisadçı hökumətin bəzi işlər gördüyünü də söyləyir: «Xüsusən də nağdsız dövriyyənin genişlənməsi ilə bağlı, az da olsa, nəticələr əldə edilir. Sahibkarlar üçün hətta Vergi Məcəlləsində müəyyən təşviqlər nəzərdə tutulub. Büdcə vəsaitləri hesabına gerçəkləşdirilən əməliyyatlarla bağlı da yeni qaydalar şəffaflaşmaya öz təsirini göstərəcək».

Monopoliya var, ona görə bahaçılıqdır
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Amma R.Həsənov sadaladıqlarının gizli iqtisadiyyatın leqallaşmasına kifayət etmədiyini bildirir. Onun sözlərinə görə, məsələyə kompleks yanaşılmalıdır, əks halda, tərəflərdən birini maraqlandırmaqla və ya inzibati yolla problemin həlli mümkün deyil. İqtisadçının fikrincə, Azərbaycan vətəndaşını prosesdə aktiv iştiraka həvəsləndirmək, nağdsız ödənişlərlə bağlı stimullaşdırıcı addımları artırmaq lazımdır.

«İndiki halda nağdsız ödəniş edən vətəndaşa 1000 manata 22 manat geri qaytarılmalıdır. Bu cüzi rəqəmdir. Bununla insanları maraqlandırmaq çox çətindir», – deyən iqtisadçı başqa tərəfdən, dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı proseslərin şəffaflaşdırılmasından, korrupsiya predmetinə çevrilməsi imkanlarının məhdudlaşmasından danışır: «Bizdə belədir ki, vergi ödəyənlə vergini yığıb sonradan xərcləyən arasında inamsızlıq var. Buna görə vergidən yayınana qəhrəman kimi yanaşma var, vergidən yayınma ictimai qınağa tuş gəlmir. Biznesin vergi yükünü azaltmaq lazımdır. Ona leqallaşmaq təklif olunursa, xərcləri artacaq. O xərclər azaldılmalı, güzəştlər edilməlidir. İlk növbədə məmurla biznes ayrılmalıdır».

R.Həsənovun fikrincə, əks halda, «indiki addımlarla normal, uçotu olan şəffaf iqtisadiyyatın yaranması 50, 100 il vaxt ala bilər».

V.Əhmədov
V.Əhmədov

«Kölgə iqtisadiyyatının həcmi 25-27 faiz arasındadır»

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AzadlıqRadiosuna açıqlamasında deyib ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi 25-27 faiz arasındadır:

«Bütün dünyada gizli iqtisadiyyat var. Azərbaycan da istisna deyil. Bütün bunları nəzərə alaraq, 2018-ci ildə biz vergi sistemində çox ciddi islahatlara start verdik, müəyyən qədər işlər görüldü. Bu da kölgə iqtisadiyyatının azalmasına səbəb oldu. Düzdür, müəyyən rəqəmlər səsləndirildi tədbirdə (Söhbət sentyabrın 13-də Bakıda rəsmi qurumların iştirakı ilə kölgə iqtisadiyyatına qarşı mübarizə ilə bağlı keçirilən konfransdan gedir – A.R.). Misal üçün, Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, kölgə iqtisadiyyatının həcmi Azərbaycanda 7-8 faizdir. Amma bu gün orda Fridrix Şnayderin hesabatı səsləndi, o, bu rəqəmin 46-47 faiz, yəni 50 faizə yaxın olduğunu dedi. Mən hər iki rəqəmi düzgün saymıram. Orta bir rəqəmdir. Mən hesab edirəm ki, bu rəqəm 25-27 faiz arasında ola bilər. Bunu azaltmaq mümkündür».

«Trend» informasiya agentliyi xəbər verir ki, Avstriya Universitetinin professoru Fridrix Şnayder konfransda 2018-ci il islahatlarından sonra kölgə iqtisadiyyatının Azərbaycanda bir qədər azalaraq 44.6 faizə düşdüyünü söyləyib.

İqtisadçıların səsləndirdiyi tənqidlərə gəlincə, deputat V.Əhmədov onlardan bəzisi ilə razılaşdığını bildirir, xüsusən də məmurların kölgə iqtisadiyyatına dəstək verməsi haqda iradların haqlı olduğunu deyir.

«Əlbəttə, mən də hesab edirəm ki, vəzifə tutan şəxslər bizneslə məşğul olmamalıdırlar. Çünki onlar dövlətin maraqlarını qorumurlar, öz bizneslərinin qeydinə qalırlar. Bu, çox ciddi məsələdir. Yavaş-yavaş bunu aradan qaldırmaq lazımdır. Bunun yolu kadr, vergi, gömrük və başqa sahələrdə islahatlardan keçir», - deputat söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG