Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 13:32

Dünyada 3 milyard doza peyvənd vurulub


Moskvada vaksin növbəsi
Moskvada vaksin növbəsi

Moderna da COVID-19-a qarşı vaksininin delta variantından qoruduğunu bildirib

Dünyada COVID-19-a qarşı 3 milyard dozadan artıq peyvəndin vurulduğu bildirilir. Bu göstəriciyə iyunun 29-da, yəni dünyada peyvəndlərin vurulmasına başlanandan yarım il keçəndən sonra nail olunub və tarixdə ən böyük vaksin kampaniyasının yalnız başlanğıcı hesab olunur.

Vaksin olunanların 23 faizi 27 zəngin ölkənin payına düşür. Hesablamanı “Bloomberg” aparıb.

Bərabərsizlik

Əhalinin 4.3 faizi Birləşmiş Ştatlarda yaşayır, ümumi dozaların 11.1 faizini vurdurub. Çində isə dünya əhalisinin 19 faizinin yaşamasına baxmayaraq ümumi dozaların 40 faizi onun payına düşür.

Afrikanın bir çox yerində vaksinasiya səviyyəsi 1 faizdən azdır. Bir çox yoxsul ölkələr də oxşar durumdadır.

“Dünya iflasa gedir. Bərabərsizliyin səbəb olduğu ikicığırlı pandemiya ilə üzləşmişik”, – Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

Bu arada ilk dəfə Hindistanda aşkarlanmış delta variantı planetin vaksin olunmamış əhalisi arasında tüğyan edir. Asiya-Sakit okeandan tutmuş Rusiyaya qədər bir sıra ölkələr yeni qadağalar qoyur, yaxud genişləndirirlər.

İndoneziya

Qırmızı Xaç 270 milyon əhalinin yaşadığı İndoneziyanın “COVID-19 fəlakətinin kənarında” olmasıyla bağlı xəbərdarlıq edib. Məhz delta variantı yoluxmalarda artıma səbəb olur, xəstəxanalar dolur.

İndoneziyada böyüklərin 5 faizindən də azına peyvənd vurulub.

Birləşmiş Ştatlar vaksin ianələrində son durumu açıqlayıb. Bir milyon doza Pfizer/BioNTech vaksini Paraqvaya, 2.5 milyon doza Johnson & Johnson vaksini isə Kolumbiyaya göndəriləcək.

Böyük iqtisadiyyatların İyirmilər Qrupunun (G20) xarici işlər nazirləri isə daha böyük qlobal əməkdaşlığın vacibliyini vurğulayıb.

“Çoxtərəfli əməkdaşlıq bu qlobal səhiyyə böhranını dayandırmağımızda vacib rol oynayır”, – ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Moderna da delta ştammından qoruyur

Artıq Hindistan da Moderna vaksinindən təcili istifadəni təsdiqləyib. AstraZeneca, Hindistanın öz istehsalı olan Covaxin, Rusiyanın Sputnik V-dən sonra bu, dördüncü vaksindir.

Moderna da COVID-19-a qarşı vaksininin delta variantından qoruduğunu bildirib.

Şirkətin bildirməsinə görə, laboratoriya testləri digər ştammlara qarşı da qorumanı üzə çıxarıb.

Bu ayın əvvəlində Almaniyanın BioNTech şirkəti ABŞ-dan tərəfdaşı Pfizer ilə birgə araşdırması bu vaksinin delta ştammına qarşı qorumanı təsdiqləmişdi.

Rusiyanın Sputnik V vaksininin istehsalçısı da sözügedən dərmanın delta variantına qarşı 90 faizədək qoruma yaratdığını bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG