Rusiyada COVID-19-dan ölü sayında daha bir rekord qeydə alınıb. Yüksək yoluxucu delta ştammı yoluxmalarda kəskin artıma səbəb olub.
İyunun 29-da açıqlanmış rəsmi statistikaya görə, son 24 saat ərzində koronavirusdan 652 ölüm qeydə alınıb. Ölkədə pandemiya başlanandan 5.5 milyona yaxın yoluxma, 20 mindən çox yoluxma aşkarlanıb.
Kremlsə iyunun 29-da bəyan edib ki, hakimiyyətin payız üçün qoyduğu vaksinasiya hədəfi yerinə yetirilməyəcək.
Son bir neçə həftədə Moskvada və ikinci böyük şəhər olan Sankt Peterburqda yoluxmalarda kəskin artım var. İyulun 2-də Avro 2020-nin dörddə bir final oyunu keçiriləcək Sankt Peterburqda ötən gün 119 ölüm qeydə alınıb. Moskvada isə bu rəqəm 124 olub.
Merin göstərişləri
Moskvanın meri Sergey Sobyanin paytaxtda yoluxmaların 90 faizinin delta ştammının payına düşdüyünü deyib. O, bizneslərə göstəriş verib ki, peyvənd vurdurmayan işçilərin 30 faizini evə göndərsin, restoranlar yalnız son yarım ildə peyvənd olunmuş, yaxud xəstəliyə yoluxmuş müştəriləri qəbul etsin.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, payızadək ölkə əhalisinin 60 faizinə peyvənd vurulması alınmayacaq. İndiyədək 146 milyona yaxın əhalinin 22 milyondan çoxuna azı bir doza vurulub. Rusiya istehsalı Sputnik V vaksini dekabrdan pulsuz vurulur.
Rusiya 134 mindən artıq ölümlə Avropada birinci yerdədir.
Rosstat dövlət statistika agentliyi isə daha geniş təsnifatla ölü sayının azı 270 min olduğunu bildirir.
Tənqidçilərin fikrincə, bu göstərici dəfələrdə çox ola bilər.
***
Lokdaunu genişləndirən də var, qadağaları ləğv edən də
İyunun 29-da Avstraliyada lokdauna girən şəhərlərin sayı artıb. Koronavirusun yüksək yoluxucu delta ştammı yoluxmaları gücləndirir. Honq Konq isə Britaniyada yoluxmalarda artımdan dolayı oradan uçuşları dayandırır.
Delta variantının Britaniyada da yoluxmaları artırmasına baxmayaraq, Səhiyyə naziri Sacid Cavid deyib ki, iyulun 19-da İngiltərədə qadağaların hamısı qaldırılacaq.
Britaniya hökumətinin hədəfi
Cavidin sözlərinə görə, hökumət ölkə tam acılıma gedənəcən böyüklərin üçdə ikisinə vaksinin hər iki dozasını vurmağı hədəfləyir.
Britaniya hökuməti məhdudiyyətləri yüngülləşdirəndən sonra yoluxmalar yenidən artır. Üstəlik, COVID-19 yoluxmalarının 95 faizindən çoxu delta ştammının payına düşür.
Alimlər delta variantının digər ştammlardan daha yoluxucu olduğunu deyirlər. Amma vaksinasiya səviyyəsi yüksək olan ölkələrdə xəstəxanalara yerləşdirmə, ölüm halları da nisbətən aşağıdır.
Honq Konq iyulun 1-dən Britaniyadan bütün sərnişin reyslərini dayandıracağını deyir.
Türkiyə isə Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal və Şri Lankadan uçuşları dayandırır.
Almaniya
Almaniyada delta ştammının səbəb olduğu yoluxmalar bir həftənin içində iki dəfədən çox artıb, hazırda azı 36 faizə bərabərdir.
Yay boyunca ştammın üstünlüyü saxlayacağı gözlənir, çünki digər ölkələrdə də yayılmaqdadır.
Almaniyada əhalinin təxminən 54 faizinə birinci doza vurulub, 35 faiz isə tam peyvəndlənib.
Səhiyyə rəsmiləri vaksinasiya vasitəsilə xəstəliyin yayılmasının səngiyəcəyini deyirlər.
İyunun 28-də İtaliyada açıq havada maska taxmaq ləğv olunur.
Bu arada delta ştammı Asiya və Afrikada yoluxmaları artırır, çoxsaylı ölkələr yeni qadağalar, lokdaunlar tətbiq edir.
Cənubi Afrika delta ştammının səbəb olduğu yoluxmalara qarşı yeni qadağaları elan edəndən bir gün sonra ölkədə koronavirusdan ümumi ölü sayı 60 mini keçib.