Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:00

Akif Çovdarova mal-mülk məsələsində rədd cavabı verildi


Akif Çovdarov
Akif Çovdarov

Həbsdə olan MTN generalı Akif Çovdarovun həyat yoldaşı və övladlarının adına olan əmlakların geri qaytarılması istəyinə “yox” cavabı verildi. Mayın 23-də Bakı Apellyasiya Məhkəməsində bu barədə qərar elan olunub.

Akif Çovdarovun vəkilləri mayın 22-də keçirilən məhkəmə iclasında yeddi vəsatət qaldırmışdılar. Onların arasında generalın tibbi ekspertizadan keçirilməsindən tutmuş, əmlaklara qədər bir xeyli məsələlər vardı. Bugünkü məhkəmədə elan olunub ki, vəsatətlərin heç biri təmin edilmir.

Akif Çovdarovun vəkili Kamandar Nəsibov sabiq MTN-çinin təqsirsiz, ona verilən ittihamların da əsassız olduğunu bildirib. Vəkil məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını, Çovdarova bəraət verilməsini istəyib.

MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsində Akif Çovdarovla birlikdə işləmiş polkovnik Səlim Məmmədovun vəkili Elçin Sadıqov da bəraətverici əsaslarla müttəhimhaqqında cinayət işinə xitam verilməsini xahiş edib.

Məhkəmədə Akif Çovdarova çıxış üçün söz verilsə də, o, vaxt istəyib.

Növbəti məhkəmə mayın 25-nə təyin olunub.

Xatırlatma

Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunublar.

Ümumilikdə həbs edilmiş MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Məhkəmənin oktyabrın 30-da elan etdiyi hökmlə Akif Çovdarova 12 il, Səlim Məmmədova 11 il, A.Əliyevə 5 il, O.Osmanova isə 4 il həbs cəzası verilib.

Həmçinin, onların hərbi rütbələrdən məhrum edilməsi üçün prezidentə və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdimat göndərilməsi haqda xüsusi qərar çıxarılıb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG