Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:21

Ç.Qənizadə Q.Salahzadəyə qarşı iddianı geri götürüb


Çingiz Qənizadə
Çingiz Qənizadə

Deputat Çingiz Qənizadə keçmiş həmkarı Qalib Salahzadənin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmədə xüsusi ittiham qaydasında qaldırdığı iddianı geri götürüb. Deputatın vəkili Raqif Mustafayev oktyabrın 12-də Sabunçu Rayon Məhkəməsində bu işə baxılarkən iddianın geri götürülməsi haqda ərizə təqdim edib.

Hakim Ziya Şirinov ərizənin məzmunu elan edib. Məlum olub ki, iddianın geri götürülməsinə səbəb keçmiş deputat Salahzadənin mətbuata son açıqlamalarıdır.

«Təqsirləndirilən şəxs Qalib Salahzadə mətbuata son açıqlamalarında etiraf edib ki, Çingiz Qənizadə haqda KİV-də yayılmış fikirləri həqiqətəuyğun deyil. Bununla da təqsirləndirilən Salahzadə özünün qeyri-ciddi və yalançı olduğunu nümayiş etdirib. Bundan sonra artıq heç kim onun dediklərini ciddi qəbul etmir. Ona görə də xüsusi ittiham qaydasında verdiyimiz ərizədən imtina edir və onun geri qaytarılmasını xahiş edirik», – deputatın vəkili R.Mustafayev ərizəsində belə yazıb.

***Buna da bax-Şeyxin qudası ilə deputat arasında məhkəmə başladı

Hakim xüsusi ittihamçı və vəkilinin istəyi ilə iddia ərizəsinin geri qaytarılması haqda qərar çıxarıb.

XATIRLATMA

Keçmiş və indiki deputatlar arasındakı məhkəmə çəkişməsinə səbəb Salahzadənin mətbuata müsahibəsində Qənizadə haqqında söylədiyi fikirlər olub. Mübahisə Q.Salahzadənin oğlunun həbsinə görə Baş prokuror Zakir Qaralovu günahlandırdığı müsahibəsi ilə başlayıb. Keçmiş deputat deyib ki, vaxtilə Zakir Qaralov Sabunçu rayonunun prokuroru olanda ondan Binə qəsəbəsində torpaq sahəsini istəyib, amma o, verməkdən imtina edib. Salahzadənin sözlərinə görə, bundan sonra Qaralovun onunla ədavəti başlayıb və oğlu da bu düşmənçiliyin güdazına gedib.

Qalib Salahzadə
Qalib Salahzadə

Ardınca deputat Ç.Qənizadə mediaya açıqlamasında səsləndirdiyi fikirlərə görə keçmiş həmkarını tənqid edib. Deyib ki, bu adam hər zaman məntiqəuyğun oldu-olmadı, ağlına nə gəlirsə, onu danışır. Qaralov baş prokuror təyin olunandan sonra prokurorluq orqanlarında neqativ halların tam aradan qaldırıldığını iddia edən Qənizadə deyib ki, onun sıravi adamla ədavət aparmasını söyləmək gülüncdür.

***Buna da bax-Şeyxin qudası da siyahıdan kənarda qaldı

Bundan sonra Q.Salahzadə yenidən müsahibə verib və Ç.Qənizadəni «dəfələrlə siyasi əqidəsini dəyişmiş, satılmış adam» adlandırıb. Onun Baş prokuroru müdafiə etməsini isə Qənizadənin oğlunun hazırda Binəqədi rayon prokurorunun müavini olmasıyla əlaqələndirib:

«Çingiz Qənizadə mənim əleyhimə danışmaqla oğlunun vəzifəsini böyütməyə çalışır. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Onu tanıyan hamı bilir ki, Çingiz Qənizadənin necə utancverici keçmişi var. Onu dilə gətirmək belə ayıbdır. Onu desəm, inanın ki, heç kəs ona salam verməz».

Salahzadə həmçinin iddia edib ki, Qənizadə vaxtilə Bakı şəhər prokuroru işləyəndə ondan 30 min dollar rüşvət alıb.

Bundan sonra Ç.Qənizadə keçmiş həmkarının CM-nin 147-ci (böhtan) maddəsi ilə cəzalandırılması üçün məhkəmədə iddia qaldırıb.

Bugünlərdə Q.Salahzadə mətbuata açıqlamasında deyib ki, Ç.Qənizadənin «qaranlıq keçmişi» haqda söylədikləri fərqli yozulub:

«Mən «keçmişi qaranlıqdır» sözünü ona görə işlətmişəm ki, Çingiz Qənizadə müxtəlif partiyaların üzvü olub. Başqa heç nəyi nəzərdə tutub deməmişəm».

Q.Salahzadə Milli Məclisin keçmiş üzvü olmaqla yanaşı, həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır. Onun oğlu Əlihüseyn Salahzadə sentyabrın 13-də həbs olunub. Sabiq deputatın oğlu CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə ittiham olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG