Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:55

Şeyxin qudası ilə deputat arasında məhkəmə başladı


Qalib Salahzadə
Qalib Salahzadə

Oktyabrın 6-da deputat Çingiz Qənizadə ilə keçmiş həmkarı Qalib Salahzadə arasında məhkəmə çəkişməsi başlayıb. Keçmiş və indiki deputatlar arasındakı qalmaqalı Sabunçu Rayon Məhkəməsində hakim Ziya Şirinov araşdırır.

Keçmiş həmkarının CM-nin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyən Qənizadə xüsusi ittiham qaydasında iddia qaldırıb. Oktyabrın 6-da həmin iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

KEÇMİŞ DEPUTAT MƏHKƏMƏSİNƏ GƏLMƏDİ

Cavabdeh Q.Salahzadə məhkəməyə gəlməyib. Hakim deyib ki, o, öncədən məhkəməyə ərizə göndərərək, prosesdə iştirak edə bilməyəcəyini bildirib.

***Buna da bax-'Deputatlıq nə böyük şey oldu ki...'

«Möhkəm qrip olmuşam, özümü də yaxşı hiss etmirəm, ona görə məhkəmənin hazırlıq iclasına gedə bilmədim», - Q.Salahzadə sonradan mediaya bildirib.

Amma iddiaçı tərəf məhkəmənin cavabdehin şəxsən özünün iştirakı ilə keçirilməsini istəyib. Ç.Qənizadənin vəkili Raqif Mustafayev deyib ki, Q.Salahzadə özü gəlib müəyyən məsələlərə aydınlıq gətirməli, sualları cavablandırmalıdır.

Hakim də cavabdehin iştirakı olmadan məhkəməni davam etdirməyi məqbul saymayıb. Bu üzdən keçmiş və indiki deputatlar arasında məhkəmə oktyabrın 12-nə qalıb.

R.Mustafayev bildirib ki, əgər Salahzadə gələn dəfə də məhkəməyə gəlməsə, onun məcburi gətirilməsi haqda vəsatət qaldıracaqlar.

Çingiz Qənizadə
Çingiz Qənizadə

«Biz iddiaçı tərəf olaraq, məhkəmədə bir neçə vəsatət qaldıracaqdıq. Amma bunun üçün cavabdeh özü də iştirak etməli idi. Gəlmədiyinə görə gələn dəfəyə saxladıq», – Ç.Qənizadənin vəkili belə deyib.

XATIRLATMA

Məhkəmə çəkişməsinə səbəb Salahzadənin mətbuata müsahibəsində Qənizadə haqqında söylədiyi fikirlərdir. Mübahisə Q.Salahzadənin oğlunun həbsinə görə Baş prokuror Zakir Qaralovu günahlandırmasından başlayıb. Keçmiş deputat deyib ki, vaxtilə Z.Qaralov Sabunçu rayonunun prokuroru olanda, ondan Binə qəsəbəsində torpaq sahəsini istəyib, amma o, verməkdən imtina edib. Salahzadənin sözlərinə görə, bundan sonra Qaralovun onunla ədavəti başlayıb və oğlu da bu düşmənçiliyin güdazına gedib.

***Buna da bax-Şeyxin qudası da siyahıdan kənarda qaldı

Ardınca deputat Ç.Qənizadə mediaya açıqlamasında səsləndirdiyi fikirlərə görə keçmiş həmkarını tənqid edib. Deyib ki, bu adam hər zaman məntiqə uyğun oldu-olmadı, ağlına nə gəlirsə, onu danışır. Qaralov baş prokuror təyin olunandan sonra prokurorluq orqanlarında neqativ halların tam aradan qaldırıldığını iddia edən Qənizadə deyib ki, onun sıravi adamla ədavət aparmasını söyləmək gülüncdür.

Bundan sonra Q.Salahzadə yenidən müsahibə verib və Ç.Qənizadəni «dəfələrlə siyasi əqidəsini dəyişmiş, satılmış adam» adlandırıb. Onun Baş prokuroru müdafiə etməsini isə Qənizadənin oğlunun hazırda Binəqədi rayon prokurorunun müavini olmasıyla əlaqələndirib:

«Çingiz Qənizadə mənim əleyhimə danışmaqla oğlunun vəzifəsini böyütməyə çalışır. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Onu tanıyan hamı bilir ki, Çingiz Qənizadənin necə utancverici keçmişi var. Onu dilə gətirmək belə ayıbdır. Onu desəm, inanın ki, heç kəs ona salam verməz».

Salahzadə həmçinin iddia edib ki, Qənizadə vaxtilə Bakı şəhər prokuroru işləyəndə, ondan 30 min dollar rüşvət alıb.

Q.Salahzadə Milli Məclisin keçmiş üzvü olmaqla yanaşı, həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır. Onun oğlu Əlihüseyn Salahzadə sentyabrın 13-də həbs olunub. Sabiq deputatın oğlu CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə ittiham olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG