Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 05:50

Adil İsmayılov: 'Məqsəd dustaqların sayını azaltmaqdır'


Adil İsmayılov
Adil İsmayılov

«Şəxsən mənim gördüyüm odur ki, Cinayət Məcəlləsinə dəyişikliklərdə məqsəd həbsxanalarda dustaqların sayını azaltmaqdır», – hüquqşünas Adil İsmayılov prezidentin qanunvericiliyə dəyişikliklər edilməsi ilə bağlı parlamentə göndərdiyi təkliflər paketindən danışarkən belə deyir.

Paketdə Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur.

«HƏBSXANA XƏRCLƏRİ AZALACAQ»

Cinayət Məcəlləsinin ümumi hissəsinə 30-dan, xüsusi hissəsinə isə 70-dən artıq dəyişiklik təklif olunur. Təkliflər qəbul olunsa, Cinayət Prosessual Məcəlləsinin 25-dən çox maddəsi dəyişdiriləcək.

«Görünən budur. Çünki maddələrin bir hissəsi, bəzi ifadələr Cinayət Məcəlləsindən çıxarılır, bəzi əməllər cinayət xarakterli olmayacaq. Əvəzində qanuna yeni maddələr əlavə ediləcək. Məsələn, yeni cəza növü tətbiq olunacaq – azadlığın məhdudlaşdırılması ilə bağlı. Əslində, bu yeni cəza növü deyil, sadəcə bir neçə il qabaq onu qanunvericilikdən çıxarmışdılar, indi geri qaytarırlar. Hökumət bunu edərkən dekriminalizasiyadan danışır. Əslində, məqsəd aydındır, bununla həbsxana, dustaq xərcləri azalacaq», – A.İsmayılov söyləyir.

O, ömürlük azadlıqdan məhrum edilənlərlə bağlı güzəştləri humanist addım sayır və «bütün dünyada qəbul edilmiş normadır. Azərbaycanda da edilməlidir, müəyyən müddətdən sonra məhkumların azadlığa çıxmaq üçün müraciət etməsinə imkan yaradılmalıdır», – deyə əlavə edir.

«Ən azı, 25 il cəza çəkdikdən sonra onun cəzası azaldıla bilər. Layihədə deyilir ki, ömürlük cəza alan şəxsin 25 ildən sonra yerdə qalan cəzası 10 illə əvəzlənə bilər. İndiki qanunvericiliyə görə, 25 + 15 il, yəni 40 il cəza çəkməlidirsə, dəyişiklik qəbul edilərsə, bu müddət 5 il azala bilər, bu halda ömürlük cəza 35 il olur», – hüquqşünas bildirir.

Fuad Ağayev
Fuad Ağayev

FUAD AĞAYEV: «ƏFSUS Kİ, BUNU GÖRMÜRÜK»

Digər hüquqşünas Fuad Ağayev isə təkliflər paketi ilə tanış ola bilmədiyindən şərh vermir:

«Yüksəksəviyyəli şərh vermək üçün layihənin özüylə tanış olmaq lazımdır. İstənilən ölkədə parlamentin saytında müzakirəyə çıxarılacaq layihənin mətnlərini orda görmək olar. Orda eyni zamanda, layihənin müəllifi, əsaslandırması, ekspertizanın nəticələri də yerləşdirilir. Bizim Milli Məclisin saytında əfsus ki, bunu görmürük».

Onun həmkarı Aslan İsmayılov da «elan edilməmiş», yəni ictimaiyyətə açıqlanmamış layihə haqda danışmağı «qeyri-ciddi» sayır. Yalnız tam mətn açıqlandıqdan sonra fikrini bildirəcəyini söyləyir.

Layihə bu həftə – sentyabrın 29-da ictimai müzakirəyə çıxarılmalıdır. Layihənin oktyabrda parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

DEPUTAT: «GİZLİ SÖVDƏLƏŞMƏLƏRİN QARŞISI ALINACAQ»

Deputat Zahid Oruc AzadlıqRadiosuna deyir ki, onda olan məlumata görə, təkliflər paketi çox ciddi dəyişikliklərə məruz qalacaq, daha da təkmilləşdiriləcək. Ona görə, Z.Oruc da konkret təkliflər haqda danışmağa tələsmir. O, sadəcə dekriminallaşma prosesinin özünə qiymət verərək «müsbət hal» kimi dəyərləndirir.

Zahid Oruc
Zahid Oruc

Z.Orucun fikrincə, dekriminallaşma qanunvericilikdəki boşluqdan istifadə edən məhkəmə orqanlarının fəaliyyətinə də müsbət təsir göstərəcək.

«Bəzi maddələrdə məsələn, 3 ildən 7 ilə kimi cəza hallarının nəzərdə tutulması bəzən gizli sövdələşmələrə yol açırdı. Bunun qarşısı alınacaq», – deputat deyir:

«Bu da cinayətlərlə daha effektli mübarizə imkanı verir. Cinayət və cəza arasındakı adekvatlığı təmin edir. Ən mühüm məsələ isə – iqtisadi xarakterli cinayətlərlə mübarizənin daha optimal yolu meydana çıxır. İnsanların cəzalarını fərqli şəkildə çəkməsinə, ödənişlər, girovlar qoymasına imkan yaradır. Azadlıqdan məhrumetmə məhdudlaşdırılır. İlkin layihədə gördüm ki, maddələrin sanksiya müddəti dəyişdirilir. Məsələn, 5 il cəza 3 ilə endirilir, bir sıra hallarda şərti cəzalara keçir. Bundan elə bir məna çıxarılmamalıdır ki, dövlət cinayətə daha liberal yanaşacaq və ya cinayətə yaşıl işıq yandıracaq. Xeyr! Qərb hüquq sistemi göstərdi ki, sərt cəzalandırma sistemi çox da effekt vermir. Bir tərəfdənsə həmin məhbuslar dövlət üçün ağır yükə çevrilir. Daha çox həbsxanalar inşa edib məhbus saxlamaq cəmiyyətə, ictimai birgəyaşayışa fayda vermir».

Bununla belə, deputat dekriminallaşmaya sadəcə «dustaq xərclərinin azaldılması» kimi baxmağı yanlış sayır, illərdir hakimiyyətin tənqidçilərinin onu dekriminallaşmaya getməməkdə suçladığını yada salır:

«Onlar deyirdilər ki, adi məişət oğrusuna bu qədər sərt cəza vermək olmaz. Və ya başqa misal, Avropada 60 min avro civarında dövlət vəsaitinin oğurlanması cinayət məsuliyyəti yaratmır. O mənada yox ki, oğruya yaşıl işıq yandırılır. Sadəcə həmin vəsaitin ödənilməsi tələb edilir. Bizdə isə cəzalar sərtdir. Vətəndaş cəmiyyətdən, ailəsindən ayrılır, həbsdəsə çox az hallarda islah olunur, məhbus damğası ömürboyu onu təqib edir. Ona görə dövlətin elan etdiyi qlobal miqyasdakı kursu haqda «türmələrdə yer yoxdur, ona görə cəza sistemini humanistləşdirir» demək bəsit yanaşmadır».

Deputat bu məsələdə cəmiyyətin bütün siyasi dairələrinin konsensusa gəlməsini arzu edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG