Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 01:28

Böyük Britaniyanın müdafiə naziri Çini Rusiyaya öldürücü silah verməkdə suçlayıb


Qrant Şapps
Qrant Şapps

Britaniyanın müdafiə naziri Qrant Şapps mayın 22-də Çini Rusiyaya öldürücü silahlar verməkdə suçlayıb. Rusiya bu silahlardan Ukraynaya qarşı savaşda yararlanacaq.

Kreml inişil tammiqyaslı savaşa başlayandan bəri Qərb dövlətləri Ukraynaya milyardlarla dollarlıq silah verib. Britaniya ilk dəfədir ki, Çini Rusiyaya öldürücü silah verməyə çalışmaqda ittiham edir.

Şapps Londonda keçirilən bir konfransda bildirib ki, ABŞ və Britaniya hərbi kəşfiyyatında öldürücü silahların Çindən Rusiyaya, oradan da Ukraynaya göndəriləcəyi ilə bağlı dəlillər var: "Mənə elə gəlir ki, bu, ciddi hadisədir".

İddiasını əsaslandırmaq üçün heç bir dəlil göstərməyən Şapps deyib ki, Ukraynada işğal başlayandan bəri Çinlə Rusiya arasındakı ticarətdə 64 faiz artım baş verib. "Onlar bir-birinin arxasında dururlar", - Şappsın sözləridir.

"Bundan narahat olmalıyıq, axı bu müharibənin əvvəlində Çin özünü [Rusiya Prezidenti Vladimir Putinə] vasitəçi təsir gücü kimi göstərmək istəyirdi", - o, əlavə edib.

"Əsassız ittihamlar"

Çinin Londondakı səfirliyinin sözçüsü Şappsın şərhini "tam əsassız" adlandıraraq Britaniyanı "əsassız ittihamlar" yaymaqda suçlayıb.

Ağ evin milli güvənlik müşaviri Ceyk Sallivan jurnalistlərə deyib ki, Çinin Rusiyaya öldürücü silahlar verə biləcəyi ilə bağlı narahat olsaq da, "bugünədək bunu görməmişik".

Ancaq ötən ay bir ABŞ rəsmisi bildirib ki, Çin Rusiyaya dron və raket texnologiyaları, peyk görüntüləri və s. satmaqla onun Ukraynadakı savaşını dəstəkləyir.

Putin bu ayın əvvəlində Çinə səfər edib. O və Çin lideri Si Cinpin bir sıra təhlükəsizlik məsələləri ilə bağlı tərəfdaşlığın yeni çağının başlanacağına söz veriblər. Onlar Tayvan və Ukraynadan tutmuş, bir çox məsələlər haqda fikir mübadiləsi aparıblar.

2022-ci ilin fevralında - Moskva Ukraynaya qarşı tammiqyaslı hücuma başlamazdan cəmi bir neçə gün öncə Rusiya və Çin "limitsiz" münasibətlərə başladıqlarını açıqlayıb. Ancaq Pekin Rusiyanın müharibədə yararlanması üçün silah-sursat verməkdən boyun qaçırıb.

Şapps bildirib ki, Rusiya, Çin, İran və Şimali Koreya "Qərbin dörddə bir əsrlik utancaqlığından" cəsarətlənərək daxildə repressiyanı, xaricdə isə aqressiyanı artırıblar. O deyib ki, dünyanın oyanmasının vaxtı çatıb və bu o deməkdir ki, bütün NATO üzvləri öz ÜDM-lərinin 2.5 faizini müdafiə xərclərinə ayırmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG