Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:45

Çinin yük maşınlarını yolda görəndə qorxurlar


İranda köhnə yük maşınları
İranda köhnə yük maşınları

İranın yollarında qalan yarıdağılmış yük maşınlarının sayı 127 min-202 min arasında dəyişir. Ölkə son illərdə köhnə yük maşınlarının çoxluğundan əziyyət çəkir. Bu maşınlar havanı çox çirkləndirir və yol hərəkətini iflic edir.

Dövlətə məxsus İran Tələbə Xəbər Agentliyi (ISNA) ölkənin İnkişaf və bərpa qurumunun (IDRO) rəhbəri Mansour Mo'azzami-yə istinadən bildirib ki, «bütün ölkəboyu 202 min ağır tonnajlı yük maşını əsaslı təmir olunacaq və ya yeni maşınlarla əvəz ediləcək». Qurum rəhbəri həmçinin qeyd edib ki, buna 10 milyard dollar investisiya tələb olunur.

İlə 60-70 min maşın buraxılmalıdır

Tehranın təyyarələrin bərpası işinə və hətta «Airbus»ların alınmasına yetərincə maliyyə ayıra bilməməsi fonunda İnkişaf və bərpa qurumunun rəhbərinin bu sözləri son dərəcə iddialı səslənir.

İranın Yol və Şəhərlərin İnkişafı Nazirliyi bu yaxınlarda 25 ildən çox işlənmiş 127 min iri yük maşınının hələ də yollarda olduğunu bəyan edib.

Yol və şəhərlərin inkişafı naziri Abbas Akhoundi bütün yük maşınlarının yeniləri ilə əvəzlənməsinin ətraf mühitə faydalı olacağını və yanacaq xərclərini iki dəfə azaltmağa imkan verəcəyini xüsusi vurğulayıb. O deyib ki, qənaət olunan vəsaitə köhnə maşınları təmir etmək olar.

İranda yük maşınları
İranda yük maşınları

2005-ci ildə İranda, əsasən, «Mercedes-Benz», «Renault» və «Volvo» kimi xarici şirkətlər tərəfindən 30 minədək yük maşını istehsal olunurdu. Səkkiz il sonra, 2013-cü ildə bu rəqəm təqribən 14 minə düşüb. Üstəlik, indi yük maşınlarını Çin şirkətləri istehsal edir.

Tehran üç il ərzində 202 min köhnə iri tonnajlı yük maşınını yeni, yerli zavodlarda istehsal olunmuş maşınlarla əvəzləməyi öhdəsinə götürsə, ölkədə ildə 60 min-70 min arasında yük maşını istehsal edilməlidir. Ancaq hazırda bu göstərici ildə 30 mindən də aşağıdır.

«Bu maşınları yolda görəndə qorxurlar»

İşin ən mühüm tərəfi bu yeni və standartlara uyğun yük maşınlarının haradan gəlməsidir. Çin yenə də ən uyğun seçim kimi görünür. Ancaq daha öncə Çindən İrana göndərilən yük maşınlarının keyfiyyəti ilə bağlı ciddi problemlər yaşanıb. Hətta son illərdə bu yük maşınları ilə bağlı ölümlə nəticələnən qəza hallarının sayı narahatlıq doğurmağa başlayıb.

Mahmoud Ahmadinejad-ın prezidentliyinin səkkiz ili ərzində İran beynəlxalq sanksiyalara məruz qalıb. Nəticədə Qərb şirkətləri İrandakı fəaliyyətlərini məhdudlaşdırmalı olublar. Onların yerini isə aşağı keyfiyyətli məhsul istehsal edən Çin istehsalçıları tutub.

«2011-cü ildə avropalıların beynəlxalq sanksiyaların sərtləşdirilməsi fonunda İranı tərk etməsindən sonra ölkəyə çinlilər girdilər. Onlar ölkəni yarımağır və ağır tonnajlı yük maşınları, sərnişin maşınları ilə təchiz etməyə başladılar», – Tehranın ingilisdilli «Press TV» telekanalının 2015-ci ilin martında yayımlanmış reportajında belə deyilir.

«Çinin «Howo» yük maşınları törətdikləri qəzaların sayına görə İranda qorxunc reputasiyaya malikdir. Yolçular bu maşınları yolda görəndə belə çox qorxurlar», - «Press TV»nin reportajında deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG