Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 00:03

Çin pandemiyanın mənşəyinə görə ABŞ-ı tənqid edir


Sarayevoda vaksinasiya məntəqəsi
Sarayevoda vaksinasiya məntəqəsi

Çinin Vaşinqtondakı səfirliyi DST-ni Fort Detrikdə və Şimali Karolina Universitetində təhqiqat aparmağa səsləyib

Çin Birləşmiş Ştatları koronavirusun mənşəyinin aşkarlanması cəhdlərini siyasiləşdirməkdə ittiham edib. Pekin bu ittihamları ABŞ kəşfiyyatının pandemiyanın mənşəyinə dair hesabatı yayılmazdan öncə səsləndirib.

“Çini günah keçisi seçmək Birləşmiş Ştatları təmizə çıxarmayacaq. Əgər onlar əsassız şəkildə Çini ittiham etmək istəyirlərsə, Çinin əks hücumuna hazırlaşsalar yaxşı olar”, – Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin baş direktoru Fu Konq avqustun 25-də brifinqdə deyib.

İctimaiyyətə açıqlanacaq versiya hazırlanır

Prezident Co Bayden mayda ABŞ kəşfiyyatına pandemiyanın mənşəyini araşdırmaq göstərişi verib. Məqsəd virusun necə peyda olmasıyla bağlı müxtəlif versiyaları tədqiq etmək idi. Bir nəzəriyyə də virusun Çin laboratoriyasından təsadüfən sızmasıdır.

Baydenə hesabatım bir nüsxəsi təqdim olunub, həftənin əvvəlində ona hesabat haqda informasiya verilib. Ağ evin mətbuat katibi Jen Psaki avqustun 25-də jurnalistlərə bu haqda danışıb.

Kəşfiyyat cameəsi hesabatın ictimaiyyətə açıqlanacaq versiyası üzərində işləyir, deyən Psaki sənədin nə vaxt yayılacağını açıqlamayıb.

ABŞ rəsmilərinin mediaya deməsinə görə, hesabatın qəti nəticələrə səbəb olacağını gözləmirlər.

Floridadan respublikaçı senator Marko Rubio Bayden administrasiyasını hesabatın konfidensiallığını dərhal götürməyə çağırıb.

“Amerika xalqı hökumətimizin COVID-19-un mənşəyinə dair nəyi bildiyini, nəyi bilmədiyini bilməyə layiqdir”, – Rubio bəyanatında vurğulayıb.

Çinin versiyası

Çin isə laboratoriyadan sızma versiyasına çox az ehtimal verir, virusun Vuhandan çıxması nəzəriyyəsinə rişxənd edir. Koronavirus ilk olaraq bu şəhərdə aşkarlanıb.

Pekin dəlil göstərmədən iddia edib ki, virus ABŞ ordusunun Merilenddəki Fort Detrik bazasında laboratoriyadan çıxıb.

“ABŞ bunu həqiqi hipotez sayırsa, öz növbəsində təhqiqatı öz laboratoriyalarına dəvət eməlidirlər. Yalnız bu halda ədalətli olardılar”, – Fu vurğulayıb.

Çinin Vaşinqtondakı səfirliyi avqustun 25-də vebsaytında Dünya Səhiyyə Təşkilatına çağırışlar yerləşdirib, Fort Detrikdə və Şimali Karolina Universitetində təhqiqat aparmağa səsləyib. Səfirlik ABŞ mediasının onun mövqeyini qəbul etmədiyini bildirib.

Qalmaqallı birgə hesabat

Martda DST-Çin birgə hesabatı laboratoriyadan sızma versiyasının “həddən artıq inanılmaz” olması qənaətinə gəlib. Hesabata görə, ən mümkün ssenari virusun yarasalardan başqa heyvana, daha sonra insana keçməsidir.

Amma DST rəhbəri Tedros Adhanom Qebreyesus “bütün versiyaların masada olduğunu, əlavə hərtərəfli araşdırmaya əsas verdiyini” deyib. Onun iyulda bildirməsinə görə, laboratoriyadan sızma versiyasını kənara atmaq “vaxtından əvvəl tələskənlik” idi.

ABŞ administrasiyasının aparıcı rəsmisi isə “Reuters”ə bildirib ki, pandemiyanın ilk günləri “təkzibolunmaz şəkildə Çində baş verirdi, amma Çin beynəlxalq ictimaiyyətin gərəkən çıxışını önləyir”. Rəsminin sözlərinə görə, ABŞ-da təhqiqat aparmağa həqiqi, texniki baxımdan əsaslı səbəblər olsaydı, “əlbəttə ki, bunu dəstəkləyərdik. Amma bunların heç biri yoxdur”.

XS
SM
MD
LG