Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Çəltik sahələrindəki çətinliklər: dizə qədər palçığa batan qadınlar və ...


Çəltik əkini, may 2020
Çəltik əkini, may 2020

Bu həftənin əvvəli, mayın 11-də Astara rayonunun Artuba kəndinin çəltik sahəsində olduq. Dizə qədər palıçığa batan qadınlar şitil əkirdilər. Fermer Rəşadət Quliyev də palçıqlı əllərini göstərib deyir ki, burda hamı əkinçidir:

“Şitil əkmək ən çətin işdir”

Çəltik əkən qadınlar
Çəltik əkən qadınlar

“Fermer olsam da, hamımız birlikdə çalışırıq. Yer şumlayan tarktor bir ədəddir, 3-4 kənddə iş görür. Çatdıra bilmir. Buna görə, əkin 5-6 gün gecikib. Hər il mayın 6-7-də əkirdim, bu il isə indiyə kimi əkini başa çatdırmamışam. Bir hektara yaxın sahədə əkin aparıram. Fəhlə də çatmır, işiçi qüvvəsi azdır. Çəltik şitilini, əsasən qadınlar əkir. Qonşu kəndlərdən gəlirlər. Şitili də hər adam əkə bilmir. Şitil əkmək ən çətin işdir. 15-20 nəfər şitil əkən var. İşlər gecikdiyinə görə, şitil əkənlər də sahələrə bölünüblər.”

“Artezian quyularına ehtiyac var”

O əlini İranla sərhədə uzadaraq sözünə davam edir:

“Su İranla sərhəd olan Astaraçaydan gəlir. İranlılar da oradan su götürür, biz də. Onun hesabına iyul, avqust aylarında su çatışmır. Çəltik su ilə əlaqəli bitkidir, onsuz keçinə bilmir. Sahədə həmişə su olmalıdır. Artezian quyularına ehtiyac var. Bir quyu qazıblar. Heç olmasa 10 quyu olmalıdır.”

Orxan Quliyev
Orxan Quliyev

“10 sot torpaq 200 manatdan çox xərc istəyir”

Fermer xidmətlərin də qiymətinin qalxdığını bildirir:

“10 sot torpaq 200 manatdan çox xərc istəyir. Torpaq sahibi özü də sahədə fəhlə kimi işləsə xərc az götrürər. Karantindən əvvəl ( Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimidir. Bu rejimdə bəzi məhdudiyyətlər var-red) düyü satılırdı, xarici ölkələrdən də gəlirdilər. Qiymətlər bir qədər düşüb. “Haşimi” düyüsünün 1 kiloqramını 3-4 manata satırıq. Ailəlikcə bu işlə məşquluq. İşlərin çoxunu ailə üzvləri görür. Buna görə, düyü bizə ucuz başa gəlir. Düyünün 1 kilqramını gərək 5-6 manata satasan ki, yaxşı qazanc əldə edəsən.”

“Xarici ölkələrdə çəltik sahələrində bütün işlər texnika ilə görülür”

Rəşadət Quliyev
Rəşadət Quliyev

Ərazidə əkilməmiş, hektarlarla çəltik sahələri uzanır. Rəşadət Quliyev bunun səbəbini ağır əməkdə görür:

“Televizorda görürük. Xarici ölkələrdə çəltik sahələrində bütün işlər texnika ilə görülür. Bunun üçün texnika var. Bizdə isə yoxdur. Ağır əl əməyidir. İnsanlar dözmür”

Rəşadət Quliyevin qardaşı Orxan Quliyev də söhbətə qoşulub:

“Texnikadan, suvarmadan başqa daha bir problemimiz var. Hər il alaq əleyhinə dərmanları İrandan gətirərdik, qutusunu 3-5 manata. Həmin dərmanlar indi bizdə 25 manatdan yuxarıdır. Bundan 4-5 qutu almalıyıq. Bunsuz çox çətin olur. Türkiyədən, İrandan gəlir. Məhsuldarlığa təsir edir. Alaq çox olanda, məhsul az olur. İndi də karantindir (Koronovurus pandemitası ilə bağlı Azərbaycana giriş və çıxış dayandırılıb-red) , ona görə də bahadır.”

“İldən ilə xərc artır, gəlir azalır”

Çəltik sahəsi yaxınlığında yol çəkilişi davam edir
Çəltik sahəsi yaxınlığında yol çəkilişi davam edir

Rayonun başqa bir sıra kəndlərinin də sakinləri çəltikçiliklə məşğul olurlar. Əkin sahəsindən İrana dəmiryolu çəkilib. Avtomobil nəqliyyatı yolunun çəkilişi üçün də hazırlıq gedir. Hektarlarla əkin sahələri bu yolların altında qalıb. Nəticədə onlarla kəndli torpaqdan məhrum olub. Artuba kənd sakini Eldar Rzayev də belə kəndlilərdən biridir:

Yaşamaq çətindir. İldən-ilə xərc artır, gəlir azalır. Çünki əkində istifadə edilən vasitələr bahalaşır, düyünün qiyməti yerində qalır.Düyünün qiymətini də qaldıranda satılmır. Həm də əhalinin alcılıq qabiliyyəti aşağıdır.”

Ondan “bəs pay torpağının evezində kompensasiya almadınmı” deyə soruşduq. O, kompensasiya aldığını təsdiqlədi. Rəqəm deməyən kəndli daha sonra da vurğuladı ki, qiyməti o yox hökumət müəyyən edib.

“Şikayətə baxmırlar”

Feyruz Novruzov
Feyruz Novruzov

Başqa bir kənd sakini Feyroz Novruzov da həmkəndlisnin sözlərinə əlavə olaraq dedi ki, şikayətlərə qulaq asan yoxdur:

“Hazırda 10 sot əkmişəm, 4 baş ailə.Mənim pay torpağım bu qədərdir. Dolanmaq olmur. Düyü evə sərf olunur. Bu qədər torpaqla uşağa təhsil vermək olarmı? Heç yaxşı qidalanmaq olmur. Gedirsən dərdini danışırsan, dinləyən yoxdur. Şikayətə baxmırlar. Necə yaşayırıq, necə dolanırıq, heç kimi maraqlandırmır.”

“Yeni islahat lazımdır”

Çəltik sahəsi
Çəltik sahəsi

Fermer Tural Kazımov kəndlilərin bəhs etdiyi problemə aydınlıq gətirməyə çalışır:

“Torpaq islahatı 20 ildən də əvvəl gedib. Hər bir ailə üzvünə 7 sot torpaq düşüb. Ata da bu torpağı ailə üzvlərinin arasında bölüb. Övladların da övladı dünyaya gəlib. Həmin torpaqla bu yeni ailə ev tiksin, uşaqları yedirtsin, təhsil versin? Bu mümkün deyil. Biz kəndə yaşayırıq. Kəndə yaşayanın torpağı yoxdursa o köçmək məcburiyyətindədir. Gənclər ona görə kəndlərdə qalmırlar. Əkirsən, biçirsən, görürsən ki, əlində heç nə qalmır. Mən belə hesab edirəm ki, hökmət kəndə diqqəti artırmalıdır. Yeni islahat lazımdır. Belə yaşayış bizi qane etmir. Torpaq kənddə yeni ailəni dolandıra bilmir.”

İdarə müdirindən cavab

Astara rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Etibar Abbasov isə əkin sahələrinin suvarılmasında problemin olması haqqında deyilənləri qəbul etmir. Amma o, texnika sarıdan çatışmazlıqların olduğunu bildirir:

“Su problemi yoxdur. Xanbulan suyu buraxıb. Həll etmişik. Çayda da bəs qədər su var, su sahələrə gəlir. Texnika problemi var, köhnə texnikalardır. Şəxsi traktorlardır, onalara göstəriş verə bilmirik. Onlar harada istəyirlər orda da işləyirlər.


Məndə də texnika parkı yoxdur ki, onlara texnika verim. Lənkəranda “Aqroservis” filialı var, onlarda da bizə yararlı olan sepli traktor yoxdur. “Belarus” traktordur, o da çəltik sahələrində işləyə bilmir.”

Onun sözlərinə görə bu il Astara rayonunda 150 hektarada çətlitk əkini nəzərdə tutlub. Artıq 40 hektarda əkin aparılıb.

“Azərbayacan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət proqramı” qəbul edilib. Ölkə prezidentinin 2018-ci il 9 fevral tarixli sərncamı ilə bu Proqram təsdiq edilib.

Dövlət bir sıra kənd təsərrüfatı məhsulları kimi çəltik sahələrinə də hər hektara görə, subsidiya verir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə, dövlət büdcəsinin vəsaiti hesabına 50 manat ayrılır. Bundan başqa buğda və çəltik əkinlərinə görədə əlavə 40 manat verilir.

Ekspertlərin bildirməsinə görə, ölkənin düyüyə illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur.

Çəltik əkini
Çəltik əkini
Çəltik sahələrində texnika çatışmazılığı da var
Çəltik sahələrində texnika çatışmazılığı da var
Çəltik əkinində qadın əməyi
Çəltik əkinində qadın əməyi

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG