Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:15

'Çəkilən xərclər suda batıb'


Arxiv foto
Arxiv foto

Cənub bölgəsində aramsız yağan yağış Masallı rayonun Təklə kəndinin əkin sahələrində də problemlər yaradıb. Kənd sakinlərinin demələrinə görə, hər il sel suları nəticəsində ziyana düşürlər. Sakinlərdən Səmədağa Həsənov bu il də eyni problemlərlə üzləşdiklərini söyləyir:

“ Günlərdir çay daşıb, örüş yerlərini su basıb. Əhali inəklərini 4 gün bağlı halda saxladılar.Yuxarıda “Ağ daş” deyilən su anbarı var. Deyirlər ki, anbarın suyunu çaya buraxıblar. Həmin anbarda normadan artıq su olanda onu çaya axıdırlar. Burdan da fasiləsiz yağan yağış işləri çətinləşdirib. Masallı rayonun su-kanal idarəsinin məsul işçisi gəlmişdi. Biz etiraz etdik. Arpa və kartof sahələri, örüş yerləri günlərlə su altında qaldı. Mənim su altında 1 hektar buğda sahəm var. Qonşumun da 1 hektarı var. Hərə əkib, xərc çəkilib. Əkinə son qəpiyimizi qoymuşuq. Əkin 5 gün su altında qalandan sonra zay olur.”

“OT DA BAHADIR”

Kənd sakini Mütəllim Zeynalov həmkəndlisinin sözlərinə bunları əlavə edir:

“Su əkin yerlərini basmışdı. Son vaxtları su bir az çəkilib. Ancaq vəziyyət ağır olaraq qalır. Çay daşıb. Məsələni həll etmək olardı.Çayı vaxtında təmizləmək lazım idi. Amma indi heç bir texnika ora girə bilməz. Gözləməkdən başqa çarə yoxdur.Vaxtında tədbirlər görülsəydi belə də olmazdı. Su anbarı da normadan artıq su buraxmamalıdır. Çayın tutumu var.Su artıq olanda daşır.”

Astaranın Pensər kəndindən keçən çay, 4 sentyabr 2012
Astaranın Pensər kəndindən keçən çay, 4 sentyabr 2012

​Onun fikrincə su altında qalan sahələrin məhsulu yaxşı olmayacaq:

“Bu il məhsul çətin ki, yaxşı olsun.Çəkilən xərclər suda batdı...”

“MƏHSULUN OLMASI SUAL ALTINDADIR”

Kəndin başqa bir sakini Məmmədağa Yaşarov problemin həll olunacağına inamsızdır:

“Dörd hektar əkin yerim var.Onun 1,5 hektarında kartof əkmişəm.Buğda da əkmişəm. Məhsulun olması sual altındadır. Belə getsə dəmir yolun yanından keçən çay da partlayacaq. Su daşandan sonra nə iş görə bilərlər ki?”.

​Kənd sakini Fayıq Cəfərov da eyni məsələdən gileylidir:

“1 hektar kartof, 5 hektar da taxıl əkmişəm. Əkini su basıb...”

“MƏHSULDARLIQ AŞAĞI DÜŞƏCƏK”

Natig Əbilov
Natig Əbilov

​Kənd təsərrüfatı üzrə mütəxəssis Natiq Əbilov bu il əkin sahələrində məhsuldarlığın aşağı olacağını proqnozlaşdırır:

“Fasiləsiz yağan yağışlar taxılın və kartofun məhsuldarlığına təsir edəcək. Məhsuldarlıq aşağı düşəcək. Havalar soyuq keçir. Bu da məhsulun yetişməsini gecikdirir. Bəzi meyvə ağacların çiçək açdığı vaxtdır. Hava belə davam etsə ziyan olacaq.”

“HAZIRDA ORDA KOMİSSİYA İŞLƏYİR”

​Masallı rayonun su-kanal idarəsinin məsul şəxslərindən iradlara münasibət almaq mümkün olmayıb. Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bu barədə məlumatlarının olduğunu deyib:

“Təklə kəndinin əkin sahəsi Cəlilabad rayonu ilə qonşudur. Çay da Cəlilabad ərazisindən gəlir.Orada su anbarı var, dolanda suyunu buraxırlar çaya. Cəlilabadda güclü yağış yağıb, anbarın suyunu buraxıblar. Nəticədə Təklə kəndindəki örüş yerləri və 20 hektar taxıl sahəsi su altında qalıb.Yaxşıdı ki, su kəndə girməyib. Hazırda orda komissiya işləyir. Dəymiş zərər aktlaşdırılacaq və Fövqəladə Hallar Nazirliyinə göndəriləcək. Kartof sahələrinə ziyan dəyməyib.”

N. Muxtarlının bu dediklərinə Cəlilabad rayonunun əlaqəli qurumlarından isə münasibət almaq cəhdləri, hələlik, nəticə verməyib.

XS
SM
MD
LG