Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:18

Ceyhun Nəbi 'bandotdel'də saxlandığını deyir


C.Nəbi

Ceyhun Nəbi sosial şəbəkələrdəki tənqidi yazılarına görə saxlandığını bildirir.

Bu haqda AzadlıqRadiosuna artıq evlərində olan C.Nəbi özü danışıb.

«Ayın 23-də saxladılar. Şəmkir Rayon Polis İdarəsinin əməkdaşları gəlib apardı. İdarəyə aparmışdılar. Ardınca Bakıya gətirdilər», - deyən C.Nəbinin sözlərinə görə, onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (el arasında «bandotdel» deyilir) yerləşdiriblər.

3 gün orda saxlandığını vurğulayan C.Nəbi deyir ki, idarədə onun sosial şəbəkələrdəki statusları araşdırılıb, müstəntiqlərin suallarını cavablandırıb: «Bu gün də dedilər ki, sərbəstsən, çıxıb gedə bilərsən».

C.Nəbi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onunla rəftardan razı olduğunu, hər hansı işgəncəyə məruz qalmadığını da qeyd edib.

Gənc fəalın bu dediklərinə, hələlik, sözügedən idarə və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

C.Nəbi azadlıqda
C.Nəbi azadlıqda

Ceyhun Nəbi sərbəst buraxılıb

4 gündür yerinin bilinmədiyi gənc fəal, «Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi»nin rəhbəri Ceyhun Nəbi sərbəst buraxılıb.

Bu haqda AzadlıqRadiosuna gənc fəalın atası Sərdar Nəbiyev danışıb. Onun sözlərinə görə, oktyabrın 26-da günortadan sonra ona bir neçə gündür xəbər ala bilmədiyi oğlu zəng edib.

«Zəng etdi mənə. Bildirdi ki, sərbəst buraxıblar. Dedi ki, evə gəlir, (saat 16:00 radələri) metronun «28 May» stansiyasının yaxınlığında olduğunu bildirdi», - atası deyib.

O, oğlunun başına gələnlərlə bağlı başqa heç bir məlumatının olmadığını söyləyib: «Mənə dedi ki, evə gəlirəm, gəlib hər şeyi danışacağam. İndi də oturub gəlməsini gözləyirəm».

T.Yaqublu: «Hakimiyyəti sosial şəbəkələrdə tənqid edənlər...»

Oktyabrın 26-da gənc fəal, «Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi»nin rəhbəri Ceyhun Nəbi ilə bağlı bir sıra hüquq müdafiəçiləri, ictimaiyyət təmsilçiləri və siyasətçilərin iştirakı ilə toplantı keçirilib.

Toplantıda vurğulanıb ki, artıq 4 gündür C.Nəbidən xəbər yoxdur.

Atası Sərdar Nəbiyev deyib ki, C.Nəbi son 3 ayı Rusiyada olub, oktyabrın 23-də səhər vaxtı yaşadığı Şəmkir rayonuna gəlib: «Bir az keçəndən sonra evdən çıxdı ki, dostları ilə görüşsün. Az keçmədi ki, dostları onun polis tərəfindən saxlandığı xəbərini verdilər. Rayon polisinə getdim, görüş vermədilər və dedilər ki, Ceyhunu Bakıya aparıblar».

S.Nəbiyev deyib ki, oktyabrın 23-dən bu yana nə qədər axtarsa da, oğlunun harada saxlandığını müəyyən edə bilmir: «Ombudsmana, Daxili İşlər Nazirliyinə müraciət etmişik, məktub yazmışıq, cavab vermirlər. Artıq dördüncü gündür bilmirəm ki, oğlumu niyə saxlayıblar. Hansı günahın sahibidir, nə edib ki, saxlayıblar?..».

Hüquq müdafiəçisi Oqtay Gülalıyev də deyib ki, şəxsin saxlanılması və bir neçə gün ondan xəbər tutula bilinməməsi təcrübəsi artıq Azərbaycanda ənənəyə çevrilib: «Siyasi və ictimai fəalların belə saxlanması bundan əvvəl də olub. Yaxın vaxtlarda Rusiyadan gələn müsavatçı fəal Azad Həsənov da saxlandı və məlum oldu ki, Kürdəxanıdakı təcridxanaya aparılıb. İndi də Ceyhun Nəbini saxlayıblar».

Keçmiş məhbus, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da bildirib ki, bu, sıradan bir həbs deyil: «Hakimiyyəti sosial şəbəkələrdə tənqid edənlər həbs olunur».

NİDA Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli isə vurğulayıb ki, bu tədbiri keçirməkdə məqsədləri bütün baş verənləri ictimailəşdirməkdir.

Bütün bu deyilənlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Ancaq Azərbaycan rəsmiləri, bir qayda olaraq, insanların tənqidi çıxış və yazılarına görə təqib edilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Dünən, oktyabrın 25-də də prezident İlham Əliyev Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda bunları deyib: «Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı...».​

Atası: «Ceyhunun saxlandığı yeri öyrənə bilməmişik»

«Oğlum Ceyhunun saxlandığı yeri, hələ ki, öyrənə bilməmişik».

Bunu AzadlıqRadiosuna yaxınları və dostlarının oktyabrın 23-dən haqqında məlumat ala bilmədikləri ictimai fəal Ceyhun Nəbinin atası Sərdar Nəbiyev bildirib.

S.Nəbiyev deyir ki, Ombudsman Aparatına və Daxili İşlər Nazirliyinə müraciətlərinə də, hələ ki, cavab almayıblar.

«Amma müraciətləri davam etdiririk. Yəni ki, əvvəl-axır bir nəticə alınar»,-deyə S.Nəbiyev bildirib.

Ceyhun Nəbinin yeri bilinmir

«Hələ ki, Ceyhunun harada saxlanması ilə bağlı bir xəbər yoxdur».

Bunu AzadlıqRadiosuna «Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi»nin rəhbəri, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) fəalı Ceyhun Nəbinin atası Sərdar Nəbiyev bildirib.

S.Nəbiyev hələ oktyabrın 24-də bildirmişdi ki, Rusiyadan Azərbaycana yenicə qayıdan oğlu C.Nəbi oktyabrın 23-də yaşadığı Şəmkir rayonunda saxlanaraq Bakıya gətirilib. Amma polisdən oğlunun harada saxlandığını öyrənə bilməyib. Onun sözlərinə görə, oktyabrın 25-də C.Nəbinin saxlandığı yer kimi ehtimal edilən Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gediblər.

«Amma burada hər hansı informasiya vermədilər. Onu da deyim ki, Ceyhunun saxlanması ilə bağlı DİN-in «102» qaynar-xəttinə də xəbər vermişik, hələ də cavab yoxdur»,-deyə S.Nəbiyev bildirib.

S.Nəbiyev vurğulayıb ki, C.Nəbidən ötrü vəkil tutmaq qərarına gəliblər. Bundan əlavə, oğlunun saxlanması ilə bağlı Ombudsman Aparatına və Daxili İşlər Nazirliyinə rəsmi müraciət hazırlayırlar.

Bütün bu deyilənlərə, hələlik, DİN və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

C.Nəbi Cümhuriyyət dövrünün araşdırıcısıdır, bu tarixdən bəhs edən «Sovetlərlə üz-üzə» kitabının müəllifidir.

Son illər Azərbaycanda bir çox fəallar həbs edilərkən onların yerini öyrənmək bir neçə gün mümkün olmur. Hüquq-mühafizə orqanları saxlanan şəxsin vəkili və yaxınlarına yalnız bir neçə gündən sonra məlumat verirlər.

Rəsmi qurumlar bu halın qanunsuz olması ilə bağlı hüquqşünasların konkret tənqidlərinə münasibət bildirmirlər. Onlar ümumilikdə, bir qayda olaraq, ölkədə bütün azadlıqlara hörmət edildiyini bəyan edirlər.

XS
SM
MD
LG