Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 17:40

Yerevan Qarabağın statusu 'əsas və prinsipial məsələdir' deyir


Edmon Marukyan
Edmon Marukyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdə Yerevan Bakıya həm də “əlbəəl” 6 bənddən ibarət sənəd verib və bu sənədə Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi, habelə Dağlıq Qarabağın yekun statusu məsələsi daxildir.

Bunu mayın 10-da Armenpress agentliyinin sualına cavabında Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib.

"İki gündəlik"

Marukyan vurğulayıb ki, erməni tərəfi sülh müqaviləsinə dair danışıqlara “iki gündəlik” əsasında başlanmasını təklif edib. Marukyanın sözlərinə görə Azərbaycan tərəfi bu təkliflə razılaşıb və bundan sonra sülh müqaviləsinin bağlanması üçün danışıqların başlanmasına dair razılaşma əldə olunub.

Mayın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhum Bayramov deyib ki, Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin beş baza prinsipinə dair sənəd vermişdi. Onun sözlərinə görə “Ermənistan bu prinsipləri məqbul saymadığını bildirib”.

Azatutyunun yazdığına görə Yerevanın hansı təklifləri verdiyini açıqlamayan Bayramov deyib ki, “Ermənistan tərəfindən verilmiş sənədi təklif adlandrımaq olmaz”.

Azatutyunun yazdığına görə rəsmi Yerevan bəyan edib ki, Bakının verdiyi təkliflərdə əslində məqbul olmayan heç nə yoxdur.

Bundan sonra Yerevanın Bakıya cavabından danışan Ermənistan xarici işlər naziri bəyan edib ki, erməni tərəfi üçün “prinsipial və əsas məsələ Dağlıq Qarabağ ermənilərinin hüquq və azadlığının dəqiq təminatı və Dağlıq Qarabağın yekun statusunun dəqiqləşdirilməsidir”.

Ceyhun Bayramov Ermənistanın təkliflərindən danışdı

Bugün, mayın 10-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən sülh danışıqları ilə bağlı onların beş təklifinə Ermənistanın altı təkliflə cavab verməsinə münasibət bildirib.

"Buna təklif demək olmaz"

O vurğulayıb ki, sənədə baxdıqda buna təklif demək olmaz. Onun qeyd etməsinə görə, həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunu Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi.

Nazir vurğulayıb ki, həmin altı bənddən biri Azərbaycan tərəfinin 21 fevral tarixli baza prinsiplərini nəyə görə Ermənistana martın əvvəlində təqdim etməsi sualından ibarətdir. Onun əlavə etməsinə görə, növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur: "Hələ 1992-ci ildə Azərbaycan və Ermənistan Müstəqil Dövlətlər Birliyinə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bu, müəyyən mənada Azərbaycanın təqdim etdiyi baza prinsipinin təkrarlanmasıdır".

C.Bayramov bildirib ki, daha bir bənddə ölkə liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrasının vacibliyi qeyd olunur: "Bu da sual doğuran məqam deyil. Növbəti bənd də ondan ibarətdir ki, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqların təşkili üçün Minsk qrupunun həmsədrlərinə müraciət edir".

Nazirin vurğulamasına görə, bu, o zaman baş verir ki, Ukrayna hadisələri fonunda Minsk qrupunun həmsədrləri arasında heç bir əlaqə mövcud deyil: "Demək olar ki, bu qrup iflic vəziyyətdədir".

Ermənistan tərəfindən açıqlama

Bu günlər Ermənistan rəsmiləri də irəli sürdükləri altı təkliflə bağlı açıqlamalar veriblər. Onlar hesab edirlər ki, iki ölkənin bir-birlərinin ərazi bütövlüyü və suverenliyini tanıması ilə iş bitmir.

Ermənistan rəsmilərinin fikrincə, uzunmüddətli sülhdən ötrü bütün problemlərə toxunulmalıdır. Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan da deyib ki, "erməni tərəfi üçün Artsax (Dağlıq Qarabağ – red.) ermənilərinin hüquq və azadlıqlarının birmənalı şəkildə təmin olunması, onun statusunun isə daha yüksək səviyyədə təmin olunması vacibdir".

Azərbaycanın beş prinsipi

Azərbaycan isə bundan öncə, martın əvvəllərində Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinsipi təqdim etdiyini açıqlamışdı. Onlar dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlı olub.

Ermənistan isə, öz növbəsində, Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi.

Lavrovun Minsk qrupu haqqında dedikləri və ona cavab

ATƏT-in Minsk qrupu mövzusu da ötən ay, aprelin 9-da Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Moskvada Ermənistandan olan həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında gündəmə gəlmişdi. S.Lavrov orada demişdi ki, ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiya ilə bu qrupda əməkdaşlıqdan imtina ediblər. S.Lavrovun sözlərinə görə, Qərb münaqişənin tənzimlənməsindəki maraqlarını Rusiya ilə fikir ixtilafına qurban verib. Lakin Minsk qrupunun digər iki həmsədrləri- ABŞ və Fransa buna fərqli münasibət bildirmişdilər. Onlar bəyan etmişdilər ki, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına dəstək verməyə hazırdırlar.

Üstəlik, ötən ay iki ölkə arasında danışıqlar Avropa İttifaqının vasitəçiliyi ilə aparılmışdı. Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakıyla keçirilən görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il isə tərəflər arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlı daha iki bəyanat imzalanmışdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG