Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Taksidə siqaret çəkənlər də cərimələnəcək


Ölkə parlamenti siqaretlə bağlı qadağaların dairəsini bir az da genişləndirib.

Milli Məclis bu gün, oktyabrın 1-də İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişikliklər edib.

Deputatlar həmin məcəllənin 212 və 322-ci maddələrinə dəyişiklik layihəsini müzakirəyə çıxarıb, qəbul ediblər.

Məcəllənin “Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi” adlanan 212-ci maddəsinə 5-ci bənd əlavə olunub.

Əlavə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qadağan edilən yerlərdə tütün çəkilməsinə şərait yaradanların, tütün çəkilməsini təklif edənlərin cərimələnməsini nəzərdə tutur. Belə durumlarda vəzifəli şəxslər 500, hüquqi şəxslərsə 1200 manat cərimə ediləcəklər.

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasının cəzası 50, yetkinlik yaşına çatmayanların tütündən istifadəyə cəlb edilməsinin cəzası isə 100 manat olacaq.

Taksidə siqaret çəksən cərimə ödəyəcəksən

İnzibati Xətalar Məcəlləsinə edilmiş başqa dəyişiklik isə taksilərdə siqaret çəkilməsini yasaqlayır.

Məcəllənin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması” adlanan 322-ci maddəsinə müvafiq dəyişiklik olunub.

Dəyişikliyə görə, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində, taksilərdə siqaret çəkənlər 40-50 manat cərimə olunacaqlar.

Xatıırlatma

Azərbaycanda siqaretlə bağlı qanunvericilik ötən il də sərtləşdirilib.

Parlament ötən ilin dekabrında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul edib.

Tütündən istifadənin və tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edən həmin qanun səhiyyə, elm, təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, sirk binalarında, sərgi və nümayiş salonlarında siqaret çəkilməsini qadağan edir.

Habelə, bura idman yarışları, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallar, ticarət, məişət, sosial xidmət obyektləri daxildir.

Siqaret çəkməkdən ötrü ayrılan xüsusi yerlər istisna olmaqla hava, dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində də siqaret çəkməyə qadağa qoyulur.

Qanun iş yerlərində siqaret çəkilməsinə yerin ayrılmasını işəgötürənin ixtiyarına buraxır. Yasaqları pozanlar mülki, inzibati qaydada məsuliyyət daşıyırlar.

İnzibati Xətalar Məcəlləsi ictimai yerlərdə siqaret çəkilməsinə görə, cəza olaraq cərimə nəzərdə tutur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG