Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:19

Cənubi Koreyada prezidentin rəfiqəsiylə bağlı qalmaqal


Cənubi Koreyanın prezidenti Park Geun Hye
Cənubi Koreyanın prezidenti Park Geun Hye

Cənubi Koreayada indiyədək görünməmiş, ən gurultulu və qeyri-adi siyasi qalmaqal böyüməkdədir.

İddialara görə, ölkəni dörd ildir prezident yox, onun siyasətə dəxli olmayan rəfiqəsi idarə edir.

Prokurorluq prezident Park Geun Hye-nın işi üzrə araşdırmaya başlayıb. O, ölkəni rəfiqəsi Choi Soon-sil-in təsiri altında idarə etməkdə ittiham olunur. Rəfiqəsiylə bağlı da araşdırma gedir. O, prezidentlə yaxınlığından yararlanaraq varlanmaqda və qızına ali təhsil almağa yardım göstərməkdə suçlanır.

Cənubi Koreya prezidentinin reytinqi 1988-ci ildən bəri rəy sorğularında rekord həddə düşüb. İndi cəmi 5 faiz ona dəstək verir. Ölkənin minlərlə sakini prezidentin istefası tələbi ilə küçələrə çıxaraq etiraz edir.

Buna da bax: Azercell-də prezident qızlarının payı

Bu qalmaqal zamanı Park Geun Hye on yüksək vəzifəli məmuru işdən qovub və hökumətdə kadrların yenidən yerləşdirilməsinə başlayıb.

Prezidentin rəfiqəsi Choi Soon-sil kimdir?

İndi yaşı 60-ı ötən bu qadınlar hələ yeniyetmə çağlarından dostluq edirlər.

Park Geun Hye Cənubi Koreyanın keçmiş prezidentinin qızıdır. Onun anasını, ölkənin birinci xanımını 1974-cü ildə prezidenti öldürmək cəhdinə görə güllələmişdilər. Choi Soon-silin atası - “Əbədi həyat” dini sektasının lideri də prezident ailəsi ilə elə o zamanlar yaxınlaşıb.

O, Park Geun Hye-nin hamisinə çevrilir, gənc qızı inandırır ki, ölkənin gələcək prezidentinin anası onun yuxusuna girib və qızına yardım etməsini istəyib. Dini lider Park Geun Hye-a ölkənin gənc könüllülər hərəkatını idarə etməkdə yardım göstərir. Onun qızı Choi Soon-sil də hərəkatın liderlərindən idi.

Buna da bax: Prezident ailəsinin qızıl biznesində iflas - ziyanı vətəndaş ödəyir - [Araşdırma]​

Park Geun siyasi karyerasına başlayanda Choi qadınlardan ibarət “səkkiz mələk” qrupunu yaradır, onlar prezidentin qeyri-rəsmi məsləhətçilərinə çevrilirlər.

Park Geun Hye ittihamlarla bağlı nə deyir?

Prezident iki dəfə rəsmi şəkildə üzrxahlıq edib. Sonuncu dəfə o, hüquq-mühafizə orqanlarıyla əməkdaşlığa söz verib, eləcə də ölkədəki qalmaqala görə “ürəyinin parçalandığını” söyləyib.

“Bu doğrudur, mən ehtiyatlılığı əldən verdim, çünki o, ən çətin vaxtlarımda yanımda olub”, – prezident deyib.

Müxalifət hələ də hakimiyyət başında duran prezidentin səmimi olmadığını düşünür.

Prezidentlə rəfiqəsini nədə ittiham edirlər?

Choi Soon-sil rəsmi şəxs olmasa da, rəfiqəsinin seçkiqabağı kampaniyasında və hakimiyyəti dövründə ona məsləhətlər verib.

Cənubi koreyalı jurnalistlərin əlinə Choi-nin olduğu deyilən köhnə planşeti keçib. Orda prezident çıxışlarının 44 qaralaması tapılıb. Güman olunur ki, onları Choi Soon-sil redaktə edib. Həmçinin onun prezidentə hansı qərarları qəbul etməli, rəsmi görüşlərdə necə geyinməli olması ilə bağlı yol göstərdiyi deyilir.

Choi prezidentlə yaxınlıqdan yararlanaraq özəl şirkətlərə idarə etdiyi fondlara 69 milyon dollar ianə vermələri üçün basqı göstərib.

Anasının sayəsində prezident rəfiqəsinin qızı nüfuzlu universitetlərdən birinə girib. Dərsləri buraxmasına və pis qiymətlərə rəğmən universitetdə təhsilini davam etdirib.

Prezidentin rəfiqəsi nə deyir?

Choi Soon-sil həbs edilib. O, Cənubi Koreyada böhrana səbəb olduğuna görə üzr istəyib. Vəkili Choi-nin bu məsələdə hüquq-mühafizə orqanlarıyla əməkdaşlıq edəcəyini deyir.

Prezident rəfiqəsi 20 gün həbsdə qaldıqdan sonra ona ya rəsmi ittiham irəli sürüləcək, ya da sərbəst buraxılacaq.

Prezidentin impiçmenti mümkündürmü?

Bunun üçün parlamentin üçdə ikisi qərarın lehinə səs verməlidir, o, vəzifədən uzaqlaşdırılan kimi işi Konstitusiya Məhkəməsinə göndərilməlidir. Burda 9 hakimdən, azı, altısı onun impiçmentini dəstəkləməlidir.

Ancaq müşahidəçilər Cənubi Koreya parlamentində çoxluğun hökumətyönlü olduğundan prezidentin impiçmentinə səs verməyəcəklərini güman edirlər. Bundan başqa, prezidentin təyin etdiyi 9 hakimdən üçü impiçment haqda qərarı bloklaya bilərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG