Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:34

Elektriklə işləyən yeni avtomobillər yaradılır


Cenevrə Motor Sərgisi
Cenevrə Motor Sərgisi

Builki Cenevrə Beynəlxalq Motor Sərgisində avtomobil istehsalçıları əvvəlki illərə nisbətən daha çox elektrik avtomobili sərgiləyəcəklər.

Ötən həftəsonu ABŞ prezidenti Donald Trump mümkün ticarət müharibəsində Avropa maşın istehsalçılarına xüsusi tariflər tətbiq edəcəyini deyib. Trump-ın bu hədəsi Avropa avtomobil şirkətlərini əndişələndirib.

Bir dəfəyə 498 kilometr

Üç iri alman avtomobil istehsalçısı - Volkswagen, Daimler BMW — bu imkandan yararlanaraq özlərinin yeni hay-tek elektrik maşınlarını sərgiləyəcəklər. Bu istehsalçılar dizellə işləyən avtomobillərlə bağlı ciddi problemlər yaşayıblar. Almaniya şəhərlərində dizeldən istifadənin yasaqlanması cəhdləri bu problemlərdən biridir. Bundan başqa, şirkətlərin laboratoriya təcrübələrində meymunlardan istifadəsiylə bağlı da qalmaqal yaşanmışdı.

Martın 8-də açılacaq Motor Sərgisi martın 18-dək davam edəcək.

Yeni texnologiyaları ucuz və funksional etməyə çalışan avtomobil istehsalçıları bir-biri ilə yarışır.

Sərgiyə gətirilmiş avtomobillərdən bəziləri, o cümlədən Volkswagen-in avtonom (özü idarə olunan) və batareya ilə işləyən I.D.Vizzion modeli hələlik istehsala hazır olmayan konseptlərdir. Ancaq burada artıq yaxın aylarda satışa çıxarılacaq maşınlar da nümayiş etdiriləcək. Jaguar Land Rover-in batareya ilə işləyən Jaguar I-Pace SUV modeli belə avtomobillərdəndir. Onun yenidən yükləməyə qədər qət edə bildiyi maksimal məsafənin 498 kilometr olduğu bildirilir.

Elon Musk-ın 'inqilabi' adlandırdığı maşın gəldi
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Tesla-nın alıcılarını ələ keçirmək

Mercedes-Benz özünün EQ elektrik brendində yeniliklər edib. Hyundai-sa bir dəfəyə 300 km və 470 km məsafə qət etməyə qadir Kona Electric modellərini göstərəcək. BMW və Jaguar kimi lüks maşın istehsalçıları sərgidən əliboş getməməyə, Tesla-nın potensial alıcılarının bir hissəsini ələ keçirməyə ümid edirlər.

Texnoloji dəyişikliyə gəlincə, sərgidə müzakirə mövzusu təkcə avtomobillər olmayacaq. Alman avtomobil istehsalçıları və Ford özlərinin müştərək Ionity şirkəti vasitəsilə bütün Avropa ərazisində elektrik maşınları üçün sürətli yükləmə stansiyaları şəbəkəsi qurmaq üzərində çalışırlar. Bu işdə məqsəd elektriklə çalışan maşınları alıcılara daha cəlbedici etmək və belə maşınların daha uzun yol gedə bilməsinə imkan yaratmaqdır. Hazırda bir çox elektrik modelləri evdə gecə ərzində bir neçə saata yüklənir və yalnız qısa məsafələrə səfərlərdə istifadə olunur. Ionity-nin 350 kilovat/saatlıq yükləmə qabiliyyəti yükləmə vaxtını 15 dəqiqəyə qədər azalda bilər.

Hökumətlər havanın çirklənməsini önləmək istiqamətində çalışdıqca, avtomobil istehsalçılarına daxili yanma mühərrikindən fərqli mühərriklər hazırlamaları üçün daha çox təzyiq göstərirlər. Ötən həftə alman məhkəməsi havası çirklənmiş şəhərlərin dizellə çalışan köhnə modelləri qadağan etməsinə icazə verib. Məhkəmənin bu qərarından sonra məsələ daha da ciddiləşib. Onsuz da 2015-ci ildə Volkswagen-in havaya buraxılan qazların həcminə dair yalan məlumat verməsi ilə bağlı qalmaqal belə avtomobillərin satışını azaltmışdı.

Xidmətlərdən yararlanmaq

Avtonom avtomobillərin artması sayəsində insanlar maşın sahibi olmaqdansa, xidmətlərdən yararlanmağa üstünlük verə bilərlər. IHS Markit şirkətinin təhlilçilərinin hesablamalarına görə, avtonom maşınların ilk ciddi həcmli satışı 2021-ci ildə baş verəcək. 2021-ci ildə 51 min belə maşının satılacağı, 2040-cı ilədəksə satışın ildə 33 milyon ədədə çatacağı gözlənilir.

Sərgidə göstəriləcək avtomobillərin bəziləri artıq ictimaiyyətə təqdim olunub. Şirkətlər öz yeni məhsullarını çox sayda avtomobilin olduğu yerdə sərgiləməkdənsə, onların ayrıca təqdimat mərasimlərini keçirməyə üstünlük verirlər. Mercedes-Benz-in A-Class seriyasından kiçik hetçbek modeli artıq fevralın 2-də Amsterdamda ictimaiyyətə təqdim edilib. Avtomobil səslə işə salına bilən naviqasiya, telefon, musiqi, qızdırıcı və kondisioner sistemləri ilə təchiz olunub. Bu bir növ Amazon və Google-un evdə istifadə üçün buraxdığı cihazlara bənzəyir. Jaguar I-Pace-insə təqdimatı ötən həftə Avstriyanın Qrats şəhərində keçirilib.

Cenevrə sərgisində, bir qayda olaraq, çox gözəl, son dərəcə sürətli və çox bahalı avtomobillər nümayiş etdirilir. Məsələn, lüks maşın istehsalçısı McLaren qiyməti nə az, nə çox, 1.03 milyon dollar olan Senna modelini göstərəcək. Şirkət hazır modellərin hamısının artıq satıldığını bildirib.

XS
SM
MD
LG