Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 20:59

Çeçenistan deputatları gəlir bəyannamələrini dərc ediblər. İndi onların hamıdan şəffaf, yoxsa hamıdan harın olduğunu anlamağa xeyli baş sındırmaq lazımdır.

Rusiyanın regionlarında korrupsiya ilə mübarizə aparanlar, bir qayda olaraq, yaxın qohumlarını işə düzəldən məmurları araşdırırlar. Ancaq Çeçenistanda buna ehtiyac qalmır. Çünki deputatların özləri hər şeyi bəyan edirlər.

İLƏ 552 MİN DOLLAR

Demək olar ki, Şimali Qafqaz rəhbərlərinin hamısı 2016-cı il üçün gəlir bəyannamələrini təqdim ediblər. Yalnız Çeçenistan rəhbəri Ramzan Kadyrov öz bəyannaməsini mayın ortalarında dərc edəcəyini bildirib. Hələlik, onların arasında ən varlısı Osetiya rəhbəri Vyacheslav Bitarov-dur. O, ötən il 31.5 milyon rubl (552 min dollar) qazandığını bəyan edib.

Ancaq ən çox maraq yaradan Çeçenistan parlamentinin üzvlərinin açıqlığı olub. Bəlli olub ki, onların həyat yoldaşları təkcə evdə yox, işdə də onlara kömək edirlər. Nə Dağıstanın, nə də Osetiyanın deputatlarında belə hallar gözə dəymir.

Çeçenistan parlamentinin rəhbəri Magomed Daudov-un həyat yoldaşı ərinin aparatında çalışır. O, ötən il 1 milyon rubl (17 min 530 dollar) qazanıb. Daudov-un özü isə ötənilki gəlirlərini 6.5 milyon rubl (115 min dollar) göstərib. Xatırladaq ki, bu cütlüyün doqquz uşağı var.

Magomed Daudov-un xanımı təkcə evdə yox, parlamentdə də onun köməkçisidir.
Magomed Daudov-un xanımı təkcə evdə yox, parlamentdə də onun köməkçisidir.

HƏYAT YOLDAŞLARINI DA İŞƏ GÖTÜRÜRLƏR

Deputat Said-Hamzat Zhamalullail da həyat yoldaşını yanında işə götürüb. Deputatın öz gəlirləri 1.4 milyon rubl (24 min 575 dollar), arvadınınkı isə 332 min rubl (5 min 830 dollar) kimi göstərilib. Parlament sədrinin müavini Said Yusupov-un xanımı da parlamentin aparatında çalışır. O, 2016-cı ildə cəmi 147 min rubl (2 min 580 dollar) qazanıb.

Çeçenistan parlamentinin iqtisadiyyat, investisiya siyasəti və əmlak münasibətləri komitəsinin sədri Shamil Magomaev-in həyat yoldaşı bağça müdirəsidir. Ötən il onun bu büdcə təşkilatından illik gəliri 1 milyon rubl (17 min 500 dollar) təşkil edib.

Deputat Salamu Asuev-in öz gəlirləri 782 min rubl (13 min 700 dollar) göstərildiyi halda, həyat yoldaşının «Kavkaz» MMC-dəki fəaliyyətindən gəlirinin 6.7 milyon rubl (117 min 600 dollar) olduğu bildirilir.

İMTİNA ETDİKLƏRİ DƏ OLUB

Ancaq çeçen deputatlar heç də həmişə bu qədər şəffaf olmayıblar. 2014-cü ildə onlar 2013-cü il üçün gəlir bəyannamələrini verməkdən qətiyyətlə imtina etmişdilər.

Parlamentin mərhum spikeri Dukuvakh Abdurakhmanov o zaman jurnalistlərə belə demişdi: «Siz mənim müharibədə məhv olmuş bankımı, 14 evimi, 11 mənzilimi və şəxsi təsərrüfatımı bərpa edin, sonra gəlirlərimlə maraqlanarsınız».

Ancaq sonradan qanunvericilikdə dəyişiklik edildi. Artıq gəlir bəyannaməsini təqdim etməyən deputatlar mandatlarından məhrum ola bilərdilər. Buna görə də, həm Abdurakhmanov, həm də həmkarları 2014-cü il üçün gəlir bəyannamələrini təqdim etməli olmuşdular.

Həyat yoldaşlarına gəlincə, qanunvericilikdə qohumların (həyat yoldaşları və övladların) adlarını və peşə fəaliyyətini açıqlamaq tələbi yoxdur. Ancaq bəzən vəzifəli şəxslər tələb olunandan artıq bilgi verirlər.

«Bu, könüllü atılmış addımdır. Əgər bu, kütləvi baş verirsə, deməli yuxarıdan, məsələn, parlamentin rəhbərliyi tərəfindən tapşırılıb», – deyə «Deklarator» layihəsinin rəhbəri Andrei Zhvirblis qeyd edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG