Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Cazmen balinalar


Qrenlandiya (qütb) balinası
Qrenlandiya (qütb) balinası

Alimlər ilk dəfə bütün ilboyu qütb balinalarının oxuduqları musiqini dinləmək qərarına gəliblər. Daha yaxşı tanınan donqar balinaların daha böyük, rəngi tünd maviyə çalan qohumları olan qütb balinaları Arktikada buzların altında hərəkət edirlər. Onların haqqında çox danışılmır.

Alimlər bu balinaların oxumasını müşahidə edərək aşkarlayıblar ki, onlar digər balinalardan daha məhsuldar və daha musiqilidirlər.

«Qütb balinaları Arktikanın caz ifaçılarıdır. Sizin onların nə edəcəyindən xəbəriniz yoxdur. Onlar yenilik gətirirlər», – Vaşinqton Universitetindən okeanoqraf Kate Stafford deyir.

Qütb balinalarının 184 mahnısı yazılıb

Stafford-un ötən həftə «Biology Letters» nəşrində dərc olunmuş məqaləsində deyilir ki, üç il ərzində bir sualtı mikrofonun köməyi ilə qütb balinalarının oxuduğu bir-birindən fərqli 184 mahnı qeydə alınıb. Bu, çox böyük tapıntıdır. Çünki Stafford-un sözlərinə görə, Qrenlandiya ilə Norveç arasındakı ərazidə cəmi bir neçə yüz erkək qütb balinasının yaşadığı ehtimal olunur. Musiqi isə məhz erkək balinaların işidir.

Stafford və həmkarları ayrı-ayrı mahnıların məhz hansı fərd tərəfindən oxunduğunu dəqiq müəyyənləşdirə bilməyiblər. Ancaq onlar mahnıların bir-birindən çox fərqləndiyini nəzərə alaraq, hər erkək fərdin fərqli mahnılar oxuduğunu, üstəlik, mahnıların mövsümdən-mövsümə dəyişdiyini ehtimal edirlər.

Stafford-un sözlərinə görə, qütb balinalarından fərqli olaraq donqar balinaların, demək olar, hamısı hər qış eyni mahnının müxtəlif versiyalarını oxuyur.

«Donqar balinalar klassik musiqi ifaçılarıdır. Onlar uzun, mürəkkəb mahnılar oxuyurlar. Ancaq onların mahnıları çox səliqəli olur və demək olar ki, öncədən bilinir», – alim deyir.

Yalnız erkək balinalar oxuyur

Bu vaxta qədər bioloqlar Arktikanın digər ərazilərində qütb balinalarının oxuduğu mahnıların yalnız ayrı-ayrı kiçik hissələrini eşidə bilirdilər. Onlarda donqar balinaların oxuduğu mahnıların çoxlu səs yazıları var. Çünki balinaların bu növünə daha çox rast gəlinir və onlar daha çox cənuba gedib çıxa bilirlər.

Alimlər yalnız erkək qütb balinaların mahnı oxuduğunu deyirlər. Onların sözlərinə görə, bu balinalar cütləşmək üçün oxuyurlar. Onlar dişi balinaları cəlb etməkdən ötrü improvizə edərək çox gözəl mahnılar yaradırlar. Stafford deyir ki, bu mahnılar ona Miles Davis-in «Bitches Brew» albomunu xatırladıb. Hərçənd, alim qütb balinalarının musiqisinin hamı üçün olmadığını da etiraf edib.

«Bu mahnılar mənə çox gözəl görünür, ancaq bəzi adamlar onları dırnaqlar taxta lövhəyə sürtülən zaman çıxan səsə bənzədirlər. Onlar qışqırıqla doludur və çox məzəlidir», – Stafford deyir.

«İrəliyə doğru böyük addım»

200 yaşına qədər yaşaya bilən qütb balinalarının uzunluğu bəzən 18 metri keçir. Onlar mahnılarına çox yüksək notlarla başlayır. Sonradan musiqini bir qədər tənzimləyərək bəzən, eyni zamanda, bir-birindən tamamilə fərqli iki səs çıxara bilirlər.

«Onların bunu necə etdiyini bilmirik. İnsanlar bunu edə bilmir, ancaq bəzi quşlar edə bilir», – Stafford deyir.

Sirakuza Universitetinin biologiya professoru Susan Parks bu tədqiqatı qütb balinalarının heyrətamiz yenilik və çeşid sərgiləyən mahnılarının öyrənilməsi sahəsində «irəliyə doğru nəhəng addım» adlandırıb.

«Bu tədqiqatın ortaya çıxardığı siqnal tiplərinin müxtəlifliyi belə düşünməyə əsas verir ki, qütb balinalarının musiqilərində tamamilə fərqli proseslər gedir», – deyə Parks qeyd edib.

Stafford çox vaxt öz mobil telefonunda ən çox bəyəndiyi balina mahnılarını dinləyir. O, qütb balinalarının əsl təqlid ustası olduğunu, hətta buzun səsini belə təqlid edə bildiklərini deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG