Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01

Cahangir Hacıyevin ikinci işi məhkəməyə göndərilib


Cahangir Hacıyev

"Azərbaycan Beynəlxalq Bankı" açıq səhimdar cəmiyyətinin (ASC) keçmiş sədri Cahangir Hacıyevə və keçmiş deputat Dünyamin Xəlilova yeni ittihamlarla bağlı ibtidai istintaq yekunlaşıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatında belə yazılır.

Məlumatda vurğulanır ki, bundan əvvəl Hacıyev iqtisadi cinayətlərdə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, bəzi məsələlər üzrə iş ayrıca icraata götürülüb, Cahangir Hacıyevə və daha bir çox şəxsə əlavə ittihamlar irəli sürülüb.

Birgə məlumata görə, araşdırma zamanı Hacıyevin göstərişi ilə qanunsuz veksel ( borca görə öhdəlik) əməliyyatları həyata keçirildiyi ilə bağlı əsaslı şübhələr yaranıb. Xüsusən, başqa ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslərlə ümumilikdə 3,4 milyar dollar və 987 milyon avro məbləğində real dəyəri olmayan veksellərin alışı-satışı haqqında müqavilələr bağlandığı bildirilir.

“Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir”,deyə qeyd edilən məlumatda vurğulanır ki, istintaq Hacıyevi və daha 20-dən çox şəxsi birlikdə 4,7 milyard manatı mənimsəməkdə ittiham edir.

İstintaq həmçinin, “C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edildiyini” bəyan edir.

Yuxarıda qeyd edilənlərlə əlaqədar Hacıyevə qarşı böyük məbləğdə pulun mənimsənilməsi, cinayətkar yolla əldə edilmiş vəsaitin leqallaşdıırılması, vergi ödənişindən yayınma və s. maddələrlə ittihamlar irəli sürülüb.

Məlumatda vurğulanır ki, Xəlilov və digər 20 şəxs mənimsəmədə ittiham olunur. İş üzrə istintaq yekunlaşıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırlatma

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dəyərdə kreditlərin götürülüb mənimsənilməsində suçlanır.

C.Hacıyev özünü təqsirli bilmir.

Keçmiş deputat Dünyamin Xəlilov isə ötən il 13 il həbs cəzası almışdı. Keçmiş deputat mənimsəmə, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları üzrə mühakimə olunub.Beynəlxalq Bankın səhimdarı olan keçmiş deputatın C. Hacıyevin qohumu olduğu bildirilir.O da ittihamı qəbul etmirdi.

Multimedia

XS
SM
MD
LG