Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:49

C.Hacıyevin bacısı: 'Qardaşımı acından öldürmək istəyirlər'


C.Hacıyev
C.Hacıyev

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı deyir ki, qardaşına təcridxanada aclıqla işgəncə verirlər və ona qarşı qanunsuz hərəkətləri də prezidentin adından edirlər. Amma Əminə Hacıyeva prezidentin belə cılız işlərlə məşğul olduğuna inanmır. Bu barədə o, sentyabrın 24-də prezident İlham Əliyevə ünvanladığı məktubunda yazıb.

Ə.Hacıyevanın bildirdiyinə görə, sentyabrın 12-dən qardaşına aparılan yemək, bağlamalar qəbul edilmir. Ona görə də qardaşı ac qalır.

«Son zamanlar qardaşım Cahangir Hacıyevlə bağlı qanunsuz hərəkətlər, məhdudiyyətlər o həddə çatıb ki, heç düşmən həbsdə olan şəxsə belə davranmaz. Faktiki, qardaşımı ac saxlayıb, ona işgəncə verirdilər. Sentyabrın 19-da növbəti dəfə yemək aparanda dedilər ki, guya özü ərizə yazıb, imtina edib. Ona görə biz vəkil Aqil Layıcovdan xahiş etdik ki, gedib onu aclıq aksiyası keçirmək fikrindən daşındırsın. Ancaq vəkil görüşəndə məlum oldu ki, Cahangir Hacıyev yeməkdən imtina barədə ərizə yazmayıb, onu cəza olaraq, aclığa məhkum ediblər», - Ə.Hacıyeva məktubunda yazır.

«Onu bir daha cəzalandırmaq planı qurulub»

O, baş verənlərə görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini günahlandırır. Qardaşının bu şəkildə cəzalandırılmasının səbəbinə gəlincə, bildirir ki, C.Hacıyev bu idarədə istintaqı tamamlanan, haqqındakı yeni cinayət işinin materiallarıyla tanış olmalıdır. Ona hər cildi 300 səhifədən ibarət olan 360 cildlik işi oxumaqdan ötrü bir neçə gün vaxt veriblər. Keçmiş bankir də işin həcminin böyüklüyünü əsas gətirib, daha çox vaxt istəyib, işlə tanış olmaq hüququnun təmin olunmasında israr edib.

«...Bir dəfə göstəriş gəldi, digər vəkilimiz Fəxrəddin Mehdiyevin fəaliyyətini dayandırdılar, Aqil Layıcova isə töhmət verildi. İndi onu bir daha cəzalandırmaq planı qurulub. Bütün bunların məsuliyyəti də ölkə başçısının üzərinə atılır. Sual verirəm, ölkə başçısımı deyib, qardaşımı ac saxlayın?! Ölkə başçısımı deyib ki, vəkil Aqil Layıcovu cəzalandırın?! Ölkə başçısının işi-gücümü qurtarıb ki, belə cılız addımların arxasınca düşsün?! Bunun bir adı var, qardaşımı vəkilsiz qoyub, öz istədikləri vəkilləri təyin edib, onu orada acından öldürmək...», – Ə.Hacıyevanın sözləridir.

Penitensiar Xidmətdən isə AzadlıqRadiosuna bildirilib ki, C.Hacıyevin hüquqlarının pozulması barədə iddialar həqiqətəuyğun deyil: «Qanunvericilikdə başqa məhkumlar üçün hansı hüquq və vəzifələr nəzərdə tutulubsa, ona münasibətdə də eyni cür davranılır. Bizim üçün onun digər məhkumlardan fərqi yoxdur».

Xatırlatma

2015-ci ilin dekabrında həbs edilən C.Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və başqa əməllərdə suçlanaraq, 15 il azadlıqdan məhrum edilib. Ancaq o, ittihamları qəbul etmir.

C.Hacıyevdən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib.

Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. (Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir). Bundan əvvəl isə ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG