Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:07

Cəza üstünə cəza alanlar


Hazırda həbsdə olan AXCP-çilər - Seymur Həzi və İlham Hüseyn
Hazırda həbsdə olan AXCP-çilər - Seymur Həzi və İlham Hüseyn

Son günlər saxlanıb inzibati qaydada cəzalandırılan müxalif fəalların təkrar məhkəmələrlə həbs müddətlərinin artırılması halları baş verməkdədir.

Artıq Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi və daha bir neçə fəalın həbs müddəti 15 gün artırılıb.

Əsasən polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan bu şəxslərin Milli Şuranın mitinqləri ərəfəsində saxlandıqları bildirilir.

F.Ağayev
F.Ağayev

Hüquqşünas: «Bu, hüquqi nonsensdir»

Hüquqşünas, vəkil Fuad Ağayev deyir ki, qanuna əsasən, inzibati işlər üzrə qərardan hər iki tərəf şikayət verə bilər: «Seymur Həzinin işindən polis rəisi şikayət verib. Amma S.Həzinin işi üzrə çox qəribə vəziyyət yaranıb. Onun işinə apellyasiya qaydasında vəkilinin şikayətinə əsasən artıq baxıldıqdan sonra yeni bir şikayət əsasında ikinci dəfə baxılıb. Eyni məsələyə apellyasiya qaydasında təkrar baxılması, bir tərəfdən, hüquqi nonsensdir. Digər tərəfdən isə, burada söhbət müddət məsələsindən gedir. Belə çıxır ki, bir gün əvvəl Bakı Apellyasiya Məhkəməsində həmin işə baxanda polis rəisinin şikayəti olmayıb...».

Başqa bir vəkil Nemət Kərimli də deyir ki, aksiyada saxlanılanlara, əsasən, polisin qanuni əmrinə tabe olmamaqla bağlı cəzalar verilib. Amma müdafiə tərəfi düşünür ki, onlar siyasi fəaliyyətlərinə görə cəzalanıblar:

N.Kərimli
N.Kərimli

«Burada cəza başqalarına görk olmaq məqsədi daşıyır»

«Sonradan bu cəzaların müddətinin artırılması, cəzanın sərtləşdirilməsi əhalinin gözünü qorxutmaq, görk etmək üçün tətbiq olunur. Cəzanın iki məqsədi var - bir insanın əməlinə görə cəzalandrılması, bir də bu cəzanın başqalarına görk etmək üçün verilməsi. Burada məhz cəza başqalarına görk olmaq məqsədi daşıyır».

N.Kərimli vurğulayır ki, həm Milli Şura, həm də Müsavat Partiyası növbəti mitinqlərini elan edib: «Məncə, bu, inzibati cəzalar da həmin bu aksiyalara hesablanmış addımlardır».

Deputat: «Hakimiyyət haqlıdır...»

Deputat Zahid Oruc isə hesab edir ki, siyasi qüvvələr arasında sərbəst toplaşmaq azadlığına baxışda konsensus yoxdur. Onun sözlərinə görə, bu aksiyalarda təhlükəsizliyinin təminatı, kommunikasiyanın qorunması və başqa məsələlər baxımından onun uzlaşdırılması tələbində hakimiyyət haqlıdır.

Z.Oruc
Z.Oruc

Deputatın fikrincə, amma müxalifət uzlaşdırma ilə razılaşmaq istəmir: «Bu, müxalifətin XX əsrin 90-cı illərindəki ab-havanı bu günə gətirmək istəyidir».

Z.Oruc hesab edir ki, saxlanan bəzi insanların inzibati cəza müddətinin artırılmasına gəlincə, burada mənzərəni hüquqi cəhətdən təhlil etmək o qədər də çətin deyil: «Orada hər bir şəxsə şiddət dərəcəsindən, müqavimət səviyyəsindən asılı olaraq yanaşma edilib. Böyük əksəriyyət etirazçılar və ya aksiya məkanına təsadüfi gələnlər həmin günü azad olunublar. Bu adamların, yəni indiyə kimi saxlanılanların və cəzaları artırılanların məsuliyyətini isə AXCP sədri Əli Kərimli daşıyır. Hesab edirəm ki, o, cavab verməlidir ki, bilə-bilə ki, bu məkan mitinq meydanı deyil, bu insanlar hər hansı bir şəraitdə bu meydandan uzaqlaşdırılacaqlar, fəaliyyətlərinə qiymət veriləcək, onları niyə bura səsləyirdi».

Xatırlatma

Milli Şura bundan əvvəl oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Sonradan onlardan 30-a yaxın şəxsə inzibati həbs cəzası verildiyi açıqlanıb.

Aksiya öncəsi də saxlananlar olub. Onlardan da bəziləri inzibati həbslər alıb. Aksiya günü Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG