Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:30

Xəstə məhkumların yaxınları narahatdır


"Məhbuslar arasında heç bir ayrı-seçkilik edilmir"
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

"Məhbuslar arasında heç bir ayrı-seçkilik edilmir"

Gəncə hadisələrinə görə həbs olunanlardan Riya Nuruzadənin yaxınları onun virusa yoluxmasından ehtiyatlanır. Bu haqda AzadlıqRadiosuna danışan ailə üzvləri iddia edir ki, 33-yaşlı R.Nuruzadə bir neçə gündür xəstədir, amma ona lazımi tibbi yardım göstərilmir.

«Neçə gündür ki, Riya xəstədir. Temperaturu yüksəkdir. Virusun yayıldığı bir vaxtda ona görə çox narahatıq. Müayinə, müalicə də yoxdur. Başqa məhbuslarla birlikdə, eyni yataqxanada qalır. Qadağalara görə gedib görə də bilmirik», – ailə üzvləri belə deyir.

Vurğulayırlar ki, koronavirusun əlamətlərindən biri də temperaturun yüksəlməsi olduğundan daha çox narahatdırlar.

33-yaşlı R.Nuruzadə 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Həbsdə olan AXCP fəalı Babək Həsənovun yaxınları da iki gün öncə oxşar durumdan şikayətlənirdi. Qardaşı Cavid Həsənli AzadlıqRadiosuna bildirmişdi ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində B.Həsənovla yanaşı, daha bir neçə məhkum da qızdırmadan, xəstəlikdən əziyyət çəkir. C.Həsənli də koronavirusa yoluxmadan ehtiyatlandıqlarını vurğulayırdı.

«Bizim də marağımızdadır»

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, məhkumlar arasında koronavirusa yoluxma halı yoxdur. Onun sözlərinə görə, Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə virusa qarşı mübarizə məqsədilə bütün lazımi tədbirlər görülüb.

Keçmiş məhbus: "Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır"
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Ehtiyacı olduğu halda, məhkumlara tibbi yardım göstərilməməsinə gəlincə, M.Sadıqov bu haqda səslənən iddiaların da həqiqətəuyğun olmadığını vurğulayıb: «Əksinə, bütün məhkumların sağlam olması Penitensiar Xidmət olaraq, bizim də marağımızdadır. Cəzaçəkmə müəssisələrində Tibb Baş İdarəsinin həkimləri kimliyindən asılı olmayaraq, ehtiyacı olan bütün məhkumlara lazımi tibbi yardımı göstərirlər».

B.Həsənovun vəkili Cavad Cavadov da AzadlıqRadiosuna bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin durumunu özü görməkdən ötrü martın 29-da 6 saylı Cəzaçəkmə Müəssisəsinə gedib. B.Həsənovla görüşdüyünü vurğulayan vəkilin sözlərinə görə, müvəkkili koronavirusla əlaqədar test olunub. Onda virus aşkarlanmayıb.

«Babək Həsənov zahirən də gümrah idi. Dedi ki, hazırda narahatlığı yoxdur. Temperaturu da normadadır. Düzdür, bir neçə məhbusda yüksək hərarət olub. Onların da hamısı müəssisədəki tibbi-sanitar hissəyə köçürülüb, lazımi yardım göstərilib. Babək Həsənovla yarım saat təkbətək görüşümüz oldu. Bunları da mənə özü dedi. Yəni, 6 saylı Cəzaçəkmə Müəssisəsində virusla bağlı narahatlığa əsas yoxdur», – vəkil C.Cavadov belə deyir.

Xatırlatma

Riya Nuruzadə 2018-ci il iyulun 10-da Gəncədə keçirilən etiraz aksiyasında iştirakda təqsirləndirilərək həbs olunub. O, iğtişaşların təşkili və polisə müqavimət ittihamları ilə 5 il 5 ay azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsi cəza müddətini 2 il 6 aya endirib. Bu müddətin başa çatmasına təxminən 9 ay qalıb. O, özünü təqsirli bilmir. Həmin gün Daşkəsənə dostlarıyla gəzməyə getdiyini, günorta (aksiya başlamamışdan 4-5 saat öncə) Gəncədə kafedə nahar edərkən polislərin onları saxlayıb, idarəyə apardığını bildirib.

Qarabağ döyüşçüsü olan Babək Həsənov isə 2018-ci il mayın 25-də partiyanın digər funksionerləri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.

S.Rüstəmov həmin il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu V.Rüstəmli də eyni ittihamla saxlanıb. Bundan sonra - mayın 25-də AXCP funksionerləri tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamada vurğulanıb ki, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu «qurama iş» adlandırıb.

XS
SM
MD
LG