Keçid linkləri

Təcili xəbərlər
2023, 10 İyun, şənbə, Bakı vaxtı 08:18

'Cəzaçəkmə müəssisəsindəki dükanda artıq nisyə yemək vermirlər'


Həbsxana

Müsəlman Birliyi Hərəkatının fəalı, 15 saylı Cəzaçəkmə Müəssisəsində üç gündür aclıq etdiyi bildirilən Sahil Rzayev aksiyanı dayandırıb. Bu barədə AzadlıqRadiosuna onun anası Səidə Rzayeva məlumat verib.

Anası bildirib ki, aprelin 7-də oğlunun aclıq etməsi barədə xəbər ictimailəşəndən sonra məsul şəxslər duruma müdaxilə edib: "Sahil əz əvvəl zəng elədi. Bildirdi ki, məsul şəxslər onunla əlaqə yaradıb, problemlə maraqlanıb. Danışıqlardan sonra problemin mümkün qədər həllinə söz veriblər. O da aclığı dayandıracağını deyib. Bizə də dedi ki, aclığı dayandırır".

+++

Müsəlman Birliyi Hərəkatının həbsdə olan fəalı Sahil Rzayevin dörd gündür ki, aclıq etdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna onun anası Səidə Rzayeva danışıb.

S.Rzayeva deyir ki, oğlu heç bir günahı olmadığı halda dörd ildən çoxdur həbsdədir. S.Rzayevin səhhətində ciddi problemlər olduğunu vurğulayan anasının sözlərinə görə, onun yaxşı qidalanmaya ehtiyacı var. Amma koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bir aydır ki, Azərbaycanda həbs yerlərinə sovqat qəbulu, görüşlər dayandırılıb. S.Rzayeva bildirir ki, bu qadağadan sonra məhbusların qidalanmasında kəskin problemlər yaranıb:

"Sahil günahsız həbsdə saxlanmasına etiraz olaraq aclıq edir. Onun saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində kiçik dükan var, oradan nisyə yemək alırdılar, sonra pulunu ödəyirdilər. Son 3-4 gündə artıq ora da nisyə vermir. Çox pis vəziyyət yaranıb. Xəstə adamdır, yeməyə ehtiyacı var. Məhbuslara pulsuz verilən yemək də keyfiyyətsizdir. Dörd ildən çoxdur ki, bu adam zülm çəkir. Adamı yandıran odur ki, heç bir günahı olmadığı halda o, bu qədər işgəncəyə, zülmə məruz qalır".

S.Rzayeva oğlu ilə sonuncu dəfə aprelin 6-da telefonla danışdığını söyləyir. Onun sözlərinə görə, Sahil aclıq etsə də, cəzaçəkmə müəssisəsindəki yataqxanada digər məhkumlarla birlikdə saxlanılır: "Mənimlə sonuncu dəfə telefonla danışanda vəziyyəti çox pis idi. Dedi ki, başağrısı və titrəmələri vardı. Üç dəqiqəlik danışığımız oldu, kəsildi. Hətta qorxdum ki, bəlkə huşunu itirdi, ona görə telefon danışığı kəsildi".

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, S.Rzayevin aclıq etməsi barədə onda informasiya yoxdur. Deyilənləri araşdırıb, bu barədə məlumat verəcək.

Xatırlatma

2015-ci il noyabrın 5-də - Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov saxlandığı gün bir qrup şəxs onun həbsinin səbəbini öyrənmək üçün Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedib. Onların arasında Sahil Rzayev də olub. Sonradan həmin şəxslərin özləri, o cümlədən S.Rzayev haqqında da cinayət işi başlanıb. O, CM-in 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya iştirak) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələriylə suçlanaraq, 6 il 6 ay azadlıqdan məhrum edilib.

S.Rzayev Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun məhkəməsində dindirilərkən bildirmişdi ki, ilahiyyatçının əleyhinə şahid kimi ifadəyə imza atması üçün ona işgəncə verilib.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını rədd edir, bu barədə səslənən fikirlərin həmin şəxslərin məsuliyyətdən yayınmaq cəhdi olduğunu bildirir.

Müsəlman Birliyi Hərəkatının sədri T.Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onlar terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa ağır suçlamalarla uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Lakin hərəkat üzvləri bu ittihamları qəbul etmirlər, hakimiyyətin siyasətini açıq tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Azərbaycan rəsmiləri də, bir qayda olaraq, ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını vurğulayırlar.

XS
SM
MD
LG