Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 16:50

Cəbhəçinin evinə baxış başa çatıb 


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlimovun evinə baxışın başa çatdığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Emil Səlimovun özü məlumat verib.

Emil Səlimov bildirib ki, o yanvarın 12-də 4 saatdan çox Baş Prokurorluğunun İstintaq İdarəsində dindirilib:

"Məni həbsdə olan AXCP üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi ilə bağlı şahid qismində çağırıblar. Saat 20:00-a qədər dindirildim, məndən ifadə alındı. Daha sonra Niyaməddin Əhmədovun işi ilə bağlı evimdə qanunsuz əşyanın olacağı ilə bağlı, ehtimal əsasında axtarış aparılıb. Təbii ki, heç nə tapmadılar və məni sərbəst buraxıb, gediblər. Mənə bildirildi ki, mobil telefonum açıq olmalıdır, hər an yenidən çağırıla bilərəm".

Emil Səlimov qeyd edib ki, istintaq hərəkətləri zamanı ona heç bir təzyiq göstərilməyib.

Bu deyilənlərə də, hələlik, Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

Nə baş vermişdi?

Bundan əvvəl verilən xəbərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlimovun evində Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşlarının baxış keçirdiyi deyilirdi.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, Emil Səlimov bugün, yanvarın 12-də Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb:

"Emil bəyi AXCP sədri Əli Kərimlinin həbsdə olan ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun işi ilə bağlı şahid qismində çağırıblar. Saat 16:00-da Prokurorluğa gələn Emil Səlimov saat 20:10-da ağ rəngli avtomobillə binadan çıxdı və qurumun binasının önündə olan partiya yoldaşlarına bildirdi ki, gedirlər evə baxış keçirməyə".

Bu deyilənlərə, hələlik, Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

Niyaməddin Əhmədov cinayət məcəlləsinin (CM) 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham olunur.

O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edən Qabil Məmmədovla əlaqədə ittiham olunur.

Prokurorluq iddia edir ki, Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə Niyaməddin Əhmədova pul göndərib.

CM-in 214-1 maddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

İddiaları ittiham olunan tərəflər qəbul etmir. AXCP də bu ittihamın absurd olduğunu bəyan edib. Niyaməddin Əhmədovun həbsini isə partiyaya və Əli Kərimliyə təzyiqlərin davamı kimi qiymətləndirib.

Hakimiyyət rəsmiləri isə bir qayda olaraq vurğulayırlar ki,ölkədə dinc, siyasi fəaliyyətlə məşğul olan müxalifət partiyalarına təzyiqlər edilmir.

Şərhlər

Multimedia

XS
SM
MD
LG