Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

'Anası xəstə adamdır, 8 aydır uşağının səsini eşitmir'


N.Əhmədov
N.Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Niyaməddin Əhmədovun ailəsi 8 aydan çoxdur ki, onunla əlaqə saxlaya bilmədiklərini bildirir. Atası Arif Əhmədov AzadlıqRadiosuna bildirib ki, oğlunun ailə üzvləri ilə həftədə iki dəfə telefon danışığı, bir dəfə də görüş hüququ hələ də təmin olunmur. Onun sözlərinə görə, əlində prokurorluğun məktubu da var, amma yenə də qadağa aradan qaldırılmır.

"Prokurorluq məktub verdi ki, daha telefon və görüş qadağası yoxdur. Həmin məktubu Kürdəxanı təcridxanasına apardım. Oradan dedilər ki, Penitensiar Xidmətə apar ver, bizə razılıq məktubu göndərsinlər. Penitensiar Xidmətə getdim, dedilər ki, koronavirusa görə qəbul yoxdur, poçtla göndər. Bir aydan çoxdur poçtla göndərmişəm, hələ də cavab yoxdur. Anası xəstə adamdır, 8 aydır uşağının səsini eşitmir", – A.Əhmədov bildirib.

Oğlunun siyasi göstərişlə həbs olunduğunu deyən A.Əhmədovun sözlərinə görə, bir müddət əvvəl Niyaməddinə qanunlardan ibarət bir neçə kitab aparıblar. Amma təcridxanada həmin kitabları qəbul etməyib, geri qaytarıblar: "Konstitusiya, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəllə, Məhəmməd Əmin Rəsulzadəyə aid kitablar idi. Axı bunlar qadağan olunmuş kitablar deyil, niyə buraxmayıblar, bilmirəm".

"Müəssisələrdə kitabxanalar zənginləşdirilir"

N.Əhmədovun vəkili Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin telefon danışığı və görüş hüququnun məhdudlaşdırılmasıyla əlaqədar iki dəfə Sabunçu rayon Məhkəməsinə (Bakı İstintaq Təcridxanası bu rayonun ərazisində yerləşdir-red.) şikayət edib. Amma məhkəmə ikinci dəfə də şikayətə mahiyyəti üzrə baxıb araşdırmaqdan imtina edib. Şikayətin geri qaytarılması haqda qərar belə əsaslandırılıb ki, N.Əhmədova qarşı hüquq pozuntusunun baş verdiyini təsdiqləyən sənəd yoxdur. Vəkil Sabunçu rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verib.

Təqsirləndirilən və ya məhkum edilmiş şəxslərin yaxınları ilə telefon danışığı və görüş hüququ "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanunda nəzərdə tutulub. Qanunun 19-cu maddəsində yazılıb ki, həbs edilmiş şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək telefonla danışmaq hüququna malikdirlər.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna bildirilib ki, bu qurumun tabeliyindəki müəssisələrdə saxlanılan təqsirləndirilən və ya məhkum edilmiş bütün şəxslərin hüquqları qanunauyğun şəkildə təmin olunur. Kitabların geri qaytarılmasına gəlincə, qeyd olunub ki, Penitensiar Xidmət özü də həbs yerlərində saxlanılan şəxslərin kitab oxumasını təşviq edir: "Bu məqsədlə müəssisələrdə kitabxanalar zənginləşdirilir, kitabların sayı artırılır. Qadağan olunmuş ədəbiyyat siyahısında adı olmayan kitabların çatdırılmasında heç bir problem yoxdur".

Xatırlatma

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş N.Əhmədova qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Q.Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə N.Əhmədova pul göndərib.

CM-in 214-1 maddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AXCP də bu ittihamın absurd olduğunu bəyan edib, N.Əhmədovun həbsini isə partiyaya və Ə.Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

N.Əhmədov özü də həbs qərarı verilərkən məhkəmədə deyib ki, onu Ə.Kərimlinin mühafizəçisi olduğuna görə həbs ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG