Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:45

Cəbhəçini həbsdən buraxmamağın səbəbi: 'Tərs və təkəbbürlüdür...'


O.Baxışlı
O.Baxışlı

AXCP Gənclər Komitəsinin həbsdə olan fəalı Orxan Baxışlı saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən məntəqə tipli müəssisəyə köçürülmək istəyir. Məhkəmələr isə onun bu istəyini təmin etmir. Bu barədə qərarlarında da cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun haqqında yazdığı rəyə istinad edirlər.

O.Baxışlı öncə Qaradağ Rayon Məhkəməsinə ərizə vermişdi. Lakin bu məhkəmə sözügedən rəyi əsas götürüb, onun məntəqə tipli müəssisəyə köçürülməsini uyğun saymamışdı.

14 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi rəydə yazır ki, O.Baxışlı səmimi deyil, tərs və təkəbbürlüdür. Məhkəmə hökmündə cəza ilə yanaşı, onun üzərinə ekspertiza xərcini (narkotiklə bağlı ekspertiza-red.) ödəmək öhdəliyi də qoyulub. Cəbhəçi fəalın o xərci ödəməməsini, narkotik ittihamını qəbul etməməsini, özünü təqsirli bilməməsini rəhbərlik onu xarakterizə edən mənfi hallar kimi qeyd edib. Rəydə həmçinin yazılıb ki, O.Baxışlı cəzaçəkmə müəssisəsində mədəni, kütləvi tədbirlərdə iştirak etmir; fərdi tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarmır; islah yoluna qədəm qoymayıb.

«Səmimilik necə olur?..»

Dekabrın 25-də Qaradağ Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılarkən O.Baxışlının vəkili Zibeydə Sadıqova sözügedən rəyə etiraz edib: «Səmimilik necə olur? Kim və necə müəyyənləşdirir bunu? «Tərs və təkəbbürlüdür» - bu nə deməkdir? Yazıblar ki, cinayəti etiraf etmir. Bu, birbaşa İnsan Hüquqlarının Müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı (ədalətli mühakimə hüququ) maddəsinin pozuntusudur. İttihamı qəbul edib-etməmək şəxsin hüququdur, onun əleyhinə istifadə oluna bilməz. Bu halda isə faktiki Orxan Baxışlının əleyhinə istifadə olunub».

Vəkil əlavə edib ki, O.Baxışlı təhsilini davam etdirmək istəyir, cəzaçəkmə müəssisəsində də mütaliə ilə məşğul olur. Ona bu şərait yaradılmalıdır.

O.Baxışlı özü də şikayətinin təmin olunmasını istəyib.

Lakin Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası da ona «yox» deyib.

O.Baxışlının ailə üzvləri AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə şikayət verəcəklər: «Orxan ona təyin edilmiş 3 illik cəzanın yarısını artıq çəkib. Yəqin ki, yaxın vaxtlarda bu əsasla da vaxtından əvvəl şərti azadlığa buraxılması üçün yenidən müraciət edəcəyik».

Xatırlatma

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı ötən il mayın 6-da saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. O, CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsiylə 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirib.

Gənc fəal ittihamı rədd edir, narkotiki cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun qətlində hakimiyyəti günahlandırmışdı.

Rəsmilər isə dəfələrlə bəyan ediblər ki, Elmar Hüseynovun qətlində günahkar olan şəxslərin tapılmasında maraqlıdırlar. Onlar bu qətlə görə hakimiyyətin günahlandırılmasını əsassız sayırlar.

E.Hüseynov 2005-ci ildə qətlə yetirilib. Qatil və ya qatillər hələ də tapılmayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG