Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:37

Cəbhəçilərə görə Azərbaycan cərimələndi


Cabbar Savalanlı

Yanvarın 14-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərinin işləri ilə bağlı qərarını elan edib.

Bu barədə Azadlıq Radiosuna hüquqşünas Xalid Ağaliyev məlumat verib.

Onun dediyinə görə, AXCP üzvləri Turan İbrahimovun və Cabbar Savalanlının işlərində AİHM Konvensiyanin 6-cı (1) maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu tanıyıb:

“Hökumət Turan İbrahimə 4100, Cabbar Savalanlıya isə 4350 avro təzminat ödəməlidir. Bu iki işdə müxalif fəallar ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu mübahisələndirmişdilər. Hər iki gənc fəal inzibati qaydada həbs ediliblər. Onlar iddia edirdilər ki, məhkəmə zamanı istədikləri vəkillə müdafiə olunmalarına imkan verilməməsi onların Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alınan hüquqlarına müdaxiləyə səbəb olub.”

Qərara, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Turan İbrahimovu 2016-cı ilin yanvarın 13-də polis saxlayıb, ertəsi gün isə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 7 sutka inzibati qaydada həbs olunub.

Rəsmi ittihama görə, Turan İbrahimov küçədə “ünvansız” söyüş söyməklə ictimai asayişi pozub.

Fəalın özü isə ittihamla razilaşmayaraq, bunu öz siyasi fəaliyyəti ilə əlaqələndirib.

Cabbar Savalanlı isə 2014-cü il, martın 3-də Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə inzibati qaydada 20 sutka həbs olunub.

Cabbar Savalanlı da küçədə telefonla danışarkən təhqiramiz ifadələr səsləndirməkdə, ona irad tutan polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunub. Fəalın özü bu ittihamı qəbul etməyib, saxta adlandırıb.

Cabbar Savalanlı 2012-ci ilin mayında qanunsuz narkotik saxlama ittihamı ilə 2 il yarım azadlıqdan məhrum də edilib və elə həmin ilin dekabrında da əfv olunub.

Şərhlər

XS
SM
MD
LG