Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

1960-cı illərdə sosial şəbəkələrdən yazan vardı


John Brunner
John Brunner

Bəzən fantastik romanlarda gələcəklə bağlı inanılmaz dərəcədə dəqiq proqnozlar verilir. Yazıçı John Brunner-in əsərləri bu mənada heyrətamizdir.

Yazıçı 1968-ci ildə yazdığı «Zənzibarda qalın» (Stand on Zanzibar) romanında 2010-cu ildə həyatın necə olacağını təsvir etməyə çalışır. O, bu gün həyatımızın bir hissəsinə çevrilmiş gəzdirilən (portativ) texnologiya, «Viaqra», videozənglər, eynicinsli nikahlar, marixuananın leqallaşdırılması, kütləvi atışmaların çoxalması kimi məsələləri dəqiqliklə proqnozlaşdıra bilib. Hərçənd, Brunner-in gələcəyin (bugünümüzün) cəmiyyətini dizayn etməsi fikri də inandırıcıdır.

BBC yazır ki, 1934-cü ildə Temza çayının sahilində doğulan Brunner fantastika janrı ilə altı yaşında tanış olub. Herbert George Wells-in 1898-ci ildə yazdığı «Dünyalar müharibəsi» (The War of the Worlds) kitabı yaşına uyğun olmasa da, təsadüfən onun əlinə düşüb. O, kitabı sevə-sevə oxuyub.

30 yaşına çatmamış iki milyon nüsxə kitab satır

Artıq 9 yaşında Brunner fantastikanı təkcə oxumurdu, həm də yazırdı. Bu zaman o artıq Gloop adlı marslının hekayəsini yazmışdı. 4 ildən sonra ilk rədd məktubunu alan Brunner 17 yaşında «Gözətçilər» (The Watchers) adlı ilk hekayəsini çap etdirə bilib. 18 yaşına çatmamış bir Amerika jurnalına ilk hekayəsini satıb. Bu zaman o artıq yazıçılığa fokuslanmaq üçün özəl məktəbi atmış, Oksford Universitetinin stipendiyasından imtina etmişdi.

Brunner ümumilikdə 80 roman və hekayə toplusunun müəllifidir. O, erkən 20 yaşlarında Londonda çıxan bir həftəlik qəzetdə şəxsi elan yerləşdirir və özündən 14 yaş böyük, boşanmış Marjorie Sauer-lə tanış olur. Sauer həyatının sonunadək Brunner-in karyerasında mühüm rol oynayır. O, ərinin biznes meneceri olur və hətta ailənin dolanışığı üçün bağbanlıq da edir. Brunner 30 yaşına çatmamış artıq kitablarının iki milyon nüsxəsi satılmışdı. Ancaq o zaman fantastik romanlar bazarının gətirdiyi gəlir çox az olduğundan ailənin dolanışığı çətin idi.

Brunner-in romanları dövrünün əsas mövzularını əks etdirir: süni zəka, irqçilik, ətraf mühit, kosmik səyahət, yüksək texnologiyalı silahlar… O və həyat yoldaşı Marjorie Nüvə Tərksilahı Kampaniyasının ilk fəal üzvlərindən idilər. Hərəkatın marşının sözləri də Brunner-ə məxsusdur.

1962-ci ildə yazdığı «Qulaq as! Ulduzlar!» (Listen! The Stars!) adlı novellasında portativ media pleyerə bənzər cihazı təsvir edir. 1972-ci ildə çıxan pessimist ruhlu «Quzular yuxarı baxır» (The Sheep Look Up) romanında isə o, ətraf mühitin ifrat çirklənməsi və ekoloji fəlakətdən yazır. 1975-ci ildə yazdığı «Şok dalğasının üstündə» (The Shockwave Rider) romanında o zaman dünyada heç kimin təsəvvür etmədiyi haker-qəhrəman obrazını yaradıb. Bu əsərdə həm də kompüter viruslarının yaranmasından söz açılır. Qeyd edək ki, o dövrün erkən kompüterşünasları kompüter viruslarını prinsipcə qeyri-mümkün hesab edirdilər.

Brunner demək olar bütün dəyərli fantastika mükafatlarını qazanıb. Belə mükafatlardan biri də fantastik roman nominasiyasında Hugo Mükafatıdır. Brunner bu mükafata layiq görülmüş ilk britaniyalıdır.

Sosial media, gen mühəndisliyi

Brunner 2010-cu ilədək dünya əhalisinin sayının 7 milyarda çatacağını bəyan etmişdi. Doğrudan da, 2011-ci ildə dünya əhalisi 7 milyarda çatıb. Onun əsərlərində hökumətlər kimin övlad sahibi olub-olmamasına qərar verir, əhali artımının qarşısını sərt qanunlarla almağa çalışır.

«Zənzibarda qalın» romanında superirqin yaradılması üçün gen mühəndisliyindən istifadə - texnogenetikadan söz açılır. Dövrün oraklı isə Shalmaneser adlı ilk meqabeyin kompüteridir. Romanda sözügedən sosial şəbəkədə media qurumları ən qaynar xəbərlərini yerləşdirir və real vaxtda fanatların rəyini qəbul edirlər.

1967-ci ildə romanın bir hissəsi «New Worlds» jurnalında dərc olunur. Bir köşə yazısı onu «gələcəyin mümkün cəmiyyətini detallı təsvir etmiş ilk roman» adlandırır.

Brunner-in gələcək cəmiyyətində Avropa Birliyinə çox bənzər qurumu görmək olur. Çin Amerikanın əsas rəqibi kimi göstərilir. Bu cəmiyyətdə telefonlar Wikipedia tərzində ensiklopediyaya qoşulur, sənədlər lazer printerlərdə çap olunur, Detroyt əsl ölü şəhərə çevrilib (indi olduğu kimi). Brunner Detroytu həm də yeni musiqi cərəyanının inkubatoru kimi göstərir. Nə qədər qəribə olsa da, onun təsvir etdiyi musiqi 1990-cı illərdə populyar olan real Detroyt texnomusiqisini xatırladır.

Brunner 1995-ci ildə fantastikaya həsr olunmuş konfransda iştirakı zamanı vəfat edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG